Ucarda heyvanlar peyvəndlənib
18 Fevral 2019 17:57 SosialKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) tərəfindən ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir."Olaylar" xəbər verir ki, Ucar Rayon Baytarlıq İdarəsi 2019-cu ilin ilk günlərindən başlayaraq rayonun 1 şəhər və 29 kəndində 13 sahə baytarlıq məntəqəsi vasitəsilə ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan heyvanlar arasında profilaktik peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrasına start verib. Hazırda Ucar rayon Baytarlıq İdarəsi tərəfindən Təzə Şilyan kəndində yerləşən Məzahir Məmmədova məxsus təsərrüfatda lizinqlə alınmış 125 baş damazlıq macar cinsli camışlarda və 83 baş onlardan alınan balalarda qarayara xəstəliyi əleyhinə peyvəndlənmə tədbiri aparılıb. Ümumiyyətlə, cari ilin tədbirləri başlayandan indiyə kimi rayonun ayrı-ayrı şəxsi təsərrüfatlarda saxlanılan 59085 baş iribuynuzlu, 400 baş təkdırnaqlı heyvanda qarayara, 2000 baş həyət itində quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbiri aparılaraq, 15000 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb. İribuynuzlu və təkdırnaqlı heyvanlarda bu tədbirlərin fevral ayının sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.
Fevral ayının 10-dan isə Ucar rayonunda iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı (A,O,"Asiya-1" və Tur-15 tiplərinə qarşı) peyvəndləmə tədbirinə başlanılıb. Artıq 8 min başdan artıq iribuynuzlu heyvanda peyvəndləmə tədbiri aparılıb.Həmçinin rayonda bölgü əsasında quşlarda nyukasıl xəstəliyinə qarşı peyvəndləmə aparılması üçün vaksin verilib və tədbirin aparılmasına başlanılıb.