“Fermer evi”ndə iki elm günü…

Qubanın Timirzayev qəsəbəsində yerləşən "Fermer Evi"ində iki günlük elmi xarakterli təlimlər keçirilib. Kənar müşahidələrim aşağıdakı qənaətləri yaratdı məndə: növbəti təsərrüfat mövsümü qayğıları ilə yaşayan torpaq adamları bu məkanda gülərüzlə qarşılanır, əksəriyyəti gənclərdən təşkil edilmiş kadr heyəti istənilən xarakterli sualları tərəddüdsüz cavablandırır, burada fermerə axtardığı məlumatları çatdırmaq üçün istənilən şərait var. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin Qubadakı regional mərkəzinin yerləşdiyi bu məkan müasir imkanları-interaktiv məlumat lövhələri, təlim və konfrans zalları, ucqar kənd yerlərindən təşrif buyuran torpaq adamlarının istənilən xarakterli suallarını cavablandırmağa hazır olan mütəxəssisləri ilə gündəlik fəaliyyətini qurub. "Fermer Evi" aqrar istehsalın ən mühüm istiqamətləri olan qabaqcıl texnologiyalar, logistika, marketinq, güzəştli dövlət vəsaitlərinə çıxış və digər çoxsaylı istiqamətlərdə məsləhət xidmətləri göstərir. Çox xoşuma gəldi ki, hələ sovet dövründən bağçılıq elminin formalaşdığı Timirzayev qəsəbəsində yerləşən iki elm mərkəzi - Regional Aqrar Elm və İnnovasiya Mərkəzi ("Fermer Evi") və sadə dillə desək, Meyvəçilik Elmi-Tədqiqat İnstitutu müasir çağırışlar əsasında yenidən qurularaq dövrün tələbinə uyğun məsləhət xidmətləri göstərir. Meyvəçilik Elmi-Tədqiqat İnstututunda olarkən gördüm ki, regionun ucqar bölgələrində bağçılıqla məşğul olan kənd adamları dəstə-dəstə tinglərin yetişdirildiyi müasir istixanalara gəlir, yeni tinglərlə bağlı çoxsaylı məsələlərlə maraqlanırlar. Bu gün bütün dünya ölkələri kimi Azərbaycanın aqrar sektoru da effektli aqrar elmi informasiya sistemi qurmağa çalışır. Bu da əbəs deyil, çünki, torpağa bağlı insanların içində yatan pasionar enerjini hərəkətə gətirəməklə daha uzun məsafə qət etmək olar, bu da səmərəli məlumatlandırma sisteminə bağlıdır. Fermerin ənənəvi təsərrüfat vərdişləri ilə müasir biliklər birləşdirilməli, təşəbbüskarlıq artmalıdır. Çin atalar misalı bu iqtisadi modeli daha aydın ifadə edir: "İnsanlara balıq verməkdənsə, balıq tutmağı öyrətmək lazımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31