İçməli suyun keyfiyyəti standartlara uyğundurmu?

Ölkədə əhalinin içməıli suya olan tələbatının qarşılanması, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, işlər görülsə də, lakin suyun keyfiyyəti həmişə aktual olaraq qalır. Məhz bu mənfi tendensiyanın nəticəsidir ki, müəyyən işbazlar mövcud situasiyadan yararlanaraq su filtirləri adı altında insanları aldadır, onların geniş şəbəkə halında satışını həyata keçirirlər. "Azərsu" Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov isə deyir ki, içməli suyun keyfiyyəti məsələsi hazırda nəinki respublikamızda, hətta qlobal məkanda aktuallıq kəsb edir. Onun sözlərinə görə, su təchizatının iki əsas məqsədi var: "Əhalinin içməli suya əlçatanlığına nail olmaq və keyfiyyətli su ilə təminat. Suyun keyfiyyətinə gəlincə, bu sahədə də son illər xeyli işlər görülüb. Əminliklə deyə bilərəm ki, bu gün istər Bakı şəhəri və Abşeron yarımadası, istərsə də regionlarda əhaliyə verdiyimiz içməli sular qüvvədə olan standartlara tam uyğundur. "Azərsu" ASC xidmət təşkilatı olaraq içməli suyun keyfiyyət göstəricilərini daim nəzarətdə saxlayır, eyni zamanda Səhiyyə Nazirliyi içməli suyun keyfiyyətinə dövlət nəzarətini həyata keçirir. 2013-cü ildə Bakı şəhərində istifadəyə verilən Mərkəzi Laboratoriyada ən müasir avadanlıqlar və cihazlar quraşdırılıb. Bu avadanlıqların köməyi ilə həm içməli, həm də tullantı sularının göstəriciləri dəqiq təhlil olunur. Hazırda Mərkəzi Laboratoriyada içməli və tullantı sularının öyrənilən parametrlərinin sayı 110-a çatdırılıb. Halbuki əvvəllər bu parametrlər cəmi 39 idi. Təkcə ötən il laboratoriyada içməli və tullantı sularının 35 min nümunəsi əsasında 174 min parametr təyin edilib və bu göstərici ilbəil artır. Beynəlxalq akkreditasiyadan keçən və dünyanın aparıcı şirkətlərinin təmsil olunduğu səriştəlilik proqramlarına qoşulan Mərkəzi Laboratoriyada aparılan analizlərin nəticələri müvafiq beynəlxalq təşkilatlar və laboratoriyalar tərəfindən də tanınır. Prezident İlham Əliyevin "Azərsu" ASC-nin qarşısında qoyduğu əsas tapşırıqlardan biri bütün ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin olunmasıdır. Bu tapşırıqlara uyğun olaraq "Azərsu" ASC tərəfindən regionlarda içməli suyun fiziki-kimyəvi və mikrobioloji analizi məqsədilə regional laboratoriyaların təşkilinə başlanıb". Səhmdar Cəmiyyətin rəhbəri qeyd edib ki, son illər bölgələrdə yeni su mənbələrinin və su təchizatı infrastrukturlarının istifadəyə verilməsi, həmçinin modul tipli sutəmizləyici qurğuların xidmətimizə verilməsi Mərkəzi Laboratoriyanın yükünü bir qədər artırıb: "Düzdür, istənilən ərazidə analizlər aparmaq üçün səyyar laboratoriyalarımız mövcuddur. Ancaq məsafənin böyük olması, su mənbələrinin sayının gündən-günə artması regional laboratoriyaların yaradılmasını zəruri edir. Qeyd edim ki, Mərkəzi Laboratoriyanın təcrübəsindən istifadə etməklə ölkə üzrə 9 regional laboratoriya yaradılıb. Artıq regional laboratoriyamız lazımi cihaz və avadanlıqlarla, həmçinin reagentlərlə təmin olunub. Burada çalışan işçilərin peşəkarlığının artırılması məqsədilə mütəmadi təlim və treninqlər təşkil edilir. Tam əminliklə demək olar ki, hazırda respublikamızın istənilən yerində analizlərin aparılması üçün  texniki imkanlar mövcudur. Laboratoriyaların coğrafi məkanı elə seçilib ki, Azərbaycanın ən ucqar ərazisində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də daim nəzarətdə saxlamaq mümkündür". Cari ildə qarşıda duran vəzifələrdən də danışan Qorxmaz Hüseynov deyib ki, 2019-cu il üçün planlarımız genişdir: "Artıq ötən ilin sonlarında cari ilin əsas prioritetləri müəyyənləşdirilib və ilin əvvəlindən nəzərdə tutduğumuz işlərin icrasına başlamışıq. Bu ilin birinci yarısında regionlarda tikilən ən böyük sutəmizləyici qurğu - Şəmkirçaysutəmizləyici qurğular kompleksi istismara veriləcək. Sutkalıq məhsuldarlığı 140 min kubmetr təşkil edən qurğu Gəncə, Şəmkir və Samux şəhərlərinin, həmçinin magistral kəmərlər boyu yerləşən kəndlərin içməli su təminatı baxımından müstəsna əhəmiyyətə malikdir. Yeri gəlmişkən, qeyd edim ki, qurğudan adşçəkilən şəhərlərə 27 km uzunluğunda Şəmkirçay-Gəncə və 16 km uzunluğunda Şəmkirçay-Şəmkir magistral su kəmərlərinin tikintisi başa çatdırllıb.  Bu il Ağdaş, Qəbələ, Qax şəhərlərində su və kanalizasiya, Xırdalan və Şəmkir şəhərlərində isə su şəbəkələrinin tikintisi yekunlaşacaq. Eyni zamanda, Daşkəsən, Göyçay və Qəbələ şəhərlərində layihələrin son komponenti olan tullantı sutəmizləyici qurğuların inşası tam başa çatacaq. Bununla yanaşı Pirşağı qəsəbəsinin yaxınlığında Xəzər dənizinin sahilində tikilən müasir tullantı sutəmizləyici qurğu da ilin sonuna qədər tikilib təhvil veriləcək. Eyni zamanda 2019-cu ildə 10-dan çox şəhərdə tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılması nəzərdə tutulur. İslam İnkişaf Bankının krediti və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi layihə çərçivəsində Qazax şəhərində, eləcə də büdcə vəsaiti hesabına Horadiz şəhərində yeni layihələrin icrasına başlanılacaq. Bu il içməli sudan əziyyət çəkən kəndlərdə layihələrin, binadaxili kommunikasiya xətlərinin yenilənməsi və sayğaclaşma işlərinini davam etdirilməsi nəzərdə tutulur. Regional idarələrin və laboratoriyaların yaradılması işləri tam başa çatdırılacaq". Qorxmaz Hüseynov deyib ki, Bakı şəhəri və Abşeron yarımadasında da işlər davam etdiriləcək: "Paytaxtda optimal su təchizatının aparılması məqsədilə magistral xətlərdə yenidənqurma işləri davam etdiriləcək. Bu il bir sıra çoxmənzilli yaşayış binalarında da daxili kommunikasiyaların yenilənməsi nəzərdə tutulur. Bakıətrafı kənd və qəsəbələrdə  mərkəzləşdirilmiş su təchizatı infrastrukturlarının yaradılması işləri də reallaşdırılacaq. Artıq Binəqədi rayonunun Binəqədi qəsəbəsi və Sulutəpə adlanan yaşayış massivində işlərə başlanılıb, Xəzər rayonunun qəsəbələrində tikintiyə hazılıq işləri görülür.  2019-cu ildə müştəri xidmətləri sahəsində də ciddi işlər aparılacaq. Abonentlərin bu xidmətlərdən maksimum istifadə etməsi üçün başladığımız tədbirlərin icrası davam etdiriləcək. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəlməsinə hesablanmış içməli su və kanalizasiya layihələrinin vaxtında və keyfiyyətlə icrası məqsədilə  "Azərsu" ASC-nin çoxminli kollektivi 2019-cu ildə də var qüvvəsi ilə çalışacaq və memarı Ulu öndər Heydər Əliyev olan sosial siyasətə öz töhfəsini verəcəkdir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31