Bələdiyyələrin baxış və iş sistemi dəyişməlidir
18 Fevral 2019 16:48 SosialYerli özünüidarətmə orqanları kimi bələdiyyələr əhalinin problemlərini həll etməlidir
Azərbaycanda bələdiyyələrin xeyli müddət öncə yaradılmasına baxmayaraq hələ du bu qurum yerli özünüidarə orqanı kimi formalaşa biməyib. Hətta bələdiyyələrin fəaliyyətinə inzabi nəzarəti həyata keçirən orqan bu qurumun fəaliyyətində kifayət qədər çatışmazlıqların olduğu qənaətindədir. Qurumun parlamentdə son hesabatı zamanı millət vəkilləri də bələdiyyələrin fəaliyyətindən narazılıqlzrını ifadə ediblər. Millət vəkili, Milli Məclisin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycanda ilk dəfə 1999-cu ildə bələdiyyələrə seçkilər keçirilib və bununla da ölkədə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti, onların formalaşdırılması yönündə ilkin addımlar atılmağa başlanılıb. Ötən illər ərzində də bir neçə dəfə - 2004, 2009 və 2014-cü illərdə bələdiyyə seçkiləri keçirilib və bələdiyyə üzvləri seçiliblər. Qarşıdan isə növbəti - beşinci bələdiyyə seçkiləri gəlir. Bu ilin dekabr ayında yenidən bələdiyyə seçkiləri keçiriləcək. Bu, heç də az müddət deyil. Ancaq həyat göstərir ki, yerlərdə bələdiyyələrin, bələdiyyə üzvlərinin sayı nə qədər az olsa, işin effektivliyi bir o qədər artar. Məsələn, elə Bakını götürək; paytaxtın bir rayonunda 19 nəfər bələdiyyə üzvü var. Bu, çox böyük rəqəmdir. Dünya praktikasında belədir ki, kiçik ərazilərdə bir, böyük ərazilərdə üç-beş nəfər, maksimum beş nəfər bələdiyyə üzvü seçirlər. Onlardan biri sədr seçilir və həmin bələdiyyəni idarə edir. Bələdiyyə sədrləri bəzi ölkələrdə bələdiyyə üzvləri, bəzi ölkələrdə isə seçicilər tərəfindən seçilir. Ona görə belə hesab edirəm ki, Azərbaycan kimi bir ölkədə bu qədər bələdiyyələrə və bələdiyyə üzvlərinə ehtiyac yoxdur.
Millət vəkili qeyd edib ki, hazırda Azərbaycanda 20 minə yaxın bələdiyyə üzvü var: "Bu, həddindən artıq çoxdur. Axı nə ehtiyac var? Hesab edirəm ki, bunu on dəfələrlə azaltmaq lazımdır. Təmsilçilik olmalıdır, amma bu təmsilçilik elə olmalıdır ki, cəmiyyət üçün xeyir gətirsin. Bələdiyyələrin baxış və iş sistemi dəyişməlidir. Məsələn, ilk dövrlər bələdiyyələr formalaşan kimi başladılar tələsik torpaq alveri, digər məsələlərlə məşğul olmağa. Həmçinin, bələdiyyə mülkiyyətinin ona-buna verilməsi, satılması həyata keçirildi. İlk növbədə bunun qarşısı tam şəkildə alınmalıdır.İndi Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə nəzarət orqanı, Bələdiyyələrlə İş Mərkəzi mövcuddur. O cümlədən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektoru var. Onların köməyi ilə bələdiyyələri yerli özünüidarətmə orqanları kimi öz mülkiyyətlərindən düzgün şəkildə istifadə edib, daha çox gəlir əldə etməsinə, əhalinin müəyyən problemlərinin həll olunmasına yönəltmək lazımdır. Bələdiyyələr bu istiqamətə yönləndirilməlidirlər.Çünki belə olmadığı təqdirdə çox böyük problemlər ortaya çıxır. Misal üçün, örüş yerləri məsələsi. Neçə illərdir ki, bu məsələ ərtafında müzakirələr, mübahisələr gedir, narazılıqlar eşidilir. Hətta bu məsələ bir neçə dəfə parlament müstəvisinə belə gəlib çıxıb. Yəni bu gün əgər biz örüşü kiməsə versək, kiməsə satsaq, növbəti bələdiyyə üçün bələdiyyə mülkiyyəti qalmır kimi söhbətlər hələ də ortadadır. Əslində, bələdiyyələrin kifayət qədər səlahiyyətləri var ki, həm öz problemlərini həll etsinlər, həm də yerlərdə insanların problemlərinin həllinə kömək göstərsinlər. Bələdiyyələrə bələdiyyə məktəbləri, bələdiyyə uşaq bağçaları açmaq, bələdiyyə qəbiristanlıqları yaratmaq, bələdiyyə yolları salmaq və digər səlahiyyətlər verilib. Məsələn, bələdiyyə elektron kitabxanası təşkil etmək olar, sonra müxtəlif klublar, o cümlədən, gənclər üçün klublar və sair yaratmaq mümkündür. Bu işlərə də ola bilər ki, dövlət tərəfindən verilən dotasiyadan və əldə olunan gəlirlərdən müəyyən vəsait ayrılsın. Bundan çəkinmək lazım deyil. Çünki onlar gələcəkdə elə bir gəlir gətirə bilər ki, ömür boyu həm o bələdiyyələrin təminatını həyata keçirər, həm də əhalinin aztəminatlı təbəqələrinə yardım məsələlərində öz rolunu oynayar. Yaxud bələdiyyə parkı salmaq, orada yeməkxana tikmək, çay evi, dondurma satışı məntəqəsi açmaq olar. Bununla yanaşı, dövlət tərəfindən verilən dotasiyaları da bəzi yerlərdə bələdiyyə üzvləri və ya bələdiyyə işçilərinin arasında əməkhaqqı kimi bölürlər. Ancaq əslində, dotasiyalar ona görə verilir ki, müəyyən proqramlar həyata keçirilsin. Həmçinin, digər proqramların həyata keçirilməsi üçün bələdiyyələr özləri layihələr təqdim edə bilərlər. Onlar bu yolla həm xaricdən, həm də daxildən ayrı-ayrı strukturlardan qrantlar ala bilərlər. Demək istəyirəm ki, bütün bunlar hamısı bələdiyyələrin səlahiyyətinə daxildir, bələdiyyələr bu işlərlə məşğul ola bilər. Ən əsası, onlar özləri bu barədə qərar vermək, onu reallaşdırmaq hüququna malikdirlər. Hesab edirəm ki, bələdiyyələr artıq bu istiqamətdə işi qurmalıdırlar. Əgər bu cür güclü fəaliyyətə başlayacaqlarsa, qısa müddət ərzində xeyli işlər görəcəklər və xeyli gəlir əldə edəcəklər". Deputat qeyd edib ki, bu gün yerli icra hakimiyyətlərinin daha çox bələdiyyələrin səlahiyyətlərini mənimsəməsindən, onlara maneçilik törətməsindən tez-tez narazılıqlar eşidilməkdədir. Lakin bunu hamısına şamil etmək düzgün olmasa da, mən də elə onu deyirəm ki, belə hallar var. Amma bu halların aradan qaldırılması üçün bələdiyyələr təkcə şikayətlənməklə, əlavə saləhiyyətlər tələb etməklə, işlərini bitmiş saymamalıdırlar, onlar yalnız öz vəsaitlərini müəyyən layihələrin icrasına yönəltməklə bu kimi xoşagəlməz məsələləri aradan qaldıra bilərlər.
Nurlan