Erkən nikahlar, nikahdankənar evlilik aktual problemə çevrilib
15 Fevral 2019 16:59 SosialFevralın 15-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə "Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu" mövzusunda dəyirmi masa keçirilib. "Olaylar"ın məlumatına görə, komitənin sədri Aqiyə Naxçıvanlı tədbiri açaraq mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, bu tədbir cəmiyyəti narahat edən problemlər və onların həlli yollarının araşdırılmasına həsr edilib. Cəmiyyətin inkişafı, ilk növbədə, ailənin sabitliyindən, rifahından, ailə münasibətlərinin yüksək əxlaqi və mənəvi dəyərlər əsasında təşkilindən çox asılıdır. Ona görə də cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır: "Xalqımız hər zaman ailə dəyərlərini hər şeydən uca tutub və bu, bizim milli adət-ənənəmizə çevrilib. Biz bu qiymətli sərvəti yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirir, gənc nəslin sağlam ruhda tərbiyə olunmasına çalışırıq. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən ulu öndər Heydər Əliyev bu dəyərlərin qorunmasının vacibliyini daim vurğulayırdı".
Qeyd edilib ki, Konstitusiyamızda, qanunlarımızda ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları ilə bağlı xüsusi maddələr əks olunub. Eləcə də 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit edilib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının aradan qaldırılması haqqında Azərbaycan Respublikasının qanunları qəbul edilib. Məişət zorakılığının aradan qaldırılması haqqında Qanunu icra etmək üçün müvafiq qanunvericilik aktlarına əlavələr edilib, yeni normativ hüquqi aktlar qəbul olunub:
"Dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmiz qadın hüquqlarının qorunması üzrə, demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulub. Ailə institutunun möhkəmlənməsi, gender bərabərliyinin təmin edilməsi dövlətimizin diqqətində olan mühüm məsələlərdən biridir. Bu istiqamətdə beynəlxalq hüquqa və ənənələrimizə söykənən hüquqi normativ aktlarımız var. Ancaq ölkəmizdə ailə institutunun formalaşması üçün yaradılan qanunvericilik bazası, aparılan profilaktik maarifləndirmə işlərinə baxmayaraq, təəssüflər olsun ki, bu sahədə hələ də problemlər mövcuddur. Belə ki erkən nikahlar, nikahdankənar evlilik sosial problem kimi bu gün aktual problemə çevrilib. Hazırda cəmiyyətimizi narahat edən ciddi problemdən biri də boşanma hallarıdır". Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov mövzunun aktuallığını vurğulayaraq deyib ki, ailənin möhkəm olması üçün, ilk növbədə, ailə quranlar sağlam olmalıdırlar. 2014-cü ildə Milli Məclisdə Ailə Məcəlləsində böyük əhəmiyyət kəsb edən dəyişiklik edildi. Belə ki, nikaha daxil olan bütün insanlar icbari tibbi müayinədən keçməlidirlər. Boşanmaların sayı haqqında danışan komitə sədri qeyd edib ki, bu gün dünya statistikasında sonsuzluq səbəbindən ailələrin dağılması təxminən 30-35 faiz təşkil edir.