Yanvar ayında "Azərişıq" ASC-yə “ASAN xidmət” vasitəsilə 20 mindən çox müraciət olub

"Azərişıq" ASC 1 saylı "ASAN Kommunal"da tədbir keçirib.

Olaylar.az xəbər verir ki, qurumun perspektiv inkişaf və "ASAN xidmət"lə iş idarəsinin rəisi Elsevər Rüstəmli Azərişiq ASC-nin 1 saylı "ASAN Kommunal" mərkəzindəki fəaliyyətindən danışıb.

Qeyd olunub ki, tədbirin əsas məqsədi Prezident İlham Əliyev tərəfindən ötən il dekabrın 25-də "Sahibkarlara mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" Fərmanda dəyişiklik edilməsidir. 

E. Rüstəmli bildirib ki,  Fərmanın 1.4 bəndinə dəyişiklik edilərək, prosedurların sayı 2-yə, elektrik şəbəkəsinə qoşulma müddəti isə 20 günə endirilib. Əvvəlki qaydaya əsasən, həmin prosedurların sayı 7, elektrik şəbəkəsinə qoşulma müddəti isə 41 gün idi.

Birinci prosedur "ASAN Kommunal", "ASAN Xidmət" mərkəzlərində sahibkarın müraciəti və qoşulma haqqının ödənilməsi, ikinci prosedur isə quraşdırılma və qazıntı işləri yekunlaşdırıldıqdan sonra sahibkarın obyektinə paket sənədin təqdim olunmasıdır. 

Elsevər Rüstəmli qeyd edib ki, ASAN Kommunalda "Azərişıq" ASC tərəfindən göstərilən xidmətlər 15-ə çatıb. 2018-ci ilin yanvar ayından Azərişıq" ASC-yə "ASAN xidmət" vasitəsilə 12 min müracət olmuşdusa, 2019-ci- ilin yanvar ayından müraciət sayı 20 mini keçib.

O bildirib ki, Yanvarda 1 saylı "ASAN Kommunal" vasitəsilə "Azərişıq" ASC-yə 240-dək sahibkar müraciət edib və müraciətlərin 207-si icra olunub. Onun sözlərinə görə, qalan müraciətlər 20 gün ərzində icra ediləcək.

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31