Uçurum
15 Fevral 2019 14:43 SosialZüleyxa NADİR
Bu yaxınlarda facebookda rastıma bir şəkil çıxdı. Profil sahibi Rusiyada yaşayan azərbaycanlı kişidi. Şəkil haqqında yazmışdı: "sonra da deyirlər ki, vətənə niyə dönmürsünüz"? Görünən o ki, şəkildəki rus qızıdı və bizim azərbaycanlı kişinin tanışıdı, ya da heç tanımadığı biridi. Bəlkə də o gənc qadına heç əli də çata bilməz, amma şəklini paylaşmaqla özünün (son zamanlar leksikonumuza daxil olan bir sözlə ifadə edəcəm, bu məqamda yerinə düşən ən doğru ifadədi) "yanıqlığını" gizlədə bilmir. Ən ağrılısı odur ki, paylaşıma şərh yazanlar da profil sahibindən geri qalmır, sözün həqiqi mənasında ağzlarını suyunu axıdır, rus qadınlarını "göylərə qaldırırlar". Üstəlik də bunu yazanlar burda - Azərbaycanda yaşayan kişilərdi.
Doğrusu, bu paylaşım, ona yazılan şərhlər, bir şəklin üzərində aparılan müzakirələr, yerli-yersiz ifadələr məndə heç xoş olmayan, hiss etdiklərimi sözlə ifadə edə bilməyəcəyim bir ağrı yaratdı. Həqiqətən də çox ağrılıdı. Amma azərbaycanlı xanımlar şərəf və əxlaqları, qadınlıq ləyaqətləri ilə başqa millətlərin qadınlarından üstündürlər. Amma "tısbağa qınından çıxıb qınını bəyənmir". Rusiyaya iş dalınca gedən kişilərimizin çoxu geri dönmür. Doğulduqları torpağa arxa çevirir, Azərbaycanı bəyənmirlər. Halbuki illərdi yol gözləyən ana-bacılar, həyat yoldaşları onların bir gün dönəcəklərinə ümid bağlayıblar. Rusiya elə bir bataqlıqdır ki, ora düşənlərin çoxu çıxa bilmir. Rus qadınının "ilgəyinə" düşən azərbaycanlı kişi o düyünü aça bilmir, içindəcə boğulub qalır.
Yüz ildi Azərbaycan qadını Rusiyaya gedən kişisinin yolunu gözləyir. Yüz ildi Azərbaycan kişisi rus qadınını öz xanımından üstün tutur. 70 ildən çoxdu müharibəyə gedib qayıtmayan atalarının yolunu gözləyən övladlar bu gün nənə-babadırlar. 50-60 ildi gözünü əri gedən yollara zilləyən azərbaycanlı qadınlar var. Kəndimizdə bir qadın var idi, əri 1943-ci ildə müharibəyə getmişdi. Böyük Vətən Müharibəsi başlayan il evlənibmişlər. Mustafa cəbhəyə yola düşəndə qızı yeddi aylıqmış. Bir il sonra onun "qara kağız"ını alan Leyli xala bir ömür onun yolunu gözlədi. İnanmadı poçtalyonun gətirdiyi üçkünc kağıza. Düz 74 il qızını inandırmağa çalışıb ki, atası ölməyib, bir gün gələcək. 92 yaşı var idi dünyasını dəyişəndə, nəvə-nəticələri son nəfəsində başının üstündə dayanmışdılar. Dörd il əvvəl əbədi yolçuluğa çıxan Leyli nənə kimi vəfa, sədaqət nümunəsi sərgiləyən azərbaycanlı qadınlar müharibənin ağrı-acısını ərlərinin dönəcəyi ümidi ilə ovundurublar. Onların həyat yoldaşları Rusiya torpaqlarında nataşaların qoynuna girmək üçün getməyiblər. Onlar böyük sovet dövlətini faşizm cəngindən xilas etmək üçün döyüşə yollanıblar. Müharibədə ölənlər rus torpaqlarında əbədi yuxuya gediblər.
Amma bu gün Rusiyaya işləməyə gedənlər məhz "nataşalardan" dolayı dönmürlər. Rus qadınlarını görən kimi vətəndə qoyub getdikləri ailəsini unudurlar. Ana-bacı bir yana, həyat yoldaşı, uşaqları da gözlərində kiçilir. Bir butulka araq qiymətində olan bəzi rus qadınlarının girdabına düşürlər. Demirəm bütün rus qadınları əyyaşdı, dəyərsizdi. Rus millətindən olan ziyalı, elmli, dünyada məşhur olan qadınlar var. Nə də demirəm ki, bütün azərbaycanlı kişilər rus qadınlarının qarşısında əriyirlər. Yox, əlbəttə. Yüz-iki yüz il əvvəl də, bu gün də Rusiyaya gedən xeyli sayda azərbaycanlı kişi var ki, özlərinin gərəkli biznesi, elmi uğurları ilə dünyada məşhurdurlar. Rusiya ərazisində yaşayan həmin kişilər bir gün də olsun öz vətənlərini unutmayıb, azərbaycanlı qadına yuxarıdan aşağı baxmayıblar. Sözüm sosial şəbəkədə rus qadının şəklini payalaşıb geri dönməyəcəyinə haqq qazandıracaq qədər ucuzlaşan azərbaycanlı kişilər haqqındadır.
Əslində bu sual həmişə azərbaycanlı qadınları çox düşündürüb: "kişilərimiz nədən rus qadınlarına meyl edirlər"? Bu məsələdə kişilərin mövqeyi ilə qadınların düşüncəsi arasında yerlə göy qədər fərq var. Kişilərə görə guya rus qadını azərbaycanlının psixologiyasına çox yaxşı bələd olduğu üçün onunla münasibətlərini də bunun üzərində qurur. Azərbycanlı qadın isə özünü daha qürurlu, daha əxlaqlı hesab etdiyi üçün kişi-qadın arasındakı bəzi münasibətləri öz ləyaqətinə qurban verir. Rus qadını üçün əxlaq anlayışı başqadı. O, özünün "əxlaqi azadlığını" heç nəyə dəyişmir. Azərbaycanlı xanım üçün isə bu, bütün dəyərlərdən üstündü, hətta bəzi hallarda kişidən öndədi. Rus qadınının namusu, qeyrəti onun mənəvi azadlığından ucuzdu. Bu ucuzluq siqaret, içki ilə müşaiyət olunanda isə "gündə bir kişi dəyişmək" səviyyəsinə qədər enir. Amma azərbaycanlı xanımın ləyaqət ölçüsü onun ailə dəyərlərinə bağlıdı. Yəni Nataşa ilə Nabat arasındakı fərq dərin bir uçurum yaradacaq qədər qabarıq görünür. Amma bizim bir çox kişilərimiz bu uçurumun rus tərəfindən aşağı düşməyi seçirlər.
150 il əvvəl Mirzə Ələkbər Sabir bu barədə yazıb:
-Tacirlərimiz sonyalara bənd olacaqmış,
Bədbəxt tükəzbanları neylərdin, İlahi?!
Hərçənd dünənki tükəzbanların qız övladları bu gün dəyişiblər, elmli və savadlıdırlar. Yaxşı əməlləri ilə dünyanın hər yerində iz qoyublar, hər sahədə uğurları var. Amma genetik kodla ötürülən üç şey dəyişməz qalıb: qadınlıq əxlaqı, ləyaqət və şərəfi. Bu üç nəsnənin dəyərini bilməyən "tacirlərimiz"i gözləməyin mənası yoxdu. Onların əxlaq və namus anlayışı, şərəf və ləyaqət ölçüsü rus qızının şəklini sosial şəbəkədə paylaşmaqdan irəli gedə bilməz. Hələ də hansı uçuruma düşdüklərini hiss etmirlər.
Beləsinə əl uzatmağa dəyməz...