Sosial şəbəkələr təhqir və böhtan məkanına çevrilib
15 Fevral 2019 13:08 SosialYeni hüquqi mübarizə mexanizmləri tətbiq olunmalıdır
Müasir dövrdə informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı hər bir ölkədə cəmiyyətin fəaliyyətinə təsir göstərən əsas amillərdən birinə çevrilib. Xüsusən, sərhəd tanımayan, coğrafi məkandan asılı olmayaraq operativ informasiya mübadiləsini təmin edən internet hər bir kəsin gündəlik həyatına daxil olub. Lakin etiraf edilməlidir ki, son zamanlar bu inkişafdan cəmiyyət və dövlətlərin zərərinə istifadənin sayı artıb. Xüsusən, sosial şəbəkələr bəzi hallarda fərdlərin mənəvi terror mənbəyi rolunu oynayır. Elə bu səbədən də sosial şəbəkələrin qapadılması məsələsi gündəmə gəlib. Millət vəkili Naqif Həmzəyev qeyd edib ki, biz azad, demokratik bir ölkədə, cəmiyyətdə yaşayırıq. Ölkə prezidenti özü də dəfələrlə deyib ki, bizdə senzuradan söhbət gedə bilməz: "Ümumiyyətlə, biz müasir dövrün tələblərinə cavab verən bir dövlət qurmuşuq və bu sahədə inkişaf gedir. Ona görə sosial şəbəkələrin bağlanılması, qapadılması bizim imicimizə müsbət heç nə gətirməz. Əslində, bundan söhbət də getmir. Sadəcə, bir müddət öncə qanunvericiliyə dəyişikliklər edildi və biz indi buna müvafiq olaraq sosial şəbəkələrdə yanlış informasiyalar yayan, təhqirlərə yol verən, saxta profillərdən istifadə edən şəxslərin fəaliyyətinə nəzarət mexanizmi üzərində işləməliyik". Millət vəkili sosial şəbəkələrin müsbət tərəflərinin çox olduğunu vurğulayıb: "Ancaq sosial şəbəkələri mənfi tərəfə yönləndirən, xarici qüvvələrin təsiri altında fəaliyyət göstərən, kimlərinsə haqqında yanlış fikirlər yayan, xüsusilə təhqirə, böhtana yol verən şəxslər var ki, onların fəaliyyəti nəzarətə götürülməlidir və xoşagəlməz, qıcıq yaradan hallar aradan qaldırılmalıdır. Çünki sosial şəbəkələr ictimai bir məkana çevrilib. Yəni istənilən şəxs tərəfindən yayılan, səslənən fikir ona məxsus olsa da, hamı tərəfindən izlənilir, oxunur, görülür və ona görə qısa bir müddət ərzində müvafiq nəzarət mexanizmi hazırlamalı, yaratmalıyıq. Bizim üzərimizə düşən vəzifə qanunvericiliyə dəyişikliklər, düzəlişlər etmək idi və bunu da etmişik. İndi aidiyyəti qurumlar həmin dəyişikliklərin tətbiqi, icrası yönündə lazımi işlərlə məşğul olmalıdırlar. Artıq müvafiq tədbirlər görülür, qısa müddət ərzində bu mexanizmlər tətbiq ediləcək. Ümumiyyətlə, digər ölkələrdə bu cür tədbirlər var, filtrləmə işləri həyata keçirilir və neqativ hallar çox asanlıqla aradan qaldırılır. İnanıram ki, bizdə də belə olacaq. Bir vaxtlar bizdə "reket jurnalistika" baş alıb gedirdi. Son dövlərdə onların sayı xeyli azalıb. Yəni qanunvericiliyə dəyişikliklər edildi, nəzarət mexanizmi quruldu, addımlar atıldı və xeyli irəliləyiş əldə edildi. Bu gün əvvəlki kimi "reket jurnalistika", "reket jurnalist"lər yoxdur. Hesab edirəm ki, sosial şəbəkələrlə bağlı lazımi mexanizmlər qurulsa, biz sosial şəbəkələrdən artıq müsbət tərəfdən yararlana bilərik".
Millət vəkili Novruzəli Aslanov qeyd edib ki, Azərbaycan sivil dünyanın tamhüquqlu üzvü kimi internet şəbəkəsinin inkişafına xüsusi diqqət yetirir. Xüsusilə son illərin internetlə bağlı statistikası göstərir ki, respublikada həyata keçirilən tədbirlər internet xidmətlərinin yüksəlməsinə və internet istifadəçilərinin sayının sürətlə çoxalmasına gətirib çıxarıb. İnternetin inkişafı isə informasiya cəmiyyətinin, xüsusilə sosial medianın inkişafı, o cümlədən sosial şəbəkələrdən istifadənin genişlənməsi deməkdir. Azərbaycanda da sosial şəbəkələrin yaratdığı informasiya mübadiləsi imkanlarından bütün sahələrdə səmərəli istifadə olunur: "Lakin bəziləri bundan təhqir və böhtan üçün istifadə edir. Son dövrlər ölkəmizdə də bəziləri tərəfindən sosial şəbəkələrin üstünlüklərindən sui-istifadə edildiyini görürük. Belələri öz sosial şəbəkə hesablarından dövlətə, hakimiyyət orqanlarına qarşı böhtan atmaqla məşğuldurlar. Təəssüf ki, bunların arasında təhqirlərə də yol verilməsi cəmiyyət tərəfindən narahatlıqla qarşılanır, haqlı olaraq insanların narazılığına səbəb olur. Azərbaycan demokratik dövlətdir. Müstəqillik əldə etdikdən sonra respublikamızda demokratik inkişaf istiqamətində mühüm addımlar atılıb, söz, vicdan, sərbəst toplaşmaq azadlığı təmin olunub. Bu gün cəmiyyətimizdə demokratiyanın bütün dəyərləri tam təsbit olunub. İnsan hüquqlarının təmin edilməsi, söz və mətbuat azadlığı müasir Azərbaycanın ən böyük uğurları sırasında yer alır".
Onun bildirdiyinə görə, son vaxtlar ölkəmizdə özünü müxalifət hesab edən bəzi partiyaların tərəfdarları konstitusion normaların ziddinə gedərək sosial şəbəkələr üzərindən dövlət və hakimiyyət əleyhinə siyasi çağırışlar edirlər: "Əlbəttə, hər bir sosial şəbəkə istifadəçisi rastlaşdığı çatışmazlığı tənqid edə, üzləşdiyi neqativ haldan şikayətlənə bilər. Amma rastlaşdığımız odur ki, bəziləri müxalifətçiliyi təhqir və böhtanda, dövlət və hakimiyyət əleyhinə çağırış etməkdə görür. Bu adamlar dövlətimizin uğurlarına sevinmək əvəzinə görülən işlərə qara yaxmaqla məşğul olur, cəmiyyətdə yanlış rəy yaratmağa cəhd göstərirlər. Elədikləri əməllər həm də mənəvi terrora cəhddir. Erməni lobbisinin, onların təsiri altında olan riyakar siyasətçilərin, dövlətimizin uğurlarından qıcıqlanan antiazərbaycançı mərkəzlərin və islamofob dairələrin ölkəmizə qarşı apardıqları qərəzli informasiya müharibəsi son illər daha da intensivləşib. Bu gün sosial şəbəkələrdə təhqiri, söyüşü mübarizə metodu seçənlər, insanları dağıdıcılığa çağıranlar, şaiyə və dezinformasiya yayanlar eyni zamanda həmin antiazərbaycançı mərkəzlərin buyruqlarını yerinə yetirirlər. Siyasi mübarizədə təhqirə yol vermək və böhtan atmaq insan mənəviyyatsızlığının son həddidir. Təhqir etmək həm də sivil qaydada mübarizə apara bilməməyin, zəifliyin göstəricisidir. Bu hərəkətlərə yol verənlər cəmiyyət üçün heç bir müsbət nümunə göstərə bilməzlər". Millət vəkili hesab edir ki, belə halların qarşısını almaqdan ötrü yeni hüquqi mübarizə mexanizmləri tətbiq olunmalıdır: "Bir çox ölkələrdə böhtan və təhqirə görə, sosial şəbəkələr nəzarətə götürülərək ciddi tədbirlər görülür. Azərbaycanda bu sahədə son illərdə müəyyən addımlar atılıb. Belə ki, Azərbaycan Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən böhtan atmağa görə müvafiq məsuliyyət nəzərdə tutulur. Məcəllənin 148-ci maddəsi isə təhqir etmə ilə bağlıdır. 148-1-ci maddədə göstərilir ki, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Lakin hesab edirəm ki, bütün bunlar yetərli sayıla bilməz. Çünki bir sıra hallarda təhqir və böhtanların yayıldığı sosial şəbəkə hesabları xarici ölkələrdə açılır ki, buna qarşı da mübarizə aparmaq çətindir. Ona görə bu məsələyə tamamilə yenidən baxılmalı, sosial şəbəkələrdə təhqir və böhtanlara qarşı yeni hüquqi mübarizə və nəzarət metodu tətbiq olunmalıdır. Çünki sosial şəbəkələrdə bəlli qrupların istifadə etdiyi qeyri-insani mübarizə metodları ümumilikdə cəmiyyəti narahat edir. Belə hallara qarşı hər kəs sərt reaksiya verməli, cəmiyyətimizə qarşı hörmətsizliyin qarşısı dərhal alınmalıdır".
Zəka