Media azadlığından sui-istifadə edənlər

Təəssüflər olsun ki, ölkədə fikir və söz azadlığı, mətbuta verilən azadlıqdan bir çoxları sui-istifadə edərək asan yolla qazanc əldə etməyə üstünlük verirlər. Media azadlığından yararlanaraq bir neçə nəfərdən, yaxın qohum-əqrəbadan ibarət qəzet və ya xəbər portalı yaradaraq insanları şantaj etmək, onların şərəf və ləyaqətinə toxunmaqla həmin şəxslərdən pul tələb edir, sözün həqiqi mənasında reketçiliklə məşğul olurlar. Medianın, kütləvi informasiya vasitələrinin üz qarası olan bu cür nəşrlərə və onları təsis edən şəxslərə qarşı zaman-zaman müvafiq addımlar atılıb, tədbirlər görülsə də, lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də cəmiyyətimizdə bu cür neqativ hallara rast gəlmək olur. Necə ki, "Realliq.info" informasiya saytının baş redaktoru, Azərbaycan Respublikasının vətəndaşı İkram Rəhimov kimi. Məlumat üçün qeyd edək ki, "Realliq.info" informasiya saytının baş redaktoru, Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin İctimai əlaqələr şöbəsi məlumat verərək bildirib ki, İkram Rəhimovun hədə-qorxu ilə pul tələb etdiyi barədə ayrı-ayrı şəxslərin şikayətləri DTX-də araşdırılıb. Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə onun müvafiq əməlləri qeydə alınıb, hədə-qorxu ilə tələb etmə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Ancaq maraqlısı odur ki, dərhal reket jurnalistin müdafiəçiləri də peyda olub. İkram Rəhimovun guya peşə fəaliyyətinə görə həbs edildiyi barədə yalan-uydurma dolu məlumatlar yayanlar ancaq nədənsə kimlərdənsə hədə-qorxu, şantaj yolu ilə pul tələb etməyin peşə fəaliyyətinə hansı bağlılığı olduğuna aydınlıq gətirmək istəmirlər. Ölkədə media azadlığının pozulduğunu iddia edənlər unudurlar ki, şantaj və hədə qorxu yolu ilə pul tələb etməyin media azadlığına heç bir aidiyyatı yoxdur. Əksinə azad, demokratik media prinsiplərinə tamamilə ziddir.

Hər kəsə bəllidir ki, Azərbaycanda fikir və söz azadlığı, plüralizm mövcuddur. Dövlət, şəxsən də dövlət başçısı mediyaya yüksək diqqət və qayğı ilə yanaşır, kütləvi informasiya vasitələrinin hər hansı probleminə dərhal reaksiya verir. Ancaq bu o demək deyil ki, dövlətin mediyaya göstərdiyi diqqət və qayğıdan, mətbuata yaradılan imkanlardan kimlərsə sui-istifadə edərək reketçiliklə məşğul olsunlar. Mediamızda qeydə alınan bu kimi xırda nöqsanlar birmənalı olaraq öz peşəsinə, fəaliyyətinə sədaqətlə xidmət edən sözün əsl mənasında jurnalist olan qələm əhlinə qara ləkədir. Və kütləvi infomasiya vasitələrinin, qələm əhlinin, ümumilikdə cəmiyyətin mövqeyi ondan ibarətdir ki, mətbuat, mediamız bu kimi mənfur ünsürlərdən, fəaliyyətini reketçlik üzərində qurmuş qəzet və xəbər portallarından yaxa qurtarmaq lazımdır. Jurnalist adından istifadə edib jurnalistə yaraşmayan fəaliyyətlərlə məşğul olan bu kimi şəxslərin tezliklə araşdırılıb üzə çıxarılması günün tələbidir və bu istiqamətdə atılan addımlar, həyata keçirilən əməliyyat tədbirləri təqdir olunandır. Etiraf etmək lazımdır ki, İkram Rəhimov kimilər az deyil və jurnalist peşəsinə ləkə olan digər şantajçıların da tezliklə məsuliyyətə cəlb olunması gözləniləndir.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31