Vətəndaşlara göstərilən 30 elektron xidmətdən istifadənin sayı 5 milyonu ötüb
14 Fevral 2019 14:07 SosialƏdliyyə Nazirliyi tərəfindən qanunvericilik sahəsində 2018-ci ildə əvvəlki illə müqayisədə 30% çox - 1.800-ə yaxın normativ hüquqi akt layihəsi hazırlanıb, 3.300-dən çox akt hüquqi ekspertizadan keçirilib. Bu barədə nazirlikdən "Olaylar"a verilən məlumata görə, əhali üçün daim açıq olan Hüquqi Aktların Dövlət Reyestrinin elektron saytına (www.huquqiaktlar.gov.az) və milli qanunvericiliyin elektron bazasına (www.e-qanun.az) ümumilikdə 6.200-ə yaxın sənəd daxil edilib və il ərzində həmin informasiya resurslarına başçəkmələrin sayı 65% artaraq 1,3 milyonu ötüb.
Şəffaflığın artırılması, açıq hökumət prinsiplərinin təşviqi məqsədilə nazirlik tərəfindən aparılan 10 internet saytın interaktiv rejimdə fəaliyyəti təmin olunub, vətəndaşlara göstərilən 30-dan çox elektron xidmətlərdən istifadənin sayı artaraq 5 milyonu ötüb. Dövlət başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılaraq 12.800-ə yaxın vətəndaş nazirlikdə, bölgələrdə və "virtual qəbul" məntəqələri vasitəsilə qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.