Azərbaycanda sosialyönümlü dövlət quruculuğu təmin edilib

Dövlət başçısı vətəndaşların sosial rifahının yüksəldilməsini hər zaman diqqətdə saxlayır

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsi ilk növbədə belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Elə bu məqsədlə də son illər mühüm və ardıcıl addımlar atılmaqdadır. Prezident İlham Əliyev hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq.Demək olar ki, hər il vətəndaşların əməkhaqlarının, pensiyaçıların təqaüdlərinin, aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, eyni zamanda sağlamlığın məhdud olan vətəndaşlara verilən sosial müavinətlərinin artırılması da buna olan bariz sübutdur. Bu, Azərbaycanda insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan zəruri addım kimi qiymətləndirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev "Real TV" yə müsahibəsində bildirib ki, dövlətin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır: "Bizim imkanlarımız artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Son illər bu istiqamətdə çox böyük işlər görülmüşdür. Baxın, köçkünlər üçün 100-dən çox şəhərcik tikilmişdir. Yəni, mən bilmirəm, hansı başqa ölkədə buna rast gəlinir. Mən bilirəm ki, bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar həmişə Azərbaycanı nümunə kimi göstərirlər. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir. Mən eşitməmişəm, hansı ölkədə bu kateqoriyadan olan insanlara bu qədər dəstək göstərilir. Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Bu da dünya praktikasında analoqu olmayan bir yanaşmadır. Yəni, bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır. Eyni zamanda, dediyiniz kimi, bu yanaşma daha böyük yanaşmanın tərkib hissəsidir - dövlət-vətəndaş münasibətlərinin. Hesab edirəm ki, bu münasibətlər Azərbaycanda sağlam zəmində qurulub. Vətəndaş bu gün bilir ki, dövlət güclü olarsa, onun da həyatı təhlükəsiz olar, risksiz olar, rahat olar və ildən-ilə artan maddi rifah daha da çoxalar". Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu gün Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru inamla addımlayır. Əhalinin sosial inkişafı üçün lazım olan hər bir şərait yaradılıb. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir: "Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sosial siyasəti uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ölkəmizdə həyata keçirilən sosial siyasətin başlıca məqsədlərindən biri də cəmiyyətin əsas sosial problemlərindən olan yoxsulluğun səviyyəsinin azaldılmasıdır. Görülən işlər nəticəsində hazırda ölkəmizdə yoxsulluğun səviyyəsinin 5 faiz civarında olması yüksək göstəricidir. Ümumiyyətlə, əhalinin rifahının yaxşılaşması istiqamətində görülən işlər yalnız maaşların, pensiya və müavinətlərin artması ilə yekunlaşmır. Respublikamızda aparılan sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Ötən dövrdə bu istiqamətdə atılan bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının təmin olunmasına əhəmiyyətli baza formalaşdırıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramları davamlı iqtisadi inkişafı təmin etməklə, sosial sahədə qarşıda duran problemlərin həlli üçün etibarlı zəmin yaradıb. Son 15 ildə 2 milyona qədər iş yerinin açılması da ölkə Prezidentinin bu sahədə uğurlu siyasətinin əyani göstəricisidir. Hazırda əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində davamlı işlər həyata keçirilir". Onun sözlərinə görə, Azərbaycanın bu il dövlət büdcəsinin təxminən 34 faizinin sosial məqsədlər üçün xərclənməsi nəzərdə tutulur: "Bu, elə də kiçik rəqəm deyil, əksinə, böyük rəqəmdir. Beləliklə, bizim dövlət büdcəsi həm sosialyönümlü, həm də investisiya tutumludur. Ötən illə müqayisədə büdcənin həcmi artıb, səhiyyəyə ayırmalar təxminən 70% çoxalıb, sosial müdafiə sistemində artımlar nəzərdə tutulub, pensiya ilə bağlı xərcləmələrdə illik 400 milyon manata qədər artım var. Bu artımların nəticəsi də göz önündədir". Millət vəkili Gövhər Baxşəliyeva qeyd edib ki, dövlət başçısı vətəndaşların sosial rifahının yüksəldilməsini hər zaman diqqətdə saxlayır: "Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının məbləğinin 130 manatdan 180 manata artırılması barədə sərəncamı ilə həyata keçirdiyi siyasətdə vətəndaşların rifahının yüksəldilməsinin prioritet istiqamət olduğunu bir daha göstərdi. Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq işlər görür. Elə təkcə son günlərdə Azərbaycan Prezidenti əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına hesablanmış bir neçə sərəncam imzalayıb. Pensiyaların artırılması, şəhid ailələrinə müavinətlərin verilməsi, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması, minimum əməkhaqqının artırılması ilə bağlı sərəncamlar bunun bariz nümunəsidir". Deputat vurğulayıb ki, Prezidentin sərəncamı ilə minimum aylıq əməkhaqqının yaşayış minimumuna çatdırılması Azərbaycan tarixində bir ilkdir: "Dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda həmişə yaşayış minimumu ilə minimum əməkhaqqı arasında fərqlər olub, lakin cənab Prezident ölkəmizdə bu fərqi aradan qaldırdı. Bu fərqin aradan qaldırılması xeyli sayda insanın sosial rifahının yaxşılaşmasına xidmət edəcək. Belə ki, ümumilikdə dövlət və özəl sektor üzrə maaş artımı 600 mindən çox işçini əhatə edəcək. Həmin şəxslər yalnız dövlət büdcəsindən maliyyələşən təşkilatlarda deyil, eləcə də özəl sektorda çalışanlardır". Millət vəkili qeyd edib ki, bu gün ölkə Prezidenti tərəfindən atılan bu addım gələcək perspektivə hədəflənib: "Minimum əməkhaqqının artırılması işçilərin yalnız bu gün üçün maaş formasında gəlirlərinin çoxalması deyil, onların gələcək sosial təminatlarına da müsbət təsir edəcək. Axı artan əməkhaqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır və belə olan halda işçinin fərdi hesabındakı pensiya daha çox artır.İstər bu, istərsə də digər sərəncam və qərarların hamısı bir məqsəd daşıyır - Azərbaycan vətəndaşının rifahının yüksəldilməsi, Azərbaycanın mövqeyinin daha da gücləndirilməsi".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31