Vəkilliyə qəbul sadələşdirilməlidir
14 Fevral 2019 13:32 SosialMillət vəkili: "Bu sahədə məhdudiyyət qoymağa ehtiyac yoxdur"
Azərbaycanda vəkillik sistemində ciddi islahatlar aparılır. Bu məqsədlə vəkillik fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdidilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Elə bu məqsədlə Milli Məclis "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik edib. Dəyişikliklə Azərbaycanda vəkil olmaq istəyən şəxslərə yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir. Qanunun 13-cü (Vəkillərin İxtisas Komissiyası) maddəsinin VIII hissəsinə əsasən, ixtisas imtahanını verə bilməyən şəxs bir ildən tez olmamaqla İxtisas Komissiyasının rəyi əsasında təkrar imtahana buraxıla bilər. Dəyişiklik isə belədir: "İxtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra 1 il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz". Layihədə qeyd olunub ki, vəkil olmaq istəyən şəxslər yazılı test mərhələsi və şifahi müsahibədən ibarət ixtisas imtahanlarından müvəffəqiyyətlə keçməlidir. Yazılı test imtahanında müvəffəqiyyət qazanmayan şəxsə yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir. İxtisas imtahanının ildə 1 dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulur. Digər dəyişiklik isə qanunun 24-cü (Vəkillər Kollegiyasının vəsaiti) maddəsində edilir. Maddəyə edilən əlavəyə əsasən, vəkillik fəaliyyətinin dayandırıldığı dövrdə üzvlük haqqı ödənilmir. Xatırladaq ki, vəkillər tərəfindən göstərilən hüquqi yardıma görə əldə olunan vəsaitlərdən xərclər çıxılmadan 7 faizi Dövlət Sosial Müdafiə Fonduna ayırmalar aparmaqla yanaşı, bu vəsaitlər gəlir vergisinə də cəlb olunur. Həmçinin dövlət hesabına göstərilən hüquqi yardıma görə müdafiəçiyə ödənilən hər 1 saat üçün 6 manatdan formalaşan vəsait də son nəticədə vergiyə cəlb edilir. Beləliklə, vəkillik fəaliyyətindən əldə olunan vəsaitlərdən 35 faizindən artıq tutulmalar həyata keçirilir. Mövcud vəziyyə isə qanunvericilikdə dyişiklik edilməsi zərurəti yaradır.
Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, vəkillik haqqında qanun yenidən işlənməlidir: "Dəfələrlə məsələ qaldırmışıq ki, vəkilliyə qəbul sadələşdirilməlidir. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun 11-ci maddəsinə edilən dəyişikliyə görə, ildə 1 dəfədən az olmayaraq ixtisas imtahanı keçirilə bilər. Mən hesab edirəm ki, bu məhdudiyyəti qoymağa ümumiyyətlə ehtiyac yoxdur. Yəni burada konkret yazaq ki, hər 6 aydan bir imtahanlar keçirilir. İkincisi, qanunun 13-cü maddəsinə dəyişiklik edilir ki, müsabiqədən keçməyən şəxs 1 il ərzində ixtisas imtahanına buraxılmır. Misal üçün deyirəm, əgər bir il ərizndə iki imtahan keçirilirsə növbəti imtahana niyə buraxılmasın? Ona görə də hazırda dövlət imtahan mərkəzi dövlət qulluğuna qəbulla bağlı çox gözəl bir president yaradıb. Biz dövlət qulluğu haqqında qanuna dəyişiklik elədik. Yəni imtahandan keçən şəxsə 5 il müddətində qüvvədə olan sertifikat verilir və həmin sertifikat əsasında həmin şəxs növbəti müsabiqələrdə iştirak edir. Müsabiqələr arasındakı zaman hətta 1 ay, 2 və ya 3 ay da ola bilər. Düşünürəm ki, ölkəmizdə vəkillərin sayı bu qədər azdırsa, biz dəfələrlə burada danışmışıq ki, Avropa ölkələrindən vəkillərin hər 10 min nəfərə düşən sayına görə, 8, hətta 20 dəfə geri qalırıq. Belə olan halda bu məhdudiyyətləri niyə qoyuruq? İnsanları niyə incidirik? Burada da yazaq ki, 5 il ərzində ixtisas imtahanı verən şəxsə sertifikat verilir. Və dövlət qulluğunda olduğu kimi hər növbəti müsabiqədə də onların iştirak etmək hüququnu tanıyaq. Vəkillik dövlət qulluğundan vacib deyil ki... Dövlət qulluğunda bu təcrübəni tətbiq etmişiksə, gəlin vəkillərə də bu hüququ, səlahiyyəti verək. Biz minlərlə insanın, onların ailələrinin, yaxınlarının vəziyyətini yaxşılaşdıra bilərik. Onlar dövlətdən, hökumətdən razı olar. İndiki hal isə sadəcə olaraq insanların incidilməsidir".
Millət vəkili "Gənclər siyasəti haqqında" qanuna edilən dəyişikliyə də münasibət bildirib. Qeyd edib ki, qanunun 7-ci maddədə qeyd olunur ki, "Təhsil haqqında" qanuna görə, təhsil müəssisələrində təhsil alan gənclərə pulsuz tibbi xidmət göstərilir. Amma dövlət təhsil məssisələrində ödənişli və ödənişsiz təhsil var. Özəl məktəblərdə isə yalnız ödənişli təhsil mövcuddur: "Necə olur hər ikisi pul verib oxuyur, amma birinə pulsuz tibbi xidmət göstərilir, digərinə isə pullu. Hesab edirəm ki, buna aydınlıq gətirilməlidir və ümumiyyətlə bütün gənclərə pulsuz tibbi xidmət göstərilsə yaxşı olar. Burada fərq qoyulmamalıdır. İkinci, 5.7.1-ci maddə gənclərə tütün məmulatlarının və spirtli içkilərin satışı ilə bağlıdır. Diqqəti bir məsələyə cəlb etmək istəyirəm. Biz 2017-ci ildə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun qəbul etdik. Orada 9.1.4-cü bənddə qeyd olunur ki, tütün satışının bilavasitə və dolayı reklamı qadağan olunur. Eyni zamanda biz 12-ci maddədə qeyd edirik ki, bütün televiziyalar ayda 90 dəqiqə, onun 45 dəqiqəsi də saat 17:30-dan 23:00-dək müvafiq icra orqanlarının iştirakı ilə tütünün əleyhinə reklam yerləşdirilsin. Və həmin çarxlar da Milli Televiziya və Radio Şurasına təqdim olunsun. Şəxsən mən, televiziyaları izləyirəm, amma bu tipli reklamlara rast gəlmirəm. Ola bilər ki, mən rastlaşmıram, amma hər halda bu mənim diqqətimi cəlb etmir. Ən vacib məsələ ondan ibarətdir ki, Bakı şəhərində bütün köşklər universitetlərin, məktəblərin ətrafında, metro stansiyalarının çıxışında yerləşdirilib. Baxmayaraq ki, tütün məmulatlarının reklamı qadağan olunub, amma bütün köşklərin ön şüşələrində xüsusi işıqlandırma ilə yalnız siqaretlər yerləşdirilib. Siqaretin üzərində yazılıb ki, siqaret çəkmək səhhətiniz üçün zərərlidir. Onun da üzərində siqaretin reklamı yerləşdirilib. Hər kəs buradan çıxanda köşklərin birinin qarşısında bunu görə bilər. Gecələr isə işıqlandırma ilə ümumiyyətlə birbaşa insanlara çağırış edilir. Xüsusilə də bütün bunlar məktəblərin yanında baş verir. Milli Məclisin yanında 20 saylı məktəbin qarşısında köşk var. Bir dəfə onun qarşısında dayandım və bu mənzərəni gördüm. Bu reklamdır. Azərbaycanda Reklam üzrə Dövlət Agentliyi var. Bu agentliyin əməkdaşları bir dəfə gəlib bizim ofisin qarşısındakı supermarketə iradlarını bildirmişdilər. Mən soruşdum ki, nə baş verir? Dedilər ki, məcbur edirlər ki, supermarketin şüşələri rənglənsin. Ona görə ki, içəridə satılan mallar görsənir. Bildiriblər ki, ya reklama görə vəsdait ödəməlisiniz, ya da supermarketin şüşələrini rəngləməlisiniz ki, içəridəki mallar bayırdan görsənməsin. Necə olur, bunu etdikləri halda, köşklərdəki siqaretləri yığışdırmırlar? Deməli burada hansısa korrupsiya faktları, əlamətləri var və siqaret açıq şəkildə reklam olunur. Yaxud spirtli içkilər satan mağazalar var ki, vitrin şüşələrinin arxasına bütün növ spirtli içkiləri düzürlər. Bundan böyük reklam necə ola bilər ki? Şəhərin mərkəzi daxil omaqla hər yerdə belədir. Biz deputat həmkarlarımızla birlikdə bir dəfə Fransadaydıq. Həmkarlarımızdan biri siqaret almaq istəyirdi. Bir supermarketə girdik. Supermarketi gəzsək də siqaret tapa bilmədik. Axırda soruşduq ki, siqareti harada satırlar? Bildirdilər ki, siqaretlər açıq yerdə qoyulmur. Siz soruşanda onu qapalı yerdən götürüb verə bilərlər və biz bu qayda ilə siqaret aldıq. Amma bizdə siqaretin reklamı qadağan olduğu halda siqaret məktəblərin yanında, metrostansiyaların çıxışıında, gənclərin ən çox gəzdiyi bulvarda, hər yerdə köşklərin ön şüşəsi belə siqaretlə bağlanıbsa bundan böyük reklam nə ola bilər ki?"
Zəka