Yeni məkanda ilk hərrac keçirilib
13 Fevral 2019 14:32 SosialƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Əmlak Xidmətləri Məkanında dövlət əmlaklarının özəlləşdirilməsi üzrə ilk hərrac keçirilib. Sadə hərrac prosedurları və geniş seçim imkanları ilə vətəndaşlar hərracda aktiv formada iştirak ediblər. Elektron hərrac fürsətlərindən istifadə edən 5 vətəndaş olduğu məkandan seçdiyi dövlət əmlakının sifarişçisinə çevrilib. Qeyd edək ki, budəfəki hərracda 30 dövlət əmlakına ümumilikdə 36 sifariş qəbul edilib. Komitədən "Olaylar"a bildirilib ki, hərracda özəlləşdirilən səhmdar cəmiyyəti Tərtər şəhəri, V.S.Həsənov küçəsində yerləşir. "Tərtər İxtisaslaşdırılmış Nəqliyyat"-ın 44%-lik səhm paketini investor 6 min 251 manata özəlləşdirdi. Ümumi faydalı sahəsi 13.1 kv.m ilə 726.3 kv.m arasında olan kiçik dövlət müəssisə və obyektləri paytaxtla bərabər digər şəhər və rayonlarda yerləşir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Sabir küçəsindəki emalatxananın ümumi faydalı sahəsi 582.6 kv.m-dir. İştirakçı bu dövlət əmlakını torpaq sahəsi ilə birgə 38 min manata özəlləşdirdi. "Şəkisutikinti" Törəmə Müəssisəsinin isə ümumi faydalı sahəsi 726.3 kv.m-dir. Şəki şəhəri, Oğuz şosesindəki obyekt 46 min 136 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirildi. Hərracda öz sahibini tapan digər kiçik dövlət müəssisələri isə paytaxtın Xəzər, Sabunçu və Nəsimi rayonlarında eləcə də, Qax, Lənkəran və Beyləqan rayonlarındakı ictimai iaşə və ticarət obyektləridir. Nəqliyyat vasitələrinə yüksək maraq budəfəki hərracda da müşahidə edildi. Belə ki, iştirakçılar tərəfindən buraxılış tarixi 2005-2008 intervalında olan 12 avtomobil özəlləşdirildi. Nəqliyyat vasitələri BMW, Volkswagen, Fiat və Qaz markalarına aiddir. Özəlləşdirilən avtomobillərin yekun qiymətləri 2 min manat ilə 5 min 200 manat arasındadır.