Problemli kreditlər məsələsi niyə həllini tapmır?

 "Bunun həlli ilə bağlı vahid proqramın qəbuluna ehtiyac var"

Ölkədə problemli kreditlərlə bağlı məsələ hələ də tam həllini tapmayıb. Düzdür, bu istiqamətdə müəyyən addımlar atılsa da hələ də kredit faizləri yüksək olaraq qalır. Mövcud vəziyyət isə əhalinin banklara müraciət imkanlarını məhdudlaşdırır. Kredit şərtləri həm də sahibkarların bu imkandan yararlanmasına əngəl törədir. Xatırladaq ki, Prezident ilham Əliyev 2017-ci il 29 noyabr tarixli Fərmanı ilə "Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası"nı təsdiqləyib. Ekspertlərin qənaətinə görə, bu yenilik  son dövrlər bank sahəsində atılan ən mühüm addımlardan biridir. Etiraf edilməlidir ki, sözügedən fərman banklardan kredit götürmək istəyən sahibkarların qarşılaşdıqları bir sıra problemlərin aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Belə ki, indiyə qədər banklardan kredit götürənlərin ən sıx qarşılaşdığı problemlərdən biri də girov məsələsidir. Problemin həll olunması üçün Prezident İlham Əliyev bu ilin 15 sentyabrında Kredit Zəmanət Fondunun yaradılması ilə bağlı fərman verdi. Yəni bu fondun yaradılmasında məqsəd ondan ibarətdir ki, sahibkarların, hüquqi və fiziki şəxslərin kredit almaq üçün girovu olmayacaqsa, girovun müəyyən faizini hökumət öz üzərinə götürəcək. Bununla bağlı olaraq dövlət büdcəsindən müəyyən qədər vəsait ayrılacaq ki, zəmanət fondu işləsin. Faizlərlə əlaqədar verilməsi nəzərdə tutulan subsidiyalar dedikdə isə müddətdən asılı olaraq müəyyən olunmuş məbləğdə, banklara və insanlara yardım etmək üçün faizlərin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması başa düşülür. Faizlər ödənilmədikdə və ya problem yarandıqda dövlət bir müddətdən sonra həmin faizlərin qaytarılmasına qarant verir. Lakin sözügedən mexanizm hazırlansa da, hələlik idarəedici heyət təsis edilməyib.

Yeri gəlmişkən xatırladaq ki, bir sıra mütəxəssislər tərəfindən kreditlə bağlı təkliflər verilsə də hələlik onların icrası təmin edilməyib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov  dollar krediti ilə bağlı həmkarı Əli Məsimli ilə birlikdə təkliflər hazırlayıb parlamentə təqdim etsə də indiyə kimi mübət reaksiya verilməyib. Odur ki, millət vəkil V. Əhmədov parlamentin son iclasında yenidən problemli kreditlərlə bağlı məsələ qaldırıb. Bildirib ki, narahatedici məsələlərdən biri də dollar krediti ilə bağlıdır: "İnsanların bu sahədə çox ciddi problemləri olduğu üçün Prezident İlham Əliyevdən xahiş edərdik ki, bu məsələyə də baxsın". Deputat  bildirib ki, hazırda bu məsələlərlə bağlı məhkəmələrdə 200 minə yaxın iş var. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) apardığı sorğuya əsasən, vətəndaşların prioritet hesab etdiyi sosial məsələlərdən biri də bank kreditləri üzrə ödənişlərə güzəştin tətbiq olunmasıdır. Mərkəzin rəhbəri Vüqar Bayramov qeyd edib ki, bu problemin həlli ilə bağlı 2015-ci ildə hazırladığımız təklifləri hökumətə təqdim etməyimizə baxmayaraq təəssüf ki, hələ də güzəşt mexanizmı tətbiq edilməyib. Hazırda banklarda rəsmi qeydiyyata alınan problemli kreditlərin məbləği 1 milyard 585 milyon manatdır. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 12 faizdən çoxdur. Monitorinqlər göstərir ki, ödənilməyən kreditlərin bir qismi hələ də banklar tərəfindən vaxtı keçmiş kreditlər kimi rəsmilləşdirilmir. Təhlillərə görə isə, xarici valyuta da olan kreditlərin ödənilməsi ilə bağlı çətinliklər daha çoxdur. Bu isə 2015-ci ildə manatın xarici valyutalara qarşı dəyərsizləşməsi ilə bağlıdır. Nəticədə, bu dollarda olan kreditlərin manat ifadəsində bahalaşmasına və aylıq ödəniş məbləğlərinin, yumşaq desək, şışməsinə səbəb oldu. Əksər kredit götürənlərin gəlirləri milli valyuta ilə olduğundan kredit ödənişlərində əksər hallarda obyektiv səbəblərdən yubanmalar müşahidə olunmağa başladı:

"Əvvəllərdə təklif etdiyimiz kimi, biz problemli kreditlərin həlli ilə bağlı vahid proqramın qəbul olunmasına ehtiyac var. Qeyd edək ki, ABŞ-da qlobal maliyyə böhranı baş verdikdən sonra banklarda toksid aktivlərin, eləcə də problemli kreditlərin sağlamlaşdırılması ilə bağlı xüsusi proqram qəbul edildi. Həmin proqram çərçivəsində dövlət banklardakı toksid aktivləri, eləcə də problemli kreditləri satın aldı, onları səhmləşdirərək bazara çıxartdı. Dövlət praktiki olaraq həmin proqram çərçivəsində 450 milyard dollara yaxın vəsait xərclədi. Oxşar güzəştlərin tətbiq edilməsi mexanizmi Rusiyada da istifadə olunub. Kredit götürən vətəndaşa ödəniş üçün uzunmüddətli zaman təklif olunub. ABŞ da daxil olmaqla bir sıra ölkələrdə birbaşa güzəştlər, bəzi ölkələrdə isə dolayı güzəşt mexanizmi tətbiq olunub". Ekspert qeyd edib ki, bu baxımdan, Azərbaycanda da problemli kreditlərin dövlət tərəfindən satın alınıb sağlamlaşdırılmasına ehtiyac var: "Bu zaman dövlət problemli kreditləri alıb qiymətli kağız formasında bazara çıxarır və kreditlərə güzəştlər tətbiq olunur. Xatırladım ki, oxşar praktika Rusiyada da tətbiq olunub. Nəticədə, dövlət milli valyuta ucuzlaşandan sonra xarici kreditlər üzrə yaranan fərqi ödəyir və müştəri güzəştli müddət ilə kredit müqaviləsi rəsmilləşən günün məzənnəsi ilə ödənişlər edir. Başqa ölkələrin təcrübəsi göstərir ki, bu digər krediti olanlarda arxayınçılıq yaratmır. Əksinə, problemli kreditlərinin həcminin minimumlaşdırılmasına, bankların sağlamlaşdırılmasına və ən vacibi əhalinin banklar qarşısındakı öhdəliyinin azalmasına və deməli sosial təminatının güclənməsinə səbəb olur. Qiymətləndirmələr göstərir ki, bu proqramın reallaşması üçün tələb edilən məbləğ 1 milyard manatdır. 2019-cu ildə dövlət büdcəsinin xərclərinin əvvəlki ilə müqayisədə 17 faizdən çox proqnozlaşdırıldığını nəzərə alsaq sözügedən proqramın maliyyələşdirilməsi dövlət üçün ciddi maliyyə öhdəliyi yaratmayacaq. Bunun müqabilində isə, son illər ən çox müzakirə edilən məsələlərdən birinin çözülməsinə nail olunacaq. Bu proqramın daha detal olaraq hazırlanması və tətbiqi üçün isə uyğun hökumət qurumlarının nümayəndələri, xarici və yerli ekspertlərdən ibarət işçı qrupunun formalaşdırılması daha məqsədə uyğun olardı".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31