Bələdiyyələr sahibkarlıq fəaliyyəti ilə niyə məşğul ola bilmirlər?
13 Fevral 2019 13:26 SosialYerli özünüidarə orqanları icra strukturlarının filialına çevriliblər
Ölkədə yerli özünüidarə orqanı olan bələdiyyələrin yaradılmasından 20 il ötməsinə baxmayaraq hələ də bu qurum tam gücü ilə fəaliyyət göstərmək iqtidarında deyil. Azərbaycanda bələdiyyələr müstəqil fəaliyyət göstərən orqan olsalar da, onlara verilmiş bu müstəqillik bələdiyyələrin dövlət və vətəndaş cəmiyyəti nəzarətindən kənarda qalması demək deyil. Bələdiyyələr ölkədə vətəndaş cəmiyyətinin bir forması olmaqla dövlət və cəmiyyət qarşısında məsuliyyət daşıyırlar. Onlar yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllinə bilavasitə cavabdehdirlər. Lakin reallıq ondan ibarətdir ki, bələdiyyələrin fəaliyyətində kifayət qədər nöqsanlar mövcuddur. Bələdiyyələ inzibati nəzarət orqanının məlumatına görə bir il ərzində yerli özünüidarə orqanının 143 vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar üzrə 133 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 10 protokol isə baxılmaqdadır. Bir sıra bələdiyyələrin işində nöqsanlara və qanun pozuntularına yol verilib. İnzibati nəzarət icraatı qaydasında 31 araşdırma aparılıb, araşdırmaların bir qismində müraciətlərdə göstərilənlər öz təsdiqini tapmayıb və ciddi qanun pozuntuları müəyyən edilməyib. Sənəddə bildirilir ki, 26 araşdırmada cinayət əməlinin əlamətləri aşkar edildiyindən toplanan materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Həmin materiallardan 18-i üzrə cinayət işi başlanılıb, digərləri isə baxılmaqdadır. Sənəddə həmçinin göstərilir ki, ölkədə 1700 bələdiyyə olduğu halda cəmi 50 bələdiyyə kommersiya qurumu yaradıb ki, onların da yarıdan çoxu fəaliyyətsizdir. Maraqlıdır, əgər bələdiyyələrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verilibsə, niyə bu hüquqdan istifadə edilmir?
Deputat Əli Məsimli qeyd edib ki, bələdiyyələr yerli icra orqanlarının filial kimi fəaliyyət göstərirlər: "Azərbaycanda bələdiyyələr 20 ildir yaransalar da, hələ də müstəqil şəkildə ayaqüstə dayana bilmirlər. Bələdiyyələr torpaq mövzusundan yerli problemlərin həllinə yönələ bilsələr, yaxşı olar. Ancaq bu sərbəstliyi onlara vermək lazımdır. Azərbaycanda 1700 bələdiyyə var. Bu say belə Azərbaycan üçün çoxdur". Deputat Siyavuş Novruzov deyib ki, bəzi bələdiyyələr çox səlahiyyət istəyir, bəziləri isə olan səlahiyyəti yerinə yetirmir: "Ona görə bələdiyyələrin özündə idarə olunma ilə bağlı baxış dəyişməlidir. Elə bələdiyyə var ki onlara milyonlarla subsidiya verilib. Onlar elektron kitabxana tikə, kompüter mərkəzləri aça bilərdilər. Ancaq bu istiqamətdə heç bir iş görməyiblər. Bələdiyyə meşələrinin, bağlarının salınması həyata keçirə bildirərdilər. Elə etmək lazımdır ki, xırda-xırda gəlsin, amma daimi gəlir gəlsin. Eləsi də var ki, deyir ki, növbəti dəfə seçilməyəcəm, ona görə də baxışını dəyişmir. 20-dən atıq bələdiyyələrin statusu ilə bağlı qanun var. Növbəti bələdiyyə seçkilərinə qədər bir neçə məsələ - onların saylarının azaldılması, bələdiyyə sədrlərinin seçkili olması və tam işləyib gəlir gətirməsi mexanizmi hazırlanmalıdır".
Millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində qeyd olunur ki, yerli özünüidarəetmə sahəsində əldə olunmuş tərəqqiyə baxmayaraq bələdiyyələrin fəaliyyətində nöqsanlar da var: "Tərəqqi o deməkdir ki, hansısa böyük uğurlara, əhəmiyyətli irəliləyişlərə imza atılıb. Axı bələdiyyələrlə bağlı belə söz işlətmək, doğru deyil. Bizə bələdiyyələrin nə qədər vergi topladığı, bu maliyyənin nə qədərini aparatı saxlamağa, nə qədərini sosial-iqtisadi problemlərin həllinə sərf edildiyi haqda məlumat verilsəydi, çox müsbət hal olardı. Sənəddə qeyd edilir ki, bələdiyyələr tərəfindən 50 kommersiya qurumu yaradılıb və bunun 50 faizindən çoxu fəaliyyət göstərmir. Hesab edirəm ki, bələdiyyələrlə iş də yenidən qurulmalı, yeni yanaşmalar ortaya qoyulmalıdır". Millət vəkili bildirib ki, məruzədə Ədliyyə Nazirliyinin Akademiyasında 20 tədris kursu, 210 seminar, 10 regional təlim, xarici ölkələrdə təcrübə mübadiləsi ilə bağlı səfərlərin təşkil edildiyi qeyd edilib. Bunların hamısı pul deməkdir. Bu qədər vəsait xərclənib, təlimlərdə 8133 bələdiyyə üzvü iştirak edib. Bəs bu təlimlərin nəticəsi harada qaldı? Əgər 50 kommersiya təşkilatı yaradılıbsa və bunun da böyük əksəriyyəti fəaliyyət göstərmir və bu da hesabatda öz əksini tapıb. Bəs təlimlərdə bələdiyyə üzvlərinə nə öyrədirlər?". Bununla yanaşı, deputat əlavə edib ki, bələdiyyələrin maliyyəsi artırılmalıdır: "Özü də bələdiyyələr təkcə iqtisadi problemlərin, yerli məsələlərin həlli ilə məşğul olmamalıdır. Biz bilirik ki, son vaxtlar radikal, yaxud xaos müxalifəti tərəfindən ölkədə siyasi islamın legitimləşdirilməsi istiqamətində ardıcıl və sistemli iş aparır. Müsəlman Birliyi adlanan həmin qrupun tərəfdarları ilə pul uğrunda həmin düşərgə daxilində amansız mübarizə gedir. Bələdiyyə üzvləri isə xalqa, insanlara ən yaxın qurumlardır. Bələdiyyələrin bu istiqamətdə də fəaliyyəti olmalıdır. Ona görə ki, bələdiyyələr həm də sosial-iqtisadi proqramlar həyata keçirməlidirlər. Bu həm də sosial bir məsələdir. Dövlətə ən böyük xəyanət islamın siyasiləşdirilməsinin legitimləşdirilməsidir ki, Azərbaycanda bu istiqamətdə iş aparılır. Həmin qüvvələr hesab edirlər ki, guya islam siyasiləşərsə, gələcəkdə siyasiləşmiş, radikal islamçılardan, polisə, dövlət orqanlarına qarşı istifadə oluna bilər".
Millət vəkili Qənirə Paşayeva deyib ki, bələdiyyələrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanları verilib, ancaq onlar bundan istifadə edə bilmirlər: "Bəziləri bu fəaliyyətdən yararlansa da, nəticə etibarı ilə bələdiyyələrin büdcəsində özünü göstərmir. Ona görə Ədliyyə Nazirliyinin keçirdiyi treninqlərdə bələdiyyə sədrləri daha çox bu istiqamətdə məlumatlandırılmalıdırlar". O, həmçinin qeyd edib ki, bələdiyyə sədrləri, bələdiyyə üzvləri sosial şəbəkələrdə, "Facebook"da aktiv fəaliyyət göstərməlidirlər: "Qardaş Türkiyədə hər bir bələdiyyənin, bələdiyyə sədrinin, bələdiyyə üzvlərinin sosial şəbəkələrdə hesabları, "Facebook" səhifələri var. Bu da əlavə vəsait tələb etmir ki?! Ona görə bizim bələdiyyələr bu məsələdə fəallıqlarını artırmalıdırlar". Millət vəkili Fazil Mustafa bələdiyyələrin çoxunun fəaliyyətinin yoxluğundan şikayətlənib: "Onların fəaliyyətindən gəlib, Almaniya telekanalları çəkib göstərəsi deyil ki? Deməli, onların fəaliyyəti yoxdur. Fəaliyyətləri yoxdur ki, onları çəkib göstərmirlər, təbliğ etmirlər". O, eyni zamanda, bələdiyyə üzvlərinin məhkəmələrdə süründürülməsinin düzgün olmadığını deyib: "Onların məhkəmə dəhlizlərində süründürülməsi elə onları işdən ayırmaq deməkdir. Onlara irəli sürülən ittihamlarda da deyilir ki, guya onlar təkbaşına qərar qəbul edirlər. Guya kim təkbaşına qərar qəbul etmir ki?".
Alim