Müəllim şəxsiyyəti ilə oynamaq olmaz

Son günlər “Dolu” filminin məşhur aktyoru, “Drakon” obrazını canlandıran Rza Rzayev qalmaqal yaşadığı 175 saylı məktəbin direktoru Tural Mirzəliyevi döyərək xəsarət yetirib. Hazırda Tural Mirzəyev xəstəxana rejimində müalicə alır.

Son günlər "Dolu" filminin məşhur aktyoru, "Drakon" obrazını canlandıran Rza Rzayev qalmaqal yaşadığı 175 saylı məktəbin direktoru Tural Mirzəliyevi döyərək xəsarət yetirib. Hazırda Tural Mirzəyev xəstəxana rejimində müalicə alır.

Qeyd edək ki, bu hadisədən öncə də aktyorla direktor arasında qalmaqal yaşanmışdı. Olaylar.az təhsil ekspertləri ilə birgə məsələyə aydınlıq gətirməyə, insanların təhsil müəssisələrinin rəhbərlərinə və təhsil işçilərinə qarşı nədən aqressiv olduqlarını aydınlaşdırmağa çalışıb.

Təhsil üzrə ekspert Nadir İsrafilov qeyd edir ki, təlim və tərbiyə onun əsas subyekti olan müəllim şəxsiyyəti bir sosial element kimi cəmiyyətin digər üstqurum və bazis elementləri ilə şərtlənir, mövcud əxlaqi keyfiyyətlər sosial, iqtisadi , hüquqi və s. münasibətlər təlim-tərbiyə prosesinə təsirsiz ötüşmür: "Deməli hadisənin səbəblərini daha dərində axtarmalıyıq. Xüsusilə, son zamanlar gündəmi zəbt edən olaylarla bağlı bəzən öz-özünə sual verirsən. Görəsən, bu kimi arzuolunmaz halların baş verməsinə səbəb nədir, bu kimi təzahürlər nədən qaynaqlanır? İstər-istəməz düşünürsən ki, bəlkə bu zəmanədəndir. Dilemma qarşısında qalırsan. Bəli, zəmanə dəyişib, dəyərlər başqalaşıb, insani münasibətlər yeni "keyfiyyət" halına keçib. Telekanallarda zorakılıq, şiddət hallarının təkrar-təkrar göstərilməsi, ayri-ayrı yazılı və elektron mediada bu qəbildən olan video görüntülərin yayımlanması, sosial şəbəkələrdə tərəfli və qərəzli statusların paylaşılması adi hala çevrilib Bununla belə istəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə müəllim nüfuzu öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə meyllidir. Əbəs yerə deyil ki, müəllim şəxsiyyəti, müəllim nüfuzu bugünki günümüzdə cəmiyyəti düşündürən ən vacib məsələlərdən biridir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda bu məsələ əsas hədəflərdən biri kimi müəyyənləşdirilib, insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruri şərtlərdən biri kimi önə çəkilib. Bir çoxları kimi, bu qəbildən olan məsələyə sırf pedaqoji aspektdən yanaşmaq, onu bilavasitə təhsilin mövcud durumu ilə əlaqələndirmək də məsələyə birtərəfli yanaşmaqdan başqa bir şey olmazdı. Bu kimi halların baş verməsi daha çox sosial xarakterli məsələdir. Dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib".

Nadir İsrafilov bildirir ki, əgər rüşvət, saxtakarlıq, zorakılıq və digər xarakterik hallar cəmiyyətin hansısa bir zümrəsi tərəfindən sıradan adi hal, hətta norma kimi qəbul edilirsə, belə halların məktəblə, müəllimlə bağlılığı olursa, bu təbii ki, ictimaiyyət tərəfindən daha çox qınaq obyektinə çevrilir, az qala faciə səviyyəsinə qaldırılır: "Məktəb direktorunun bir aktyor tərəfindən ictimaiyyətin gözü qarşısında döyülməsi olayına gəlincə isə, ortalıqda hər hansı bir haqsızlıq faktı olsa belə, fiziki təzyiq üsulu tətbiq etmək məsələnin həll yolu ola bilməzdi. Biz sivil, hüquqi, demokratik dövlətdə yaşayırıq. Bu məsələdə kimin haqlı olub-olmaması məsələnin ikinci tərəfidir. Belə bir hərəkət təkcə konkret bir fərdə qarşı törədilən zorakılıq aktı kimi deyil, bütövlükdə təhsil işçilərinə qarşı bir təhdid mesajı kimi qəbul edilməli və qiymətləndirilməlidir. Bu xoşagəlməz hadisə nəinki təhsilimizə, bütövlükdə cəmiyyətə heç də başucalığı gətirən hal deyil. Hər hansı bir mübahisəli vəziyyəti araşdırmaq və müvafiq qərar çıxarmaq üçün əlaqədar orqanlar var. Bir də ki, məsələnin məhkəmə müstəvisinə çıxarıldığı bir halda, qərarı gözləmək əvəzinə, tərəflər arasında yaranan insidenti küçə savaşına çevirməyə heç bir lüzum yox idi. Ümumiyyətlə, olmazmı ki, hər hansı bir münaqişə zəminində baş verən hadisə və təzahürlərə qısaca olaraq: "hadisənin təfərrüatları araşdırılır, nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcək" kimi yığcam informasiya ilə kifayətlənək, hadisənin böyüməsinə, əsaslandırılmayan fikirlərin səslənməsinə və qeyri-obyektiv mövqelərin sərgilənməsinə rəvac verməyək? Hər birimiz nəyə nail olmuşuqsa, bunun üçün böyük ölçüdə bir vaxtlar məbəd saydığımız məktəbə, onun "baş atributu" olan müəllimə borcluyuq. Şərəfli və müqəddəs peşə sahibi hesab etdiyimiz müəllim şəxsiyyəti ilə bu dərəcədə "oynamaq" və "əylənmək" milli-mənəvi dəyərlərimizə və ənənələrimizə olan ehtiramsızlıqdan və hörmətsizlikdən başqa bir şey deyildir".

Təhsil üzrə ekspert Kamran Əsədov qeyd edir ki, hər birimiz insanların bir-biri ilə davranışlarında sərtlik, aqressivlik müşahidə edirik: "İstər Bakı, istərsə də regionlarda zorakılıq, ağır qətl hadisələrinin baş verməsi ilə bağlı vaxtaşırı məlumatlar yayılır. Son vaxtlar ictimai nəqliyyatda sürücü-sərnişin davaları da problemi pik həddə gətirib. Demək olar ki, cəmiyyəti aqressiyalar öz ağuşuna alıb. Təəssüf ki, bunu biz təhsil müəssisələrində, orada işləyənlərə qarşı da hiss edirik. Aqressiya ailədən qaynaqlanır. Ardınca orta məktəbdə inkişaf edir. Təhlilin bünövrəsi qoyulandan bu nüanslara diqqət etmək lazımdır. Müəllimlərin düzgün tərbiyə metodundan çox şey asılıdır. Artıq məktəbdə böyüyən uşaqda aqressiya formalaşdıqdan sonra, bu, sadəcə məktəb daxilində olmur. Yavaş-yavaş əhatə dairəsi genişlənir.

Baş verən hadisəyə münasibət bildirən Kamran Əsədov söyləyir ki, tərəflər arasındakı çəkişmə məhkəmə mərhələsinə belə çatıb: "Bu, istənilən halda xoşagəlməz bir haldır. Hər iki şəxs ən azından cəmiyyətin müəyyən təbəqələri tərəfindən qəbul edilən müsbət obrazlardır. Onların hər ikisi bu və ya digər sahələrdə dövlətçiliyə xidmət edirlər. Tural bəy təhsil müəssisəsinin rəhbəridir və çalışmalı idi ki, məsələ ictimai müzakirə predmetinə qədər gəlib çıxmasın. Burada söhbət təkcə Tural bəydən getməməlidir, ölkədəki digər orta məktəb direktorlarının hamısı elə etməlidir ki, bu tipli hadisələr təhsilin nüfuzuna xələl gətirməsin. Burada məsələyə münasibət bildirənlər üç hissəlidir. Birinci tərəf direktoru, ikinci tərəf aktyoru müdafiə edir. Üçüncü tərəf isə hadisənin əsl mahiyyətini bilmir, proseslərə ümumilikdə münasibət bildirir. Tərəflərin yanaşmalarını yanlış hesab edirəm. Çünki məsələ hüquqi müstəvidə həll olunurdusa, fiziki zorakılığa nə ehtiyac vardı? Bu, haqlı vəziyyətdə haqsız duruma düşmək deməkdir. Hər iki tərəf arasındakı gərginlik bir ilə yaxındır davam edir. Düşünürəm ki, indiyə qədər onlarla bağlı müəyyən işlər görülməli idi. Hər iki tərəf sosial şəbəkələr və mətbuat vasitəsilə bir-birilərinin ünvanına təhqirlər, tənqidlər səsləndirirdilər. Bunların sonunda belə bir hadisənin yaşanması gözlənilən idi. Tərəflər indiyə qədər barışdırılmalı idi. Rza bəyin nalayiq ifadələr işlətdiyinin hamımız şahidi olmuşuq. Buna mütləq hüquqi qiymət verilməlidir. Rza bəyin əsəblərinə tab gətirməyib sərt ifadələr işlədəcəyini təxmin edirdim. Bu qarşıdurmada hansı tərəf əsəblərinə hakim olacaqdısa, o da qalib gələcəkdi. İndiki mərhələdə aktyor fiziki zorakılıq işlədib. Amma istənilən halda burada birmənalı direktoru günahsız, aktyoru günahı olan birisi kimi təqdim etməməliyik. Burada hər iki tərəf günahkardır. Məsələni sülh yolu ilə həll etməli idilər. Baş verən hadisə Azərbaycan təhsilinə, məktəbinə, sənətinə, müəlliminə vurulmuş bir zərbədir."

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31