Qırğızıstan səfəri türk dünyasının birliyini daha da möhkəmləndirəcək- Yunus Oğuz

Son illər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq sürətlə inkişaf edir. Bu  baxımdan  Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və bu səfər çərçivəsində imzalanan müttəfiqlik sazişi də ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldiyinin  bariz  nümunəsidir. Mövzu ilə bağlı Olaylar.az-a açıqlama verən yazıçı-publisist Yunus Oğuz bildirib ki, bu səfər təkcə Azərbaycan-Qırğızıstan əlaqələri deyil, bütövlükdə türk dünyasında bütün  sahələrdə   inteqrasiyanın güclənməsi baxımından mühüm siyasi hadisədir:

" Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri  çox  böyük  əhəmiyyət  daşıyır.  Bu  səfər  Azərbaycan-Qırğızıstan münasibətlərində yeni siyasi mərhələnin əsasını qoydu. Səfər zamanı imzalanan "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə" iki ölkə arasında əlaqələrin artıq strateji tərəfdaşlıqdan daha yüksək-müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiqlədi. Bu sənəd yalnız siyasi münasibətləri deyil, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığı da uzunmüddətli hüquqi əsaslarla möhkəmləndirir.  Azərbaycan və Qırğızıstanın beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyi, Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq təşəbbüslərlə çıxış etməsi türk dünyasında inteqrasiyanın daha da sürətlənməsinə xidmət edəcək. Prezident İlham Əliyevin "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" fikri yeni mərhələnin mahiyyətini aydın şəkildə ifadə edir. Bu yanaşma dövlətlərin çətin dövrlərdə bir-birinə siyasi dəstək verməsini, regional sabitlik və təhlükəsizlik  üçün  koordinasiyalı fəaliyyət göstərməsini nəzərdə tutur.
Səfərin iqtisadi nəticələrinə  gəldikdə  isə.. bu  məsələ   də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan-Qırğız İnvestisiya Fondunun kapitalının 200 milyon dollara çatdırılması, yeni investisiya layihələrinin həyata keçirilməsi və Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin iqtisadi əlaqələrinə yeni hərəkətlənmə  gətirəcək. İssık-Kul sahilində Azərbaycanın maliyyəsi ilə tikilən "Baku Resort & Spa" kompleksinin açılışı da ölkəmizin regionda etibarlı investor və tərəfdaş kimi mövqeyini nümayiş etdirir. Humanitar sahədə həyata keçirilən layihələr də münasibətlərin strateji xarakterini tamamlayır. Ağdamda Qırğızıstanın dəstəyi ilə inşa olunan "Manas" məktəbi, Bakıda Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi və qarşılıqlı mədəni layihələr xalqlar arasında tarixi və mənəvi bağların daha da möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyevin Qırğızıstanda yüksək səviyyədə qarşılanması və "Manas" ordeni ilə təltif edilməsi, eyni zamanda Prezident Sadır Japarovun "Heydər Əliyev" ordeni ilə mükafatlandırılması iki ölkə arasında qarşılıqlı etimadın və qardaşlığın ən yüksək səviyyədə olduğunu göstərir.
Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan Mərkəzi Asiyada etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib. Prezident  özü   də   qeyd   etdi   ki, Qırğızıstana dövlət səfərinin nəticələri yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə türk dünyasında siyasi həmrəyliyin, iqtisadi inteqrasiyanın və regional əməkdaşlığın inkişafına mühüm töhfə verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31