Ermənistanda qiymət artımı və sosial problemlər parlamentdə kəskin tənqid olunub – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan Milli Məclisinin avqustun 4-də keçirilən iclasında vitse-spiker seçkisi zamanı müxalifətin "Güclü Ermənistan" blokundan olan deputat İrina Yolyan hakimiyyətin sosial-iqtisadi siyasətini kəskin tənqid edib. Deputat bildirib ki, seçkilər mövcud hakimiyyətdən qurtulmaq vəzifəsini həll edə bilməyib və ölkə bu gün inkişaf proqramları əvəzinə həyati vacib problemlərlə üz-üzə qalıb.

Yolyan hakim "Mülki Müqavilə" partiyasının "hakimiyyət xalqa məxsusdur" iddiasına toxunaraq, yüksək vəzifəli şəxslərin və onların yaxınlarının rifahı artdığı halda, sıravi vətəndaşların sosial vəziyyətinin ağırlaşdığını vurğulayıb. O qeyd edib ki, 2023-cü ildən bəri minimum əməkhaqqında ciddi artım olmasa da, xüsusilə ilkin tələbat mallarında 40-dan 100 faizə qədər kəskin qiymət artımı müşahidə olunur.

Müxalifətçi deputat həmçinin yoxsulluqla mübarizə proqramlarının yetərsiz olduğunu bildirib. Onun sözlərinə görə, son bir ildə yalnız Sünik vilayətində 870-ə yaxın ailə sosial müavinətdən məhrum edilib. Yolyan əlavə edib ki, mülkiyyətçilərdən alınan müəssisələrdə rəhbər vəzifələrə hakim partiyanın nümayəndələri təyin olunur, onlar yüksək məvacib aldığı halda, sıravi fəhlələr çətinliklə dolanırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31