Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıblar- ÖZƏL

"Azərbaycanın əsas prioritetlərindən biri də qardaş Türk dövlətləri ilə qarşılıqlı əməkdaşlıq və strateji tərəfdaşlığın möhkəmləndirilməsidir. Bu dövlətlərin içində Qırğızıstanla əlaqələr isə xüsusi əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ramid Namazov deyib: "Ölkələrimiz arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü il yanvarın 19-da qurulsa da, ikitərəfli münasibətlərin bünövrəsi 1995-ci ilin avqustunda Ümummilli Lider Heydər Əliyevin Qırğızıstana ilk səfəri ilə qoyulub. Həmin səfərlə ortaq dil, mədəni və tarixi köklərə, ümumi türk kimliyinə əsaslanan dövlətlərarası münasibətlərdə əsaslı dönüş yaranmışdı. Diplomatik münasibətlərin inkişafı 2007-ci ildə Azərbaycanın Bişkekdə, 2008-ci ildə isə Qırğızıstanın Bakıda səfirliklərinin fəaliyyətə başlaması ilə yeni mərhələyə qədəm qoydu.

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan və Qırğızıstan arasında əlaqələrin məzmunu daha da zənginləşib, iqtisadiyyat, nəqliyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə daha dinamik xarakter alıb. Eləcə də, Qırğızıstan Prezidentinin səfərləri ölkələrimiz arasında həmrəylik, qarşılıqlı etimad, davamlı dəstək və dostluq münasibətlərini daha da gücləndirib.

Təkcə son beş ildə hər iki ölkə rəsmiləri tərəfindən qarşılıqlı olaraq 13 yüksəksəviyyəli səfər gerçəkləşdirilib. Dövlətlərimiz arasında indiyədək 100-dən çox sənəd imzalanıb ki, onlardan ən mühümü Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı qəbul edilən "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" idi. Bəyannamə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini hüquqi əsaslarla möhkəmləndirib, yeni istiqamətlər üçün dərin zəmin hazırlayıb.

Prezident İlham Əliyev iyulun 30-31-də Qırğız Respublikasına dövlət səfəri isə münasibətlərin daha da irəliyə doğru inkişafında yeni dövrün başlanğıcı kimi səciyyələndirilə bilər. Çolpon-Ata şəhərində Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında keçirilən təkbətək və geniştərkibli görüşlərdə vurğulandığı kimi, bu səfər Azərbaycan-Qırğızıstan münasibətlərinin xüsusi xarakterini bir daha təsdiqləyir. Prezident Japarovun qeyd etdiyi kimi, Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıblar, möhkəm dostluq və qarşılıqlı hörmətə əsaslanan fəaliyyətlərin inkişafında yeni mərhələ başlayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31