Ana dilimizə yad kəlmələr daxil olmasının qarşısı alınmalıdır
Azərbaycan dilinin zənginlikləri alınma sözlərin əvəzlənməsinə imkan verir
7 Noyabr 2018 13:16 SosialAzərbaycan dilinin zənginlikləri alınma sözlərin əvəzlənməsinə imkan verir
Azərbaycan dilinin saflığının qorunması, onun inkişaf etdirilməsi daim dövlətin diqqət mərkəzindədir. Məhz bu məqsədlə Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq ölkədə Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Nəticədə Azərbaycan dili dövlət dili kimi ölkənin siyasi, ictimai, iqtisadi, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanuna uyğun olaraq ölkədə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (və ya onların nümayəndəlikləri ilə) və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazışmalar Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə Azərbaycan dilinə tərcümə olunmaq şərtilə aparıla bilər. Bundan başqa, mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Ölkə ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Ölkədə istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. Lakin bütün sadalananlara baxmayaraq hələ də ölkədə Azərbaycan dilinin tətbiqi sahəsində müəyyən nöqsanlar müşahidə olunmaqdadır. Bu hallar nəzərə alınaraq dövlət öz növbəsində Azərbaycan dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin etmək məqsədilə müvafiq addımlar atır. Qeyd edək ki, bu günlərdə prezident İlham Əliyev "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərman imzalayıb. Fərmanda Azərbaycanın dövlət dilinin saflığının qorunması və işlək mexanizmlərinin təkmilləşdirilməsi baxımından qarşıya daha məsuliyyətli vəzifələr qoyulub. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylinin rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib ki, xalqın dilinin inkişaf etdirilməsinə, zənginləşdirilməsinə göstərilən diqqət və qayğı onun milli-mənəvi varlığının qorunub saxlanılması və daha da möhkəmləndirilməsi deməkdir: "Bu mənada son yarım əsrdə Azərbaycanda ardıcıl olaraq dövlət dili siyasətinin uğurla həyata keçirilməsi xalqın təkamülündə dil faktoruna verilən böyük önəmi qabarıq şəkildə nəzərə çarpdırır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci mərhələsində, konkret olaraq 1978-ci ildə, sərt sovet ideologiyası şəraitində Azərbaycan dilini ölkəmizin Konstitusiyasına dövlət dili kimi həkk etdirməsi zamanına görə əsl qəhrəmanlıq və uzaqgörənlik nümunəsidir. Həmin dövrdə Azərbaycanda ana dili - dövlət dili uğrunda mübarizə milli istiqlal mübarizəsinin ana xəttini təşkil edib: "Ulu öndərin Azərbaycan Respublikasına rəhbərliyinin müstəqillik dövrünü əhatə edən ikinci mərhələsində "Dövlət dilinin tətbiqi işinin təkmilləşməsi haqqında" (18 iyun 2001-ci il), "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" (9 avqust 2001-ci il) sərəncamları yeni tarixi mərhələdə dövlət dili siyasətinin miqyasını daha da genişləndirib. Azərbaycan Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü ildə imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" dövlət dilinin birinci inkişafının proqramı kimi mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Prezident İlham Əliyevin sərəncamları ilə çoxəsrlik Azərbaycan ədəbiyyatı və xarici ölkə ədəbiyyatı nümayəndələrinin böyük tirajla nəşr edilib yayılması mühüm tarixi hadisədir". AMEA-nın vitse-prezidenti qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 1 noyabr 2018-ci il tarixli fərmanda haqlı olaraq "əcnəbi söz və ifadələrin yersiz işlədilməsinin az qala adi hala çevrilməsi" xüsusi olaraq diqqətə çatdırılıb. Halbuki Azərbaycan dilinin zənginlikləri həmin alınma sözlərin və ifadələrin dilimizdəki münasib qarşılığı olan leksik vahidlərlə işlədilməsinə tamamilə imkan verir. Belə olduğu halda yad və kənar sözlərə kütləvi marağın güclənməsi və genişlənməsi Azərbaycan dilinin saflığının qorunması üçün həyəcan təbili çalınmasına böyük zərurət yaradır: "Prezident İlham Əliyevin 9 noyabr 2015-ci ildə Milli Elmlər Akademiyasının 70 ilik yubileyindəki dərin məzmunlu nitqində həmin həyəcan siqnalı çox qabarıq şəkildə ifadə olunub: "Bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyacı yoxdur. İmkan verilməməlidir ki, ana dilimizə yad kəlmələr daxil olsun. Bəzi ictimai xadimlərin, hökumət üzvlərinin çıxışlarında, bəzi televiziya verilişlərində, Milli Məclisdə eşidirəm ki, kənar kəlmələrdən istifadə edilir. Buna ehtiyac yoxdur". Dövlət başçısını dövlət dilinə münasibətdə narahat edən məsələlərin həlli ilk növbədə Azərbaycan elm və təhsil işçilərinin, mədəniyyət xadimlərinin və ümumiyyətlə ziyalı mühitinin, bütün yaradıcı qüvvələrin, mətbuatda, radio və televiziyalarda çalışanların əsas vəzifəsinə çevrilməlidir".
Nurlan