Paşinyanın "böyük işlər" planı: Ermənistanı hansı siyasi və geosiyasi risklər gözləyir?- ÖZƏL
16:50 SiyasətErmənistanın baş naziri Paşinyan bildirib ki, qarşıdakı beş il Ermənistan üçün həm yeni imkanlar, həm də ciddi çağırışlar yaradacaq. O, hökumətin topladığı idarəçilik təcrübəsinin üstünlük olmaqla yanaşı, uzunmüddətli hakimiyyətin arxayınlıq riski yaratdığını deyib və ölkəni qarşıda "böyük işlər"in gözlədiyini vurğulayıb. Bu açıqlamalar konstitusiya islahatları, Azərbaycanla sülh prosesi və regional gündəm fonunda diqqət çəkib.
Nikol Paşinyanın qarşıdakı beş illə bağlı səsləndirdiyi "böyük işlər" mesajı Ermənistanın daxili və xarici siyasətində hansı mümkün dəyişikliklərdən xəbər verir? Bu bəyanatlar Azərbaycan-Ermənistan sülh prosesi və regiondakı geosiyasi vəziyyət baxımından necə qiymətləndirilməlidir?
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" Paşinyanın uzunmüddətli hakimiyyətin iqtidar üçün arxayınlıq hissi yaratması, bunun özünün isə hakimiyyəti perspektivdə ciddi risklər qarşısında qoya biləcəyi ilə bağlı məlum açıqlaması demokratik inkişaf yoluna qədəm qoymuş dövlətlərin təcrübəsi baxımından anlaşılandır. Zira demokratik seçim yolu ilə iqtidara gəlmiş siyasi elita seçici qarşısında məsul olduğunun mahiyyətinə varır və seçicilərin ümidlərini doğrultmayacağı halda hakimiyyətdən gedəcəyi də, qanundan kənar müdaxilələrin olmayacağı halda, şübhəsizdir.
Avropaya inteqrasiya yolunu tutmuş Ermənistan hakimiyyəti üçün Rusiyanın söz sahibi olduğu Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətləri uzun müddət rəsmi İrəvanın maraqlarına cavab verə biləcək müstəvi üzərində müşkül olacaq. Ermənistanın Avropa Birliyi ölkələri ilə iqtisadi-ticari münasibətlərinin dövriyyəsi Rusiya və Aİİ ilə müqayisəyə gəlməyəcək dərəcədə kiçikdir. Üstəlik, Ermənistan sənayesi və kənd təsərrüfatının istehsal etdiyi məhsullar Avropanın müəyyən etdiyi standartlara hələlik cavab vermir. Rusiya və Aİİ-yə daxil olan dövlətlərlə isə Ermənistan Aİİ-yə üzvlüyün doğurduğu üstünlüklərdən istifadə edir, gömrük rüsumları ödəmədən onun məhsulları bu ölkələrin bazarlarına çıxış imkanlarına malikdir. Ermənistanın kənd təsərrüfatı, habelə yüngül və yeyinti sənayesi məhsullarının əsas ixrac bazarı Rusiya və Aİİ-yə daxil olan dövlətlərdir. Ermənistanın qazla təminatında Rusiya faktoru (təxminən 86%) nəzərə alınarsa, rəsmi İrəvanın Rusiya qazının nəqli üçün tarif göstəricilərini yüksəldəcəyi halda hansı risklərlə üz-üzə qalacağını təsəvvür etmək çətin deyil. Ermənistanın Qərb kapitalını, üstəlik ardınca Şimal Alyansını regiona sürükləməklə bağlı planları nəzərə alınarsa, regionda geosiyasi anlamda Rusiya ilə ortaq maraqlara malik olan İranın da Ermənistanın enerji təhlükəsizliyi üçün əlavə tədbirlər görəcəyi inandırıcı deyil.
Azərbaycanla sülh müqaviləsinin imzalanacağı təqdirdə Paşinyanın rəsmi Bakıdan enerji təhlükəsizliyinin təminatı üçün dəstək alacağı ilə bağlı məsələlərə gəlincə, burada rəsmi İrəvan üçün siyasi risklərin olacağı birmənalıdır. Digər tərəfdən, bu, əlavə kəmərlər və investisiya xərcləri tələb edəcək ki, bunun həlli də beynəlxalq maliyyə institutlarının iradəsindən asılı olacaq. Digər tərəfdən, seçkilərdə əldə etdiyi qələbə belə Paşinyana referendumla bağlı qərarı parlamentə sürükləməyə imkan vermir.
Ermənistanın Rusiyanın tətbiq edə biləcəyi "yumşaq güc"ə qarşı adekvat addımlar atmaq istəyinə gəlincə (Cənubi Qafqaz Dəmir Yolları, habelə Gümrüdə olan və Rusiyaya məxsus 102 saylı baza ilə bağlı Paşinyanın açıqlamaları), bunlar yatmış ayını oyatmaq qədər riskli addımlardır.
Paşinyanın Qərbdən böyük məbləğdə uzunmüddətli kreditlər almaq planlarına gəlincə, Azərbaycanla uzunmüddətli və dayanıqlı sülh həll olunmayana, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı problemlər tam həll olunmayana qədər Qərb bu investisiyaları Ermənistana yatırmayacaq. Zira "böyük pullar sakitliyi sevir".
Zeynəb Mustafazadə