İnsan Hüquqları-ali dəyər kimi
11:13 Sosial"Cinayət hüququ" məfhumunun inkar olunması
İnsan özü üçün hüquq mənbəyidir. Çünki fəaliyyətindən, əldə etdiklərindən hüquqları aşkarlanır. Hüquq mövcudluğu və fəaliyyəti təsdiq edən, status verən sanki bir sənəd, sertifikat, passport, lisenziya rolunu oynayır. Hüquq məfhumu insanın özündən, mövcudluğundan törəyir. Eləcə də mövcudluğunu qoruyan və təmin edən aspektləri, elementləri özündə daşıyan fenomendir, dəyərdir. Hüquq təbiidir və insanın özü ilə doğulur və insanı hər addımında müşayiət edir. Hər yaş dövründə baza hüquqlar müəyyən olunur və baza hüquq və azadlıqlar xəttində, yolunda addımlayırlar. Hüquqlar xətt üzrə əlavələrlə müəyyən olunur. Baza üstünə baza gəlir. Hüquq insanın təsdiqləyici və qoruyucu identifikasiyasına çevrilir. Hüquq dərketmənin məhsulu olan məfhumdur. İnsan qavrayır, dərk edir və nəticələr çıxardır. Özünə qiymət verir, hərəkətlərinə haqq qazandırır. Məhz bunlar hüquqlardan törəyir. İnsan hüquqları insanı cəmiyyətin aktiv ünsürünə, seqmentinə, subyektinə və obyektinə çevirir.
Hüquq fəaliyyət qabiliyyətinə bağlı olan amildir. İnsan mövcuddur. Bu, baza azadlıq və hüququn əsasıdır. Təməlidir. Baza hüquqlar bir qayda olaraq insanların əlindən alınmır. Düzdür, məhdudlaşdırılır. Məhdudlaşdırılma zamanı baza hüquqların baza hissəsi saxlanılır. Məsələn, məhbusluq zamanı ağır cinayət törətmiş şəxsin baza hüquqları saxlanır. Ona bir insan kimi aşağı həddə də olsa belə hörmət göstərilir. Onun yatmaq, yemək yemək, su içmək və yatmaq və əyin-başını geyinmək hüquqları qorunur. Həm də təmin olunur. Lakin fəaliyyəti məhdudlaşdırılır. Bu yöndə deyə bilərik ki, insan baza (passiv) və aktivləşən (bazanı genişləndirən, əhatəsini böyüdən) hüquqlara sahib olan bir məxluqdur. İnsanın baza hüququları onun əlavə, üst hüquqları ilə möhkəmlənir. Fəaliyyət hüquqları insanların hüquq sferasını böyüdür və nəticə etibarilə insan öz potensialından istifadə edir.
Hüquqlar insanların fəaliyyətinin məhsuludur, həm də insanların fəaliyyətini şərtləndirəndir. Fəaliyyətinə əsas verir, onu yönləndirir. Yaradıcılıq və quruculuq, əmək sərfiyyatı sayəsində meydana gələn nəticələr hüquqların meydana gəlməsini, daha doğrusu, aktivləşməsini özündə ehtiva edir. İnkişafın əldə etdiyi nəticələrdən insanların, bəşəriyyətin istifadə hüququ formalaşır. Məsələn bu gün internet resurslarından hamı istifadə edir. Bu istifadə haqqı insanın bəşəri haqqıdır. Qloballaşmaq hüquqların sərhədlərini, əhatə sferasını böyüdür.
Hüquq özündə haqq, ixtiyar, sahiblik (tam və müəyyən dərəcədə, qismən həddə, miqyasda, kəmiyyətdə), aidiyyatlılıq, mənsubluq kimi elementləri ehtiva edir. Bu elementlərdən vəzifələr, öhbəlik və məsuliyyət meydana gəlir.
İnsan hüquqları fərdidir. İnsanın təminatı məsələsini özündə ehtiva edir. İnsanın azadlığını, sərbəstliyini, mənliyini, maddi və mənəvi dünyasını isbatlayır. İnsanın fərdi hüquqları kollektiv hüquqları yaradır. Fərdlər kollektivdə, birliklərdə, təşkilatlarda, dövlətlərdə, cəmiyyətlərdə birləşirlər. Fərdi hüquqlar subyektiv, şəxsi hüquqları şərtləndirə bilir. İnsan hüquqları subyektin, tərəfin hüquqlarını özündə əks etdirir. Burada tərəf dedikdə, dövlət, təşkilat, cəmiyyət nəzərdə tutulur. Fiziki və hüquqi şəxslərin hüquqları fərdi və kollektiv forma kəsb edə bilir. Kollektiv maraqlar fonunda dövlətin hüquqları, təşkilatın hüquqları meydana gəlir Deməli, fərdin hüquqları onun hüquq verdiyi toplumlarda da cəmləşir. Burada fərdi və kollektiv hüquqlar amilləri ortaya çxıır. Fərdin hüquqları kollektivin cəmləşdiyi təşkilatlarda tanınır. Məsələn, dövlət hakimiyyəti vətəndaşın, sakinin, qeyri-vətəndaşın, ən əsas insanın hüququnu tanıyır, onu müəyyən edir, normalara salır. Bu normalar insan hüquqlarının məğzini mahiyyətini özündə ehtiva edir.
Kollektiv tərəflərdə, birliklərdə olan fərdi hüquqlar bəzən məhdudlaşa bilir. Məsələn, kollektivdə təmsil olunan şəxsin düşüncələri fikirləri həmin kollektivin səlahiyyətinə, vəzifə və funksiyalarına, məsuliyyət və öhdəliklərinə müvafiq olaraq məhdudlaşa, azala bilir. Lakin elə də olur ki, imkanlar hüquqları artırır. Fərd kollektivin səlahiyyətlərindən istifadə edərək hüququnu genişləndirir. Bu hüquqlar sayəsində bir çox qapıları aça bilir.
İnsan hüquqları passiv və aktiv olur. Təmin olunmanın məkanı və zamanı, şəraiti əks olunur.
Aktiv hüquq odur ki, insan sahələrdə aktivdir və özünün müvafiq hüquqlarından istifadə edir.
Passiv hüquq odur ki, hüquq təbii şəkildə daimi olaraq mövcuddur. Müəyyən olunub. İnsan məkanda və zamanda öz hüququndan istifadə edir. Hüquqlar normalarla müəyyən olunub. Qanunvercilik şəkilinə salınıb. Qaydalar var. İnsan zamanda məkana gəlir və qaydalara münasib olaraq hüquqlarını təsdiq etmiş olur. Normalara salınmış hüquqlardan istifadə edir və tamamlanır.
"Cinayət hüququ" anlayışına, məfhumuna diqqət
Hüquq məfhumu sahələrə, sahələr üzrə iştiraka haqq verir. Məsələn, baza hüquq və azdlıqlar, yaşayış hüququ, əmək hüququ, istirahət hüququ, təhsil hüququ, mənzil hüququ, sosial hüquqlar, ailə və nigah hüququ, beynəlxalq müqavilələr hüququ, o cümlədən, beynəlxalq kosmik hüquq, beynəlxalq dəniz hüququ, diplomatiya hüququ, xarici siyasət hüququ və s. Ümumiyyətlə, harada müsbət iştirak və fayda varsa, orada hüquq var. İnsan və onun iştirak etdiyi, təmsil etdiyi, təmsil olunduğu sahələr insana hərəkət imkanları bəxş edir. Hüquq olan yerdə qazanc var. Yol var, hərəkət fəaliyyətinin genişləndirilməsi mövcuddur. Hüquq axınlar yaradır. Axan vasitələr üzərində haqlar, ixtiyarlar, səlahiyyətlər müəyyən edir. Pozitiv siyasət və akt hüquqları şərtləndirir.
Cinayət isə mənfi, dağıdıcı, destruktiv, məhvedici, soyqırım, deportasiya, repressiya və qanunsuz müharibələri özündə ehtiva edən aktları ifadə edir. Cinayət olan yerdə əvəzi cəzadır. Cinayət aktı cəza ilə əvəzlənir. Bu baxımdan da cinayət ifadəsinin yanında hüquq ifadəsini işlətmək düzgün alınmır. Dövlətin cəza müəyyən və təyin etmək hüququ var. Dövlət cinayət aktlarına görə cəza müəyyən edir.
Cinayətkarın hüququ var. Onun hüquqlarını müdafiə edən vəkillə təmin olunması hüquqları var. Lakin onun törətdiyi cinayətə haqqı yoxdur. Bu qəbul olunmur. Cinayət hadisəsinə haqq verilmədiyi halda, bu məfhumun yanında cinayət sözünü işlətmək qavramada ziddiyyət yaradır.
Hüquq elə bir hadisə və fenomendir ki, bir tərəfdən tanınır, digər tərəfdən də qəbul edilir. Tərəflər razılaşır. Cinayət aktları isə tanınsa da belə, lakin pozitiv və hüquq verən akt kimi qəbul olunmur.
İnsan hüquqlarının dəyəri nədən ibarətdir:
-şəxsiyyəti tamamlayır, fərdi cəmiyyətdə nüfuzlu, statuslu bir elementə çevirir;
-insan fəaliyyətini genişləndirir və onu qoruyur;
-insan düşüncələrini izhar edir və düşüncələri bəşəriyyətə, özünə xidmətə yönəldir;
-hüquq fəaliyyəti dəyərlənirmək və ölçmək üçün bir etalon rolunu oynayır;
-hüquq onu daşıyanları məkanda təsdiq edir və məkanı, sərhədləri müəyyən edir;
-hüquq tarazlı münasibətlərin və əlaqələrin formalaşmasını şərtləndirir;
-hüquq qazancların paylanılmasını və ədalətli bölünməsi məsələlərini özündə əks etdirir.
Elşən Nəsibov
Siyasətşünas-alim, yazıçı publisist. Hüquq fəlsəfəsinə dair tədqiqatçı