Hansı informasiya uşaqlar üçün zərərli hesab olunur?

Müasir dövrdə informasiya təhlükəsizliyi ən aktual məsələlərdən birinə çevrilib. İnformasiya təhlükəsizliyi dedikdə informasiyanın və informasiya mühitinin təsadüfi və ya düşünülmüş təbii və ya süni xarakterə malik təsirlərdən müdafiə vəziyyəti başa düşülür.

Müasir dövrdə informasiya təhlükəsizliyi ən aktual məsələlərdən birinə çevrilib. İnformasiya təhlükəsizliyi dedikdə informasiyanın və informasiya mühitinin təsadüfi və ya düşünülmüş təbii və ya süni xarakterə malik təsirlərdən müdafiə vəziyyəti başa düşülür. Belə təsirlər informasiyaya və ya informasiya obyektlərinə, həmçinin informasiya istifadəçisinə və sahibinə çoxsaylı ziyanlar vura bilir. Odur ki, informasiyanın mühafizəsi və informasiya təhlükəsizliyinin təmin olunması zərurəti yaranır. Nəzərə almaq lazımdır ki, belə təhlükəli informasiyaların uşaqlara təsiri olduqca mənfi nəticələrə gətitb çıxara bilir. Məhz bu kimi amillər nəzərə alınaraq Milli Məclis "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsini ikinci oxunmuşda qəbul edib. Qanun qəbul edildiyi təqdirdə 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Buna səbəb kimi qanun layihəsinin tam işlək hala gətirilməsi göstərilir. Məlumat üçün qeyd edək ki, dövlət başçısının qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olan 5 fəsil, 19 maddədən ibarət yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Maraqlıdır, bəs hansı infirmasiyalar uşaqlar üçün zərərli hesab edilir?

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsindən bildirilirb ki, sənəd Azərbaycan Konstitusiyasına, "Uşaq hüquqları haqqında", "İctimai Televiziya və Radio Yayımı haqqında", "Kütləvi informasiya vasitələri haqqında" qanunlara, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq hazırlanıb. Qanunda uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplər, uşaqlar üçün zərərli informasiyanın növləri ilə bağlı məqamlar əks olunub. Sənəddə eyni zamanda  informasiya məhsulunun işarələnməsi, televiziya və radio yayımı vasitəsilə yayımlanmasına aid tələblər, informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə yayılmasının xüsusiyyətləri, uşaqlar üçün nəzərdə tutulan, eləcə də qadağan olunan informasiya məhsulunun dövriyyəsinə aid tələblər əksini tapıb.

Layihədə uşaqlar üçün zərərli informasiyanın növləri əksini tapır. İnformasiya məhsulunun yaş təsnifatının həyata keçirilməsi yolları xüsusi ardıcıllıqla qeyd edilir və yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyələri nəzərə alınaraq aparılır.

Sənəddə uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyalar konkret göstərilib. Bunlar  zorakılığı və qəddarlığı təbliğ edən, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu və pornoqrafik xarakterli informasiyalardır. Layihədə həmçinin müəyyən yaş qrupuna aid uşaqlar arasında yayılması məhdudlaşdırılan informasiyalar da dəqiqliyi ilə göstərilib.  Bunlar isə zorakılığı və qəddarlığı nümayiş edən, qeyri-məişət leksik (jarqon) məzmunlu, qorxu və erotik məzmunlu informasiyalardır.

Sənəddə teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər də müəyyən olunub. Qanun layihəsində Azərbaycanda informasiya məhsulunun yaş təsnifatı əksini tapıb. Belə ki, informasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq aşağıdakı kimi aparılır:  "universal" - istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmur. Digər hallarda isə 6-18  yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə yol verilən informasiyalar dəqiqliyi ilə göstərilib.  

Mütəxəssilər hesab edirlər ki, belə bir qanunun qəbuluna ehtiyac var. Çünki uşaqların zərərli informasiyalardan qorunması çox vacib məsələdir. Nəzərə almaq lazımdır ki, hazırda ölkə əhalisinin 80 faizi internetdən istifadə edir. Həyatımıza nüfuz edən informasiya-kommunikasiya müsbət tərəfələri ilə yanaşı, müəyyən çətinliklər də yaradır. Xüsusilə də cəmiyyətə ötürülən zərərli informasiya uşaqlara mənfi təsir göstərir. Bu baxımdan uşaqların informasiya resurslarından düzgün istifadə etməsi, onların zərərli informasiyadan qorunması və bu sahədə qanunvericilik bazasının möhkəmləndirılməsi aktual məsələdir. Nəzərə almaq lazımdır ki, müasir dövrdə cəmiyyətin, o cümlədən dövlətin və əhalinin informasiyadan asılılığı get-gedə artır. Belə bir zamanda informasiya təhlükəsizliyinin təmin edilməsi strateji məsələyə çevrilib. İnformasiya resurslarının dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin təmin olunmasının zərurətindən hər bir dövlətin maraqları yalnız coğrafi məkanda deyil, virtual aləmdə də qorunmalıdır. Odur ki, təhlükəsiz informasiya cəmiyyətinin yaradılmasına çalışmaq, informasiya resurslarının təhlükəsizliyinə qarşı yönəldilmiş hücumların və qeyri-qanuni müdaxilələrin qarşısının alınması üçün bütün qüvvələri səfərbər etmək zərurəti yaranır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31