Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyinə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubiley tədbirində iştirak etmək üçün Rusiya, Gürcüstan, Qazaxıstan, Belarus, Qırğızıstan, Ukrayna və Norveçdən ölkəmizə gəlmiş nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub.

Görüşdə təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov da iştirak edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yubiley münasibətilə təşkilatın rəhbərliyini və ölkə veteranlarını təbrik edərək alman faşizmi üzərində Qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi mühüm xidmətləri diqqətə çatdırıb. O, Azərbaycanda müharibə veteranlarına yüksək dövlət qayğısı göstərilməsi tədbirlərinə ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanıldığını, İkinci Dünya müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən olduğunu vurğulayıb.

S.Babayev bildirib ki, nazirliyin xətti ilə bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, həmin kateqoriyadan olan 1118 nəfər isə şəxsi minik avtomobili ilə təmin edilib. Onlara Prezident təqaüdləri ödənilir. Həmin şəxslərin pensiya təminatı daim gücləndirilir, hazırda onların orta aylıq pensiya məbləği 400 manata yaxındır. Hər il 9 May - Qələbə Günü ərəfəsində ölkə başçısının müvafiq Sərəncamı ilə İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş insanlara birdəfəlik maddi yardım verilir. Həmin yardımların məbləği 25 faiz artırılaraq müvafiq olaraq 800 manatdan 1000 manata və 400 manatdan 500 manata çatdırılıb.

Nazir müharibə veteranlarının sanatoriya-kurort müalicəsinin təşkili, əlilliyi olanların reabilitasiya məmulatları ilə təmin edilməsi, tənha ahılların sosial xidmətlə təminatı, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş şəxslərin, 20 Yanvar və Çernobıl əlillərinin sosial müdafiəsi və reabilitasiyası sahəsində aparılan işlərdən bəhs edib. S.Babayev həmçinin şəhid hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsi, onların birdəfəlik ödəmə (11000 manat) ilə təmin olunması sahəsində görülən tədbirlər barədə məlumat verib.

C.Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyətindən və nazirliklə qarşılıqlı əməkdaşlıqdan bəhs edib, birgə tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.

Dünya Veteranları Federasiyasının prezidenti Dan Viqqo Berqtun, Rusiya Federasiyası "Unudulmaz yaddaş" Xeyriyyə fondunun direktoru, "Qələbə vərəsələri" Beynəlxalq şurasının Bolqarıstan Respublikası nümayəndəliyinin sədri Skripkaraş Anjela Alekseevna, MDB ölkələri Beynəlxalq Veteranlar İctimai Birliyinin fəxri üzvü və İcra komitəsinin üzvü Maslyuk Vladimir Solovyeviç və başqaları müharibə veteranlarının sosial müdafiəsi sahəsində Azərbaycanda aparılan işlərin təqdirəlayiq olduğunu qeyd ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31