Gedək üzü ölümə - Xəzərdə niyə batırıq...
2 Avqust 2018 11:12 Sosialİnsanlar dənizdə niyə batır; FHN əməkdaşı Aqşin Əlili: "Bəzən əməkdaşlarımız kobud rəftarla üzləşir, hətta təhqir olunur"
Həmçinin bu günə kimi 169 nəfər suda boğulma təhlükəsi ilə üzləşib ki, onlar da FHN-in Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas edilib. Belə ki, Bakı və Abşeron rayonu ərazisindən 155 nəfər, Kür çayından altı nəfər, su anbarlarında isə səkkiz nəfər xilas olunub. Xilas edilənlərdən 20-si uşaqdır.
Qeyd edək ki, hər il yay mövümündə ölkəmizdə suda boğulanların sayı durmadan artmaqdadır. Bəs səbəb nədir? Təhlükəsizlik lazımi qədər təmin olunmur, yoxsa vətəndaşlar öz həyatlarına məsuliyyətsiz yanaşır?
Məsələ ilə bağlı Kiçik Həcmli Gəmilərə Nəzarət və sularda xilasetmə Dövlət xidmətinin şöbə rəisi Aqşin Əlili "Yeni Müsavat"a danışıb: "Bizim Bakıda, ölkənin digər şəhər və rayonlarında 40 xilasetmə məntəqəmiz, postumuz, axtarış qruplarımız var. Lakin nəzərə alsaq ki, Xəzər dənizinin sahili 825 km-dir, bundan əlavə, Azərbaycanda digər göllər, su anbarları, Kür çayı kimi böyük çayımız var və hər yerdə xilasediciləri yerləşdirmək qeyri-mümkündür. Dünyanın heç bir yerində də bu cür təcrübə yoxdur ki, hər bir sahildə xilasedici olsun.
Bildiyiniz kimi, son dövrlərdə dəniz sahilində çoxlu sayda əyləncə və istirahət mərkəzləri, çimərliklər açılıb. Həmin mərkəzlərin sahibləri, çimərlik operatorları dünya standartlarına uyğun, komfortlu hotellər, çimərlik sahələri yaradırlar, lakin unudurlar ki, ilk növbədə insanların təhlükəsizliyi təmin edilməlidir. Lakin onlar insanların həyatı üçün təhlükəsizlik qaydalarına riayət etmir, tədbirlər görmürlər.
Adi xilasedicilər işə götürülür, xilasetmə texniki vasitələri alınmır, müşahidə qülləsi yerləşdirilmir, çimərliklərdə üzmə nişanları olmur, nəticədə vətəndaşlar çimərliklərin dəbdəbəli görünüşünə aldanıb gedir və boğulma təhlükəsi ilə qarşılaşanda onlara köməklik edilmir. Onu da qeyd edim ki, özəl çimərlik mərkəzləri bizim məntəqələrdən dəfələrlə uzaqda yerləşdirilir.
Məsələn, Nabranda baş verən sonuncu faciəvi hadisəni yada salaq. Hadisə bizim məntəqədən təxminən 2 km uzaqlıqda baş verib. Əgər bu məsafədə kimsə boğulursa və orada xilasedici yoxdursa, hadisə ilə bağlı bizim əməkdaşlarımıza məlumat verildikdə, əməkdaşlarımız hadisə yerinə gələnə qədər, artıq boğulma halı baş verir".
Qeyd etdi ki, əksər hallarda vətəndaşların özləri təhlükəsizliklərinə məsuliyyətsiz yanaşır:
"İlk növbədə vətəndaşlara tövsiyə edirəm ki, çimərlikləri seçərkən təhlükəsizliyi nəzərə alsınlar. Əgər çimərlikdə xilasedicilər və yaxud xilasedici vasitələri, suyun üzərində yerləşdirilən üzmə nişanları yoxdursa, həmin çimərlikdən istifadə etməsinlər. Yəni ilk növbədə bu məsələyə diqqət etsinlər. Çünki qeyd edilən nişanlar elə yerdə yerləşdirilir ki, hansı ki, həmin yerdə suyun altına dalğıclar tərəfindən baxış keçirilib. Əgər qeyd etdiyim nişan varsa, deməli, suyun altında burulğan, daş, sualtı axın yoxdur və eyni zamanda həmin nişandan kənara getmək olmaz.
Bizi narahat edən digər məqamlardan biri də budur ki, bütün bunlar olduqda belə vətəndaşlar öz təhlükəsizliklərinə biganə yanaşırlar. Məsələn, küləkli havada dənizə girmək birmənalı olaraq qadağandır. Əgər hava proqnozunda küləyin sürəti 10 metr/saniyədən artıqdırsa, artıq suya, dənizə girmək qadağandır. Bizim xilasedicilərimiz küləkli havada vətəndaşı saxlayır ki, "dənizə girib həyatını təhlükəyə atma". Bir çox hallarda əməkdaşlarımız vətəndaşların kobud davranışları ilə üzləşir, bəzən təhqir olunurlar".
Bəs boğulmuş şəxsə necə yardım göstərilməli?
Mütəxəssislər tövsiyə edir ki, boğulmuş şəxs sudan çıxarıldıqdan sonra vəziyyətinə uyğun yardım göstərilməlidir. Belə ki, zərərçəkmişin huşu özündədirsə və nəbzi normal vurursa, onu başıaşağı sərt döşək üzərində uzatmaq, quru dəsmalla ovxalamaq və geyindirmək lazımdır.
Zərərçəkmişə isti içki, çay, kofe verib, isti adeyalla bürümək lazımdır. Zərərçəkmişin huşu özündə deyilsə, amma nəbzi normal vurursa, normal nəfəs alırsa, bu zaman onu başıaşağı meylli uzatmaq, çənəsini açıb ağzında olan lil və qusuntuları təmizləmək, daha sonra qurulayıb, isitmək lazımdır.
Suda batan şəxsin huşu özündə deyilsə, tənəffüsü və ürəyi dayanıbsa, ona süni nəfəs verib, ürək masajı etmək məqsədəuyğundur. Tənəffüs yollarından maye çıxarmaq üçün yardım göstərən ayağını dizdən bükərək zərərçəkmişi qarnı üstə budunun üzərinə qoyub əli ilə onun kürəkləri arasındakı sahəyə güclü şəkildə təzyiq etməklə tənəffüs yollarından suyu xaric etməlidir. Bu əməliyyat süni tənəffüsün verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir.