Keçən ay Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 9 329 müraciət daxil olub
1 Avqust 2018 17:31 SosialTəhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
"OLAYLAR" Təhsil Nazirliyinə istinadən xəbər verir ki, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 9 329 müraciət daxil olub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 4 350 zəng qəbul edilib.
Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 979 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 014 sənəd (620 ərizə, 373 məktub, 21 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu və yerdəyişməsi, tələbələrin yerli ali təhsil müəssisələrinə köçürülməsi və bərpası, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və uşaqların ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbulu ilə bağlı məsələləri əhatə edib.