Sona Əliyeva: “Biz harda səhv etdik, harda yanıldıq və gəncliyimizi belə zəif yetişdirdik”
27 İyul 2018 15:08 SosialSon illərin geniş yayılmış sosial problemlərindən biri də intiharlardır. Vəziyyət o həddə çatıb ki, hər gün intihar hadisəsi ilə bağlı xəbərlər eşidirik. İstər paytaxtda, istərsə də bölgələrdə bu mənfi tendensiya yayılmaqdadır. Düzdür, bəzi hallarda intihara cəhd edən şəxs çətinliklə olsa da, bu yoldan döndərilir və onunla intihar etmək ərəfəsində aparılan psixoloji iş nəticənin ürəkaçan olmasına xidmət edir. Ancaq əksəriyyət hallarda intihar cəhdinin qarşısını almaq mümkün olmur ki, bu da intihar edən şəxsin təkliklə olarkən bu addımı atması ilə bağlıdır.
Bu məsələdə diqqət çəkən və təəssüf doğuran məqam ondan ibarətdir ki, intihar hadisəsi də narkomaniya problemi kimi getdikcə gəncləşir. Son aylarda intihara cəhd edənlər və ya bu addımı atanların əksəriyyətinin gəcn olması belə deməyə əsas verir. Nisbətən gənclərin, hətta orta məktəb şagirdlərinin belə intihara cəhd etməsi öz-özlüyündə bir reallığı da ortaya çıxarır. Belə ki, bir çoxları intihar hadisəsinin sosial durumun ağırlığından irəli gəldiyini iddia edir. Ancaq son intihar hadisələri və onların iştirakçılarının orta məktəb şagirdləri olduğunu nəzərə alsaq, o zaman intiharın sosial durumlıa bağlı olmadığı üzə çıxar. İntihar hadisəsi daha çox psixoloji problemlə əlaqədardır. Onu da qeyd etmək yerinə düşər ki, ölkədə intihar hallarının sayının artması cəmiyyətin hər bir üzvündə təəssüf doğurur və bundan çıxış yolları axtarılır. Artıq məsələnin Milli Məclis səviyyəsində də qaldırılıb müzakirə edilməsi kimi hallarla rastlaşırıq. Paralel olaraq bir sıra millət vəkilləri də müntəzəm olaraq həyəcan təbili çalırlar.
Elə Şəmkirdən millət vəkili seçilmiş Sona Əliyeva da bu qənaətdədir. O, bildirib ki, son zamanlar az qala hər gün bir intihar hadisəsi haqqında xəbər oxuyur. Millət vəkili təəssüf hissi ilə qeyd edib ki, intihar edənlər gənclərdir: "Bu gün abituriyentlərin sonuncu imtahanıdır və içimi təşviş bürüyüb, gənclərin hər kiçik məğlubiyyətdən sarsılıb həyatla vidlaşmaq istəməsi məni çox qorxudur. Əslində məğlubiyyət də deməyək, məqsədlərinə çatmayanda, hər şey arzuladıqları kimi olmayanda və eqoizmləri xarakterlərinə güc gələndə. Bəs biz harda səhv etdik, harda yanıldıq və gəncliyimizi belə zəif yetişdirdik". Sona Əliyeva deyib ki, bəlkə məğlubiyyətlərimizin qələbələrimizdən cox olduğu həyatımızda övladlarımıza hər istədiyini verdik, xəyallarını doğrultduq, eqoizmlərini bəslədik, inciməyə ağrımağa qoymadıq, zəhmətə alışdırmadıq: "Bəlkə daha çox təzyiq göstərdik, daha yaxşı nəticələr istədik, olmazların mümkünlüyünü tələb etdik və bütün bunların içərisində onları dinləməyi unutduq, onların istədiklərinin yox öz arzularımızın reallaşmasını arzuladıq, dost,bacı, qardaş olmağı unutduq, başqa qapılarda başqa çarələr axtarmasına nail olduq. Eqoistliyimiz imkan vermədi çünki, bizim yalançı zəfərlərimizin verdiyi eyforiyada övladlrımızı az-az necə itirdiyimizi, bizdən uzaqlaşdığını hiss etmədik. İndiki zamanda yaşantıların dünyasında yaşamağa, arzuların qanadında xəyalları fəth etməyə dəyməzmi?".
Millət vəkili deyib ki, İnsan olaraq sevdiklərimizi etməyə və bundan aldığımız gücdən ruhlanaraq dunyaya mərhəmət və sevgi bəxş etməyə gəlmədikmi? Təssüf ki, onsuz da gərgin olan həyatımızı daha da gərginləşdirməkdə, düşünmədən, hiss etmədən yaşamaqda davam edirik və belə yaşadıqca bütün dəyərləri və dəyərliləri itirməyə addım-addım yaxınlaşırıq. Gəlin, gənclərimizin səsini duyaq, arzularını bilək, xəyallarına ortaq olaq və övladlarımızla dostlaşaq, Qoy onlar ölümün əlindən deyil bizim qolumuzdan tutsunlar, bizə sığınsınlar, bizdən güc alsınlar.... bunun düsturu çox sadədir... İcazə verin, övladlarınız arzularının arxasınca getsinlər və bu yolda yeganə dostları siz olun". Millət vəkili qeyd edib ki, yazını yazma səbəbim, Sumqayıtda az bal yığdığına görə intihar edən və daha sonra eyni yerdə övlad sarsıntısına dözməyib intihar edən ananın faciəsindən təsirlənməyimdir. Biz cəmiyyətimizin üzvlərini çox primitiv və sadə səbələrdən itirdik, halbuki her şey çox yaxşı ola bilərdi".
Füzuli