“Hər şeyə rəğmən” adlı müzakirə xarakterli görüş keçirilib
26 İyul 2018 13:49 SosialƏlilliyi olan şəxslərin digərlərindən fərqləndirilməməsi, onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədilə 26 iyul 2018-ci il tarixində "Park İnn Hotel"ində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən xüsusi istedadlı, yaradıcılıq qabiliyyətləri olan həmin insanlarla "Hər şeyə rəğmən" adlı ilk müzakirə xarakterli görüş təşkil olunmuşdur.
Bu baxımdan xüsusi qayğıya ehtiyacı olan insanların digər insanlardan fərqlənməməsini, onların cəmiyyətin bərabər hüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən qurtulmalarına çalışmaq hər birimizin borcudur.
Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək vurğuladı ki, bunun üçün mütəmadi olaraq bu insanlarla ünsiyyətdə olmağa, onlara mənəvi cəhətdən yardım göstərməyə, daima dinləməyə və anlamağa çalışmaq lazımdır.
Görüşdə müxtəlif dövlət qurumlarının nümayəndələri, əlilliyi olan insanlarla çalışan təşkilatlar iştirak etmişlər. Tədbir zamanı əlilliyi olan vətəndaşların məşğulluq imkanlarına yiyələnmələrinə daha geniş şərait yaradılması, yeni layihələrin hazırlanaraq həyata keçirilməsi, sağlamlıq imkanları məhdud şəxslərin mədəniyyət sahəsində fəaliyyətinə dair müzakirələr aparılmışdır.