Kimlər vərəsəlik hüququndan məhrum edilirlər?

Son vaxtlar vərəsəliklə bağlı problemlər gündəmi zəbt etməkdədir. Məlumata görə, bu sahədən  olan işlər məhkəmələrdə çoxluq təşkil edir. Məsələ orasındadır ki, vətəndaşların vərəsəliklə bağlı bilgiləri kifayət qədər olmadığından lazımi prosedurları həyata keçirmirlər. Bu isə sonradan əlavə problemlərin yaranması ilə nəticələnir. Məlumat üçün qeyd edək ki, AR Mülki Məcəlləsində "vərəsəlikdən məhrum etmə" anlayışı birmənalı istifadə edilməmişdir. Qanunda vərəsəlikdən məhrum etmə bəzən məcburi pay sahibi olan vərəsələrin vərəsəlik hüququndan məhrum edilməsi (1203.1-ci maddə "Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür, bəzən isə məcburi pay sahibi olmayan vərəsələrin vərəsəlik hüququndan məhrum edilməsi mənasında istifadə olunmuşdur (1176-cı maddə "Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir"). Həmçinin, AR Mülki Məcəlləsinin "Ləyaqətsiz vərəsə" başlığını daşıyan 1137-ci maddəsində nəzərdə tutulan hərəkətləri həyata keçirən şəxsin ləyaqətsiz vərəsə olacağı və vərəsəlik hüququndan məhrum olacağı tənzimlənmişdir.

Ləyaqətsiz vərəsəlik AR Mülki Məcəlləsininin "Ləyaqətsiz vərəsə" başlığını daşıyan 1137-ci maddəsində tənzimlənmişdir. AR Mülki Məcəlləsininin 1137-ci maddəsinə görə, "miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneçilik törətmiş və bununla da özünün və ya özünəyaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

Maddə mətnindən də görüldüyü kimi, AR Mülki Məcəlləsinin 1137-ci maddəsinə ləyaqətsiz vərəsəliklə bağlı iki hal nəzərdə tutulmuşdur: Birincisi, miras qoyanın son iradəsinin həyata keçirməsinə qəsdən maneçilik törədilməlidir. Eyni zamanda, miras qoyanın son iradəsinin həyata keçirilməsinə maneçilik törədən şəxs bununla özünün və ya yaxın şəxslərin mirasdan pay almalarına və ya miras paylarının artmasına səbəb olmalıdır. Burada hər iki şərtin, eyni zamanda reallaşması vacibdir. Əgər şəxs miras qoyanın son iradəsinə maneçilik törədərsə, amma bundan özü və ya yaxınları bir mənfəət götürməzsə, o zaman bu maddə çərçivəsində ləyaqətsiz vərəsə sayılmaz. Bu vəziyyətdə şəxs başqalarına vurduğu zərərə görə məsuliyyət daşıya bilər, amma ləyaqətsiz vərəsə olmaz. Çünki ləyaqətsiz vərəsəlik üçün tələb olunan iki şərtin ikisi də eyni zamanda reallaşmamışdır. Əgər şərtləri varsa miras qoyanın son iradəsinə maneçilik törədilməsindən zərər görən şəxslər mülki hüquq pozuntusu əsasında zərərə səbəb olandan təzminat tələb edə bilərlər. MM 1137-ci maddəsində nəzərdə tutulan ikinci hal isə vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törədilməsi halıdır. Bunun üçün, ilk növbədə vəsiyyətnamədə vəsiyyət edənin son iradəsi ifadə edilmiş olmalıdır. Qısaca desək, etibarlı bir vəsiyyətnamə olmalıdır. Bundan başqa, vərəsə vəsiyyətnamədə ifadə edilmiş iradəyə qarşı qəsdən cinayət və əxlaqsız hərəkət törətmiş olmaldır. Burada hər hansı bir əxlaqsız və ya cinayət əməli deyil, qəsdən törədilmiş bir əməl şərtdir. Bu şərtlər reallaşarsa, əməli törədən vərəsə maraqlı şəxslərin tələbi üzərinə məhkəmə qaydasında ləyaqətsiz vərəsə sayılır.

AR Mülki Məcəlləsinin 1137-ci maddəsində nəzərdə tutulan ləyaqətsiz vərəsəlik hallarından başqa da məcburi pay sahiblərinin vərəsəlik hüququndan məhrum edilməsi mümkündür. Məlum olduğu  kimi, ləyaqətsiz vərəsəlik, miras əmlakından pay almağa "layiq" olmayan şəxslərin məhkəmə qaydasında vərəsəlikdən məhrum edilməsini nəzərdə tutur. AR Mülki Məcəlləsinin 1138 və 1164-cü maddələrində də açıq ifadə edilməsə də məcburi pay sahiblərinin vərəsəlik hüququndan məhrum edilməsi tənzimlənmişdir. Çünki hər iki maddədə də məcburi payın qorunmasına əsas təşkil edən münasibətin pozulduğu görülməktədir. Eyni zamanda, maddələrdə nəzərdə tutulan şərtlərin reallaşması halında şəxsin məhkəmə qaydasında vərəsəlikdən məhrum ediləcəyi tənzimlənmişdir. Vərəsəlik qanunvericiliyinə nəzər saldıqda, məhkəmə qaydasında vərəsəlik hüququndan məhrum etmənin məcburi pay sahibləri üçün nəzərədə tutulan bir prosedur olduğu görüləcəkdir.

Mövzuyla bağlı olaraq AR Mülki Məcəlləsinin "Vərəsə ola bilməyən valideynlər" başlığını daşıyan 1138-ci maddəsinə görə miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, miras qoyanın saxlanılması üçün öhdələrinə qoyulmuş vəzifədən boyun qaçırma vərəsəlik hüququndan məhrum edilməyə səbəbdir. Qeyd edilməlidir ki, maddə "vərəsə ola bilməyən valideynlər" başlığını daşısa da, burada öhdəlikdən boyun qaçıran şəxs, sadəcə valideyn deyil, övlad və ər-arvad da ola bilər. Çünki şəxslərin saxlanılması öhdəliyi qayda olaraq, ailə üzvlərinin bir-birlərinə qarşı öhdəlikləri olub, qanunvericilikdə nəzərdə tutulan hallarda yerinə yetirilməsi məcburi xarakter daşıyır. Bu cür öhdəliklər olduqca məhduddur və ailə qanunvericiliyində nəzərdə tutulmuş ailə üzvlərinə aid olan öhdəliklərdir. Qanunda bu öhdəliklər dar çərçivədə valideynlərin övladlarına qarşı, ər-arvadın biri-birinə qarşı öhdəlikləri şəklində müəyyən olunub. Halbuki vərəsələr arasında olan münasibət, sadəcə bunlardan ibarət deyildir. Beləliklə, miras qoyanın saxlanması üzrə qanundan irəli gələn öhdəliyi yerinə yetirməyən vərəsə, vərəsə olmağa "layiq" deyildir və məhkəmə qərarına əsasən ləyaqətsiz vərəsə sayıla bilər. Mövzuyla bağlı digər bir hal AR Mülki Məcəlləsinin "Nikah münasibətlərinin faktik xitamı zamanı vərəsəlik hüququndan məhrum edilmə" başlığını daşıyan 1164-cü maddəsində tənzimlənmişdir. Sözügedən  maddəyə görə əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31