“Məkkə sazişi”nə İran da qoşulur?- ÖZƏL
12:21 SiyasətTürkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış müdafiə əməkdaşlığı sazişi ilk baxışdan ABŞ və İsrailin İranla qarşıdurması fonunda meydana çıxmış, əsasən İrana və ya İsrailə qarşı yönəlmiş yeni hərbi blok kimi qiymətləndirilir. Lakin geosiyasi proseslərin dərin təhlili göstərir ki, bu saziş təkcə cari təhlükəsizlik problemlərinə cavab deyil, həm də İslam dünyasının gələcək kollektiv təhlükəsizlik modelinin əsasını təşkil edə biləcək strateji layihə ola bilər.
Bu baxımdan ən diqqətçəkən məqam Səudiyyə Ərəbistanında son onillikdə həyata keçirilən daxili transformasiyadır. Uzun illər vəhhabi ideologiyası əsasında idarə olunan ölkədə dini institutların, xüsusən də Ali Dini Şuranın (Heyət Kibar əl-Üləma) yenidən təşkil edilməsi, dini polisin (Əmr bil-Məruf) səlahiyyətlərinin məhdudlaşdırılması, radikal din xadimlərinin vəzifədən uzaqlaşdırılması, bəzilərinin isə həbs olunması, eləcə də qadınların hüquqlarının genişləndirilməsi, musiqi və ictimai-mədəni tədbirlərə qoyulan qadağaların aradan qaldırılması dövlətin daha mülayim dini-siyasi model formalaşdırmaq istiqamətində addımlar atdığını göstərir. Rəsmi Ər-Riyad vəhhabizmdən imtina etdiyini bəyan etməsə də, aparılan islahatlar faktiki olaraq bu istiqamətdə dönüşün mühüm əlamətləri kimi qiymətləndirilə bilər.
Məhz belə bir transformasiya fonunda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının müdafiə əməkdaşlığı artıq yalnız sünni dövlətlərinin yaxınlaşması deyil, daha geniş miqyasda İslam dünyasının ortaq təhlükəsizlik platforması cəhdi kimi də dəyərləndirilə bilər. Bu modelin İslam dünyasında məzhəb fərqlərini arxa plana keçirərək ümumi təhlükəsizlik perspektivi yaratması da istisna deyil.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi də İranın bu sazişin ona qarşı yönəldiyini düşünmədiyini və bunu region ölkələrinin təhlükəsizlik məsələlərində xarici güclərdən daha az asılı olmaq cəhdi kimi qiymətləndirdiyini bildirib.
Belə bir ssenari İranla bağlı da yeni geosiyasi ehtimallar yaradır. Artıq İranda zəifləmiş Ali dini lider institutunun və SEPAH-ın faktiki hakimiyyətdən kənarlaşdırılması qlobal güc mərkəzlərinin əsas strateji hədəfi kimi özünü göstərir və İrana qarşı tətbiq edilən hərbi güc, iqtisadi və dəniz blokadası paralel olaraq ölkədə daxili transformasiya şəraitinin yaradılmasına hesablanıb. Dini ideoloji cəbhələr olan vəhhabizm və şiəçilik kontekstində Səudiyyə Ərəbistanının vəhhabizmdən, İranın isə fars radikal şiə konsepsiyasından imtina etməsinin müəyyən razılıq daxilində baş verməsi ehtimalı da istisna deyil. İranda siyasi sistemdə fundamental dəyişikliklər baş verərsə, regionun ümumi təhlükəsizlik mexanizminə inteqrasiya, o cümlədən "Məkkə sazişi"nə qoşulması ehtimalı yüksəkdir.
Digər mühüm amil ABŞ faktorudur. Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Vaşinqtonla müxtəlif səviyyələrdə strateji tərəfdaşlıq münasibətlərinə malik dövlətlərdir. Bu səbəbdən "Məkkə sazişi" kimi müdafiə platformasının ABŞ-ın ən azı dolayısı ilə razılığı və ya etirazı olmadan formalaşması geosiyasi qiymətləndirmələr sırasındadır. Eyni zamanda, son illərdə Vaşinqtonun regionun təhlükəsizliyində birbaşa iştirakını azaltmaq və məsuliyyətin daha çox regional dövlətlər tərəfindən bölüşdürülməsi yanaşması da bu ehtimalı gücləndirən amillərdən biridir.
Beləliklə, Məkkə müdafiə sazişi yalnız üç dövlət arasında imzalanmış hərbi əməkdaşlıq sənədi deyil. O, Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının, gələcəkdə isə daha geniş İslam kollektiv təhlükəsizlik sisteminin başlanğıcı kimi də qiymətləndirilə bilər. Bunun nə dərəcədə reallaşacağını isə regionda, xüsusilə İranın daxili siyasi transformasiyası və qlobal güclərin geosiyasi seçimləri müəyyən edəcək.
Vüqar Dadaşov
Hüquqşünas