Azərbaycan Respublikasının birinci vitse prezidenti...

Müdrik, uzaqgörən, dərin dərrakəli xanımdır. Xeyirxah və mərhəmətlidir, insanları sevindirməyə tələsir. Daxili dünyasının zənginliyi çöhrəsində nura çevrilib onu daha da işıqlı göstərir. Məqsədə doğru əzmlə addımlamağı bacarır...

Deyir ki:- "Anam orta məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutaraq, nəticədə görkəmli filoloq, şərqşünas-alim olmasına səbəbkar olmuşlar. Və anam Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda müxtəlif vəzifələrdə çalışmış, sonda həmin institututa rəhbərlik etmişdi. Bax, onun bu baş tutmayan arzusu mənim seçimimi müəyyənləşdirdi və mən həkim oldum..."

Evinə, ailəsinə çox bağlıdır. Onun olduğu yer ideal təmiz, təravət qoxusu ilə dolu olmalıdır. Səliqə-səhmanı xoşlayır. Rənglərin uyğunluğuna, nizam-intizama önəm verir, qarışıqlığı, səliqəsizliyi sevmir...

...İki qız, bir oğul anası, bir neçə nəvənin nənəsidir...

"Mən öz vəzifələrimi vaxtında yerinə yetirmək üçün düzgün iş forması, düzgün tarazlıq tapmağa çalışıram. Əlbəttə, mən ilk növbədə həyat yoldaşımın xanımıyam, uşaqlarımın anasıyam, beş nəvəm var və həyatımın bu hissəsinə ayırdığım diqqətin ikinci plana keçməsini əsla istəmirəm. Əsla! İndiyə qədər bunu bacarmışam. Ümidvaram ki, gələcəkdə də bunu bacaracağam. Mən bişirib-düşürməyi çox xoşlayıram. Bu işlə məşğul olanda yaxşıca dincələ bilirəm. Axı dadlı yeməklər hazırlamaq da müəyyən mənada yaradıcı işdir. Mən bu işi sevirəm, bu işi görürəm və bacarıram..."- söyləyir.

Son dərəcə diqqətlidir. Yaxşılara dəyər verməyi, diqqət göstərməyi bacarır. Onun üçün dürüstlük çox əhəmiyyətlidir. Düşünmədən heç zaman qərar vermir. Qərar verdisə, tərəddüt etmədən həyata keçirməyə tələsir. Soyuq, biganə deyil, son dərəcə həssas və şəfqətli insandır. Ona pənah gətirən hər kəsə dəstək verməyə, yardım etməyə çalışır...

Deyir ki:- "Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır - istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır..."

Dövlətini, xalqını sevən, vətənpərvər xanımdır. Dünyada mövcud olan 200-ə yaxın müstəqil dövlətin sırasında Azərbaycanın da olmasından qürur duyur...

"Biz 34 ildir ki, müstəqil dövlətik. Müstəqillik xalqımız üçün çoxdan gözlənilən, qiymətli dəyər idi. Məqsədimiz və arzumuz inkişaf etmiş, güclü, azad ölkədə yaşamaqdır. Sözsüz ki, bu, çox güclü motivasiyadır. Eyni zamanda, beynəlxalq aləmdə müasir Azərbaycanın real və obyektiv imici formalaşıb. Biz öz tarixi köklərimizə, ənənələrimizə bağlıyıq. Bununla belə, dünyaya açığıq. Bizim üçün dözümlülük, tolerantlıq, multikulturalizim təkcə son zamanlar dəbdə olan sözlər deyil. Bu, Azərbaycan xalqının çoxəsrlik həyat tərzi və fəlsəfəsidir. Bu gün ölkəmiz siyasi, mədəni və iqtisadi sahələrdə çox sayda beynəlxalq konfrans, forum və görüşlərin keçirildiyi ölkədir. Bu, qədim ənənələrin müasir meylidir. Ölkəmizə gələn hər bir qonaq möhtəşəm inkişafla yanaşı, azərbaycanlıların məxsusi qonaqpərvərliyini və genişürəkliliyini qeyd edir. Bizim yaşıdlarımızın bəxti gətirib ki, Azərbaycanda həqiqətən böyük dəyişikliklər və zəfərlər dövründə yaşayırıq, bütün quruculuq proseslərinin iştirakçısı ola bilərik. Sadəcə, Vətəni sevmək və onu qiymətləndirmək lazımdır..."- söyləyir.

Onun haqqında çox danışa bilərdim, amma yaxşı bilirəm ki, barəsində söhbət açdığım Mehriban xanım Əliyevanı ölkəmizdə hamı yaxşı tanıyır. Xüsusi təqdimata ehtiyac yoxdur. Onu sevir, ona inanırlar. 1964-cü ilin avqust ayının 26-da anadan olub. Dünyaya gəlişi həftənin üçüncü gününə təsadüf edir. Həftənin 3-cü günü isə Merkuri planetinin təsiri altında olduğundan Mehriban xanım fitrətdən yüksək mənəvi zənginliyə, iti zəkaya malikdir. İnsanlarla ünsiyyət qurmağı rahat bacarır. Çevik və ürəyiyanan insandır. Sürətli düşünmə qabiliyyəti var, hər cür yeniliyə tez uyğunlaşır. Xarici görünüşünə və geyim tərzinə diqqət etməyi xoşlayır. Gözəl zövqlü xanımdır, təbii gözəlliyə üstünlük verir...

...Yeri gəlmişkən, avqustun 26-sı ölkəmizin birinci vitse prezidentinin növbəti ad günüdür. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram!..

Elman Eldaroğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31