İctimai nəqliyyatda özbaşınalığın pik həddi
26 İyul 2018 13:10 Sosial"Xoşun gəlmir, taksi ilə get"
Müasir dünyada sərnişindaşıma ilə bağlı elə də ciddi problemlər müşahidə olunmur. Əksər ölkələrdə bu problem çoxdan aradan qaldırılıb, oturuşmuş bir sistem yaradılıb. Düzdür tıxac priblemi hələ də bəzi ölkələrdə müşahidə olunsa da bunun sərnişindaşımada göstərilən keyfiyyətli xidmətə heç bir aidiyyatı yoxdur. Azərbaycanda da son vaxtlar sərnişindaşımada həyata keçirilən islahatlar, edilən yeniliklər vətəndaşlara yüksək keyfiyyətli xidmətə hesablanıb. Artıq bunun konkret nəticələri də var. Belə ki, "BakıBus" avtobuslarında tətbiq edilən yeniliklər sözün həqiqi mənasında vətəndaşların təhlükəsiz və rahat şəkildə mənzil başına çatmasına hesablanıb. Ancaq ölkənin sərnişindaşımasında problemlər bununla bitmir. Hələ bu sahədə görüləcək işlər kifayət qədərdir. Təəssüf ki, bəzi marşurut sahibləri xidmətin keyfiyyətini daha da yüksəltmək əvəzinə, hansı yolla olursa olsun daha çox qazanc əldə etmək barədə düşünürlər. Təbii ki, bu istəyin qurbanına vətəndaşlar çevrilirlər. Daha acınacaqlısı odur ki, bu işdə ölkənin nəqliyyat sahəsinə nəzarət edən dövlət orqanları da onlara dəstək olurlar. Bu dəstək yeni xətlərin açılmasından tutmuş qiymət artımına qədər əksər sahələri əhatə edir. Məsələ orasındadır ki, daşıyıcı şirkətlər marşurut sahiblərinə edilən dəstəyi elə tərzdə əsaslandırırlar ki, insanların heysiyyatına toxunur. Hansı ki, avtobusların təmiz və səiqəli olması, standartlara cavab verməsi, xidmətin yüksək səviyyədə olması üçün birbaşa özləri cavabdehdirlər.
Qeyd etmək yerinə düşərdi ki, indiyə qədər ölkənin nəqliyyat infrastrukturunun inkişafı istiqamətində görülən tədbirlər lazımi nəticəni verməyib. Son illər ərzində müasir tələblərə cavab verən yolların çəkilməsinə, ölkəyə yeni iritutumlu avtobusların gətirilməsinə, ən nəhayət intellektual idarəetmə sisteminin quraşdırılmasına baxmayaraq hələ də insanlar sərnişindaşıma ilə əlaqədar əziyyət çəkməkdədir. Xüsusən, respublikada sərnişindaşıma sahəsindəki problemlər uzun illərdir ki, davam etməkdədir. Yolların genişləndirilməsi, dairəvi magistral yolların çəkilməsi də sözügedən problemin həllində əhəmiyyətli rol oynaya bilməyib. Vəziyyət o həddə çatıb ki, artıq paytaxt Bakıda avtomobillə hərəkət mümkünsüz olub. Yəni, uzun-uzadı tıxaclarda saatlarla qalmaq paytaxt sakinlərinin gündəlik həyat tərzinə çevrilib. İş orasındadır ki, sərnişindaşıma sahəsindəki problemlərin aradan qaldırılması istiqamətində görülən tədbirlər də müsbət nəticə vermir. Əksinə, belə addımlar insanlar üçün əlavə problemə çevrilir. Sözügüdən prosesə "işbazlar"ın da müdaxiləsini əlavə etsək, vəziyyətin nə qədər acınacaqlı olduğunu görmək elə də çətin olmaz. Son günlər sərnişinlərin ən çox üzləşdikləri problemlərdən biri də avtobusların xətdən çıxarılmasıdır ki, bununla insanlar ikiqat əziyyətə düşmüş olur. Bu əziyyət həm mənzil başına çatmaq, həm də maddi vəziyyətə mənfi təsiri ilə müşayiət olunur. Özəl sektor tərəfindən qeyri-qanuni qiymət artımı, marşrutlardakı özbaşınalıq və ən nəhayət sürücülərin mədəniyyətsizliyi sərnişinləri təngə gətirib. Vəziyyət o həddə çatıb ki, sərnişinlərdən kimin hansı qapıdan avtobusa minməsi, harada oturması, kimin hansı dayanacaqda düşməsi barədə sürücülər qərar verir. Buna etiraz edənlərin isə avtobusdan düşməsi tələb edirlər. Məlumat üçün qeyd edək ki, belə hallar daha çox Bakıətrafı kənd və qəsəbələr istiqamətində hərəkət edən avtobuslarda maşahidə olunur. Artıq neçə illərdir ki, Bakı-Novxanı xətti üzrə hərəkət edən 123 saylı avtobus sərnişinlərin həlledilməz probleminə çevrilib. Əvvala onu qeyd edək ki, sözügedən avtobus kiçik həcmli olduğundan ərazidə yaşayan sakinlərin tələbatını ödəmir. Üstəlik yay aylarında bağ evlərinə və çimərliyə gedən insanların sayı artığından vəziyyət bir az da qəlizləşir. Qəribəsi odur ki, avtobusun əksər sürücüləri kənd sakinləri olduğundan xüsusi qayda tətbiq edirlər. Belə ki, kənar dayanacaqdakı sərnişinlər arxa qapıdan, Novxanı sakinləri isə qabaq qapıdan minməlidir. Sərnişin sıxlığı müşahidə olunduqda avtobusa minmək üçün yalnız "kənd camaatına" şərait yaradılır.
Redaksiyamıza müraciət edən vətəndaşlar konkret olaraq 123 saylı avtobusda hökm sürən acınacaqlı vəziyyətdən narazılıq edirlər. Vətəndaşların bildirdiyinə görə, sözügedən avtobus Azadlıq metrosu-Novxanı çimərliyi marşrutu üzrə işləsə də aradakı kənd və qəsəbə sakinlərinin bu marşrutdan istifadə imkanları məhduddur. Belə ki, həmin ərazidə yaşayan vətəndaşlar yalnız gündüz saatlarında bu avtobusdan istifadə edə bilərlər. Səhər və axşam vaxtları isə sürücülər özbaşına olaraq onları bu hüquqdan məhrum edirlər. Baxmayaraq ki, avtobusda Azadlıq prospekti-Binəqədi 20, Novxanı 30, Çimərlik 40 qəpik yazılıb, lakin sürücülər yalnız Novxanı sakinlərinin avtobusdan istifadə hüquqları olduğunu bildirirlər. Təsadüfdən avtobusa minən Binəqədi sakinləri düşən zaman mütləq söyüş və təhqirə məruz qalırlar. Sürücülər sərnişinlərin onların xəbərdarlığını nəzərə almadan avtobusa mindiklərini əsas gətirərək lazımi dayanacaqda deyil, kilometrlərlə aralıda saxlayırlar. 123 saylı avtobusda yaşanan digər problem kimin hansı qapıdan minib-düşməsi ilə bağlıdır. Belə ki, sürücülər yalnız Hovxanıda minən kişilər üçün qabaq qapını açırlar. Digər vaxtlar kişilər arxa, qadınlar isə qabaq qapıdan minməlidir. Əks halda sərnişinlər arasında mütləq dava-dalaş düşməlidir. Son zamanlar isə bu məsələ daha da aktuallaşıb. Belə ki, dispetçerlərin iş yerində olmaması ucbatından demək olar ki, hər gün eyni proses davam etməkdədir. Özbaşınalıq o həddə çatıb ki, sürücülər və onlara dəstək verən "yerli gənclər" irəli qapıda dayanaraq kimin hansı qapıdan minəcəyini müəyyən edirlər. Haqqını tələb edən sərnişinləri isə ümumiyyətlə avtobusdan düşürürlər. Sözügedən marşrutda üçüncü yaşanan problem sürət həddi ilə bağlıdır ki, heç kim sürücülərə "asta sür maşını" deyə bilməz. Çünki axşam saatlarında sürücülərin əksəriyyəti aqressivləşir, bəziləri isə sanki "kefli" olurlar. Binəqədi yolundakı tıxacdan çıxan sürücülər itirdikləri vaxtı Novxanı-Çimərlik yolunda qazanmağa çalışırlar. Bu isə vətəndaşların mənzil başına sağ-salamat çatması baxımından olduqca təhlükəlidir. Məhz bunun nəticəsidir ki, tez-tez həmin yolda insan ölümü ilə nəticələnən avtobus qəzaları baş verir. Sərnişinlər isə dərdlərini deməyə ünvan tapa bilmirlər. Çünki, 123 saylı avtobusun sahibi sərnişinlər arasına çıxmır, dispetçerlər isə prosesi sürücülərin ixtiyarına buraxıblar. Məsələ orasındadır ki, sərnişinlərin alternativ nəqliyyatdan istifadə imkanları da yoxdur. Dəfələrlə aidiyyəti orqanlara müraciət edilməsinə baxmayaraq xəttə alternativ marşrutların buraxılması mümkün olmayıb. Baxmayaraq ki, ətraf kənd və qəsəbələrdə yaşayan insanların sayı dəfələrlə artıb. Yalnız bir gün Corat-Memar Əcəmi marşrutu xəttə buraxılıb və dərhal da yığışdırılıb. Çünki, 123 saylı avtobusun sahibi buna imkan vermir. Üstəlik marşrut sahibi Tarif Şurasının qərarının əleyhinə çıxaraq müəyyən edilmiş 30 qəpiklik gediş haqqı əvəzinə özbaşına 40 qəpik müəyyən edib. Özü də bu vəsait sərnişinlərdən illərlədir ki, zorla alınır. Məlumata görə, 26 aprel 2013-cü il tarixində keçirilmiş iclasda şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin tariflərinə baxılmış və tariflər dəyişdirilmədən əvvəlki kimi saxlanılıb. Belə ki, şəhərdaxili marşrutlarda sərnişindaşıma tarifi əvvəlki kimi 20 qəpik təsdiqlənib, şəhərətrafı və qəsəbələrarası marşrutlar isə mövcud tariflərə uyğun olaraq məsafələr üzrə qruplaşdırılıb.Tarif Şurasının qərarına əsasən 123 saylı marşrutda gediş haqqı 30 qəpik müəyyən edilib. Elə isə marşrut sahibi hansı haqla sərnişinlərdən 40 qəpik yığır? Sürücülərə isə belə sualla müraciət etmək vətəndaşlara 2 manata başa gəlir. Yəni, həmin şəxslər sürücülərin "xoşun gəlmir, taksi ilə get" ittihamı qarşılığında 2 manat verib taksi ilə mənzil başına çatmalıdır. Əks halda onların avtobusa minməsi qeyri-mümkündür. Maraqlıdır ki, eyni vəziyyətin illərlə davam etməsinə baxmayaraq yerli icra strukturları heç bir əməli tədbir görməkdə maraqlı deyillər.
Alim