Ekspertdən xəbərdarlıq: “Ağzımıza qoyduğumuz hər bir tikənin necə hazırlandığını düşünməliyik”
26 İyul 2018 13:06 SosialGünlər keçdikcə, nemətlər artıqca sanki ağzımızın dadı da gedir, sənayeləşmə bizləri ağuşuna almış apardıqca aparır. Xəstəliklər cavanlaşıb çarəsi olmayan xəstəliklər çoxalıb, cavan ölümləri artıb.
Elə tibb məsələləri üzrə ekspert Füzuli Hüseynov da bu qənaətdədir.
Onun sözlərinə görə, bu gün elə bir dövrdə yaşayırıq ki, ağzımıza qoyduğumuz hər bir tikəni düşünməliyik: "Əgər bu gün biz düşünməsək, sabah gec olsa səbəbi özümüzdə axtarmalıyıq. Ona görə də gündəlik istifadə etdiyimiz ərzaq məhsullarının istehsal, saxlanma, istifadə qaydalarına diqqət etməliyik". Füzuli Hüseynov deyib ki, gündəlik ərzaq məhsullarından biri də pendirdir: "Təəssüflər olsunki, kəndlərimizdə belə pendir süni hazırlanılmış mayalarla mayalanır, amma bizlər bu pendiri təbii pendir bilib yeyirik. Bu gün insanlarımızın beyni, təfəkkürü düzgün çalışmağı bacarmalıdır ki mən nə yeyirəm və bunu yeyəndən sonra nə ola bilər. Məsələn çox yox 20 il bundan əvvəl demək olardı ki, süni mayalar yox idi, hamı təbii mayadan istifadə edirdi. Təbii maya nədir və üstünlükləri nədir. Təbii maya qoyun keçi və buzovun birinci qat mədəsidir. Buna xalq arasında qursaq deyirlər. Bu mədənin daxili qat-qat şəklində olur, bunu hər heyvan kəsiləndə görmək olar. Əgər heyvan nə qədər balacadırsa onun qursağı bir o qədər təsirlidir, yəni daha çox südü mayalaya bilir. Deməli qursaq duzlanılır və havada qurudulur, sonra yuyulur, təmizlənir, 3 litrlik balonun yarısına qədər su töküb qursaq suya salınır. Qursaq həmişə suda saxlanılmalıdır, Pendir mayalayanda 10 litr südün içinə 1-2 çay qaşığı bu sudan töküb südü mayalamaq olar. Hazırladığınız pendirin südü mütləq təbii süd olmalıdır, mağazadan alınmış südlə hazırlanılmış pendirin probiotiki demək olar yox dərəcəsindədir. Xatırladım ki, bu maya təbii mayadır, bu mayanın içində canlı mikroorqanizmlər var. Həmin mikroorqanizmlər südün içində artıb çoxalır. Biz bu süddən hazırlanılmış pendiri yeyəndə həmin mikroorqanizmlər bağırsaq probiotikləri deyilən bakteriyaların əsasını qoymuş olur, yəni probiotiklərə çevrilir. Əgər bizim bağırsaqlarımızda lazımi sayda probiotik varsa, deməli bizim immunitetimiz lazımi qaydasında olacaq. Sonda bizdə sistem xəstəlikləri, şiş xəstəlikləri, allergiyalar virus və mikrob mənşəli xəstəliklər əhəmiyyətli dərəcədə azalacaq və ya olmayacaq. Çalışın çörəyi də, pendiri də özünüz evdə hazırlayın və təbii mayadan istifadə edin. Pendir hazırlayanda pendirin suyunu atmayın, pendir suyu xolesterini azaldır, arıqlamaq istəyənlər üçün mükəmməldir, təbii sakitləşdiricidir. Pendir suyundakı zəngin amin turşular və zülallar həm idmançılar, həm də əzələ zəifliyi (iflic keçirmiş insanlar) üçün mükəmməldir. Qaraciyər xəstəlikləri (hepatitlər və sirroz) üçün çox faydalıdır, qadınlarda hormonal pozğunluqlar üçün də faydalıdır. Pendir hazırlayanda süzülmüş pendir suyunu soyuducuya qoyun, gündə 1-2 stəkan ac qarına için".
Füzuli Hüseynov deyib ki, bu gün hamımızın yediyi çörəklərin mayası süni üsulla hazırlanmış kimyəvi bir maddədir: "Bu, maya deyil. Süni maya ilə hazırlanmış çörəklə təbii maya ilə bişirilmiş çörək arasında böyük fərq var. Süni maya ilə biz öz ömrümüzü qayçılayırıq. Belə ki, süni maya mineral və vitamin sorulmasını ləngidir, bağırsaq mikroflorasını pozur, immun sistemimizi zəiflədir və allergiyaya meyilliyi artırır, amma təbii maya bunun tam əksinə təsir edir və Allahın bizə verdiyi ömrü sağlam yaşamağımıza yardımçı olur. Keçmişdə həmişə çörəyi təbii xəmirlə qıcqırdıb bişirirdilərsə, indi artıq çox insanlar təbii mayanın necə hazırlanmasını bilmir. Çalışın, həm uşaqlarınız, həm özünüz təbii mayadan və kəpəkli undan hazırlanmış çörək yeyəsiniz. Bunu yeyəndən 10 gün sonra öz vücudunuzda müsbətə doğru dəyişiklik hiss edəcəksiniz".
Məhəmməd