Ərəb turistlərinin mədəniyyətsiz davranışları -  sosioloq çıxış yolu dedi

"İlk növbədə başqa ölkələrin təcrübəsi öyrənilməli, turistlərlə maarifləndirmə işi aparılmalıdır"

Artıq bir neçə ildir ölkəmizə ərəb turistləri axın edir. İldən-ilə onların sayı daha da artmağa başlayıb. Son statistik məlumata görə, cari ilin yanvar-iyun aylarında ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 5,1, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 3,5, Bəhreyn vətəndaşlarının sayı 2,6, Qətər vətəndaşlarının sayı 2,1, Oman vətəndaşlarının sayı 1,6, İraq vətəndaşlarının sayı 44,3 faiz, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 8,8 faiz artıb.

Beləliklə, Körfəz ölkələrindən gələnlərin ümumi sayı 4,9 faiz artaraq, 276,6 min nəfər olub. Ümumilikdə ölkəmizə gələnlərin, demək olar ki, hər beş nəfərindən biri Körfəz ölkələrinin payına düşür. Təbii ki, ərəblərin ölkəmizə axını iqtisadi və turizm baxımından müsbət haldır. Lakin cəmiyyətdə onların yaratdığı narahatçılıqla bağlı da xeyli gileylər var. Xüsusən də mehmanxana, hotel,  iaşə obyektlərinin rəhbərləri ərəb turistlərin gəlişinə sevindikləri qədər onların təmizliyə riayət etmədiklərindən, qıcıq doğuran davranışlarından narazılıq edirlər. İctimaiyyətdə isə bəzən vətəndaşlar ərəblərin qeyri-etik, əxlaqdan kənar davranışları ilə bağlı narazılıqlarını gizlətmir.

Ölkəyə ərəb axını başladığı kimi, onlarla bağlı sosial şəbəkələrdə, mətbuatda xoşagəlməz videolar, şikayətlər də yayılmağa başlayıb. Məsələn, bir müddət qabaq istirahət mərkəzlərinin birində ərəb turistin təbii ehtiyacını üzdüyü hovuza etdiyi barədə ürəkbulandırıcı məlumat yayılmışdı. Doğrudur, həmin ərəb turistin bu davranışa görə 500 manat cərimələndiyi də bildirildi, lakin bu olay ərəb turistlərə qarşı qıcığı bir qədər də artırmış oldu.

Daha bir problem, ərəblərin qaldığı hotel otaqlarını və yaxud günlük evlərini pis, natəmiz hala gətirməsi ilə bağlıdır. Başqa bir iyrənc olayla bağlı video ötən il yayılmışdı. Bir ərəb təbii ehtiyacını küçədə ödəmişdi. Həmin video zamanında sosial şəbəkələrdə və mətbuatda ən çox müzakirə edilən məsələyə çevrilmişdi.

Təkcə adi vətəndaşlar, iaşə obyektlərinin rəhbərləri deyil, ölkənin tanınmış simaları da zaman-zaman ərəb turistlərin mədəniyyətsiz davranışından giley edir, sosial şəbəkələrdə statuslar paylaşır. Məsələn, teleaparıcı Zaur Baxşəliyev bir müddət bundan əvvəl Qəbələdə ərəblərlə bağlı şahidi olduğu hadisələri videoya çəkib, sosial şəbəkədə yerləşdirmişdi:"O gün Qəbələdə hotellərin birində 3 hadisənin şahidi oldum. Sözümə keçməzdən əvvəl onu deyim ki, qeyri-neft sektoru olaraq ölkəyə gəlir gətirən sahələr sırasında turizm çox önəmli olduğu üçün ölkəmizə turist artımına yalnız sevinirəm. Amma bu çəkdiyim videoda gördüyünüz ərəblər yeyib-içəndən sonra, yemək yedikləri 3 masanın üstünə qusub batırdılar. Hər zaman qapı ağzında turist həsrəti ilə gözü yollarda qalan, səbirsizliklə qonaq yolu gözləyən hotel işçilərinin simasında "ilahi, bunlar nə zaman gedəcək" sözləri açıq-aydın yazılmışdı. Qəbələdəki hotellərə bələd olanlar bilir ki, otaqlarda elektrik çaydanları olurdu, indi onları yığışdırıblar. Niyə?! Çünki bizim müsəlman qardaşlarımız ərəblər bu çayniklərdə sudan başqa hər şey qaynadır (yumurta, sosiska, düyü). Otaqlarda çıxardıqları hoqqalar az deyilmiş kimi, biri o gün girib hotelin hovuzuna böyük bayıra çıxıb! Ölkəyə gələn turistlər əgər pul ödəyirsə, bu, o demək deyil ki, masamıza qusub, hovuzumuza pislik etməlidir?!"

Bəs çıxış yolu nədir? Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu "Yeni Müsavat"a danışdı: "Öncə məsələni elə qoymaq lazımdır ki, biz bu turizmi məhdudlaşdıra bilmərik. Çünki dünya təcrübəsi var ki, müasir dövrdə turizm hansı ölkədə inkişaf edirsə, bu müsbət hal kimi qarşılanır. Belə ki, turistlər ölkəyə kifayət qədər maliyyə resursları gətirir. İkinci tərəfdən, bu ölkə haqqında məlumatın dünyada yayılmasına köməklik edir. Ümumən bu, hələlik ölkə üçün müsbət göstəricidir ki, turizm daha çox inkişaf etsin. Ona görə də məsələni elə qoymaq lazımdır ki, nə edək ki, turizm inkişaf etsin, amma ortalıqda problemlər də yaşanmasın? Düşünürəm ki, bu məsələ ilə bağlı ölkəmizdə bir neçə boşluq var. Onlardan biri budur ki, bizim bu sahədə təcrübəmiz azdır. Kifayət qədər çalışmalıyıq ki, turizm şirkətləri bir neçə ölkənin təcrübəsini mənimsəsin. İkinci məsələ: çalışmalıyıq ki, maarifləndirmə işinə böyük əhəmiyyət verək. Maarifləndirmə həm də əhali arasında aparılmalıdır. Bu məsələdə isə televiziyaların rolu əvəzsizdir. Çünki daha çox televiziya kanalları əhali ilə sıx təmasdadır. Həmçinin ölkəyə gələn turistlərin özləri ilə də iş aparılmalıdır. Bunun üçün turizm şirkətlərinin üzərinə böyük iş düşür. Yəni turistə "sizdən nə cür davranış gözləyirik", "nə qıcıq doğura bilər", "qarşılaşdığınız problemlə bağlı hara müraciət edə bilərsiniz" kimi məlumatlar verilməlidir. Lakin hazırda turizm şirkətləri bu cür işlər aparmır. Sadəcə, işlərini "gələn turisti hara aparmaq lazımdır, necə qazanc əldə edək" kimi prinsiplər üzərində qururlar. Belə olmaz. Beləliklə, məsələnin həlli üçün geniş proqrama ehtiyac var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31