Enerji içkilərindən istifadə edərkən nələrə diqqət etmək lazımdır?

Bütün bazar-dükanları, iri marketlər şəbəkəsini bürüyən energetik içkilərə tələbat getdikcə artmaqdadır. Baxmayaraq ki, bu içkilər insan orqanizmi üçün ziyanlıdır və ondan davamlı istifadə orqanizmdə bir çox fəsadlar yaradır, ancaq buna baxmayaraq energetik içkilərdən istifadə edənlərin sayı durmadan artır. Demək olar ki, yaşlı nəsili çıxmaq şərtilə, bütün kateqoriyadan olan insanlar bu içkilərdən istifadə edirlər. Məlumat üçün qeyd edək ki,  energetik içki ("energetik")  tərkibində stimullaşdırıcı preparatlar (adətən kofein) olan, zehni və fiziki stimullaşdırma təmin edən spirtsiz (tərkibində cüzi miqdarda spirt də ola bilər içki növüdür. Energetik içki "enerji" kimi satılsa da, qida enerjisindən fərqli olan məhsuldur. Energetik içkilər qazlı və ya qazsız olur, tərkibində şəkər və ya digər bitki ekstraktları, taurin və amin turşuları ola bilər. Onlar energetik məhsulların böyük bir qrupunun alt hissəsidir və idman üzrə göstəriciləri yüksəltmək üçün reklam edilən içkilərdən fərqlənir. Energetik içkilərin bir çox markası (brend) və çeşidi var. Qəhvə, çay və tərkibində kofein olan digər təbii içkilər energetik içkilər hesab edilmir. Kola kimi digər yumşaq içkilərin də tərkibində kofein ola bilər, ancaq həmin içkilər də energetik içkilər deyil. Buckfast Tonic Wine kimi bəzi spirtli içkilərin tərkibində kofein və digər stimullaşdırıcılar olur. Mayo Clinic tibbi praktika və tədqiqat qrupunun (Minnesota, ABŞ) apardığı araşdırmaların nəticəsinə görə, yetkinlik yaşına çatmış tipik sağlam adam üçün gündə 400 mq kofein içmək təhlükəsizdir Avropa Qida Təhlükəsizliyi Təşkilatı (European Food Safety Authority) tərəfindən də təsdiq edilib ki, gündə 400 mq-a kimi kofein qəbulu yetkinlik yaşına çatmış adamların (böyüklərin) təhlükəsizliyi üçün problem yaratmır.

Bəzi energetik içki istehsalçıları məhsulun tərkibində nə qədər kofein olduğunu açıqlamırlar. İstehlakçılar Birliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində müxtəlif energetik içkilərin tərkibində kafeinin miqdarının 6-242 milliqram (mq) olduğu aşkar edilib.

Bu birmanalıdır ki. Energetic içkilər səhhət üçün potensial problemlər yarada bilər. Xarici ölkələrdə aparılmış bir sıra tədqiqatlarda göstərilir ki, energetik içkidən istifadə sağlamlıq üçün risklərlə əlaqədardır, alkoqolla birgə istifadə edilməsi isə alkoqolun orqanizmə (xüsusən cavan orqanizmə - gənclərə) vurduğu zərərin artmasına səbəb olur.  Bu içkilər hətta narkotik asılılığın digər formalarına da yol aça bilər. Elə bütün bunlardan dolayıdır ki. Azərbaycanda da energetik içkilərlə bağlı müəyyən tədbirlər görülür və ölkənin müvafiq qurumları energetik içkilərlə bağlı onun istifadəçilərinə tövsiyələr edir. Elə Qida Təhlükəsizliyi Agentliyi də bu istiqamətdə müəyyən araşdırmalar aparıb.  Bəs görəsən, enerji içkilərindən istifadə edərkən nələrə diqqət etmək lazımdır?

Agentlikdə hesab edirlər ki. enerji içkiləri tərkibində kofein, taurin, vitaminlər, bitki mənşəli əlavələr, şəkər, yaxud digər dadlandırıcı maddələr olan, çəki itkisinə səbəb olan, dözümlülük, fiziki gücü və diqqəti gücləndirən içki kimi reklam edilən qida məhsuluna deyilir. İlk dəfə 1929-cu ildə xəstəxanada dərman kimi istifadəsinə başlanan enerji içkiləri zaman keçdikcə enerjini bərpa edən qida məhsulu kimi reklam olunmağa başlanıb. Yaponiyada 1960-cı ildən satılmağa başlanan bu içki, qısa müddət sonra hamının istifadə edə biləcəyi enerji içkisi kimi tanıdılıb. 2000-ci illərin sonunda Avropada böyük satış bazarına sahib olan enerji içkiləri artıq dünyanın hər yerində güc artıran qida məhsulu kimi istifadə olunur.

Enerji içkilərinin istehsalında istifadə olan kofein, şəkər, taurin, quarana kimi maddələr, rəngləyici qida əlavələri günlük normadan artıq qəbul edildiyi halda insan sağlamlığına müəyyən fəsadlar törədə bilər. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, bu səbəbdən enerji içkiləri qəbul edərkən bir neçə məqama diqqət etmək lazımdır. Belə ki, məhsulu alarkən ilk növbədə onun tərkibi ilə tanış olmaq lazımdır.  Enerji içkilərinin gündəlik qəbulu 1 qutudan artıq tövsiyə olunmur. Bu içkilərin hamilə qadınlar və uşaqlar tərəfindən qəbul edilməsi qadağandır.  Enerji içkiləri spirtli içkilərlə birlikdə qəbul edilərsə, zəhərlənməyə səbəb ola bilər.

Enerji içkilərinin tərkibindəki şəkər tez bir zamanda qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Artıq dozada qəbul edildikdə qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Yüksək qan təzyiqi və qanda şəkərin artması, əsəbilik, yuxusuzluq kimi hallara gətirib çıxara bilər. Eyni zamanda enerji içkilərinin tərkibində olan kofein artıq istifadə edildiyi zaman insan orqanizmi üçün zərərlidir. Bu kimi hallar insanda asılılıq yaradır, yuxusuzluğa səbəb olur. Daimi olaraq kofein istifadəsi ürək döyüntülərinin sürətini artırır, təzyiqi yüksəldir.

Qida Təhlükəsizliyi Agentliyi enerji içkilərindən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edir.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31