Bakının azad olunmasının 100 illiyi ilə bağlı beynəlxalq konfrans
25 İyul 2018 12:20 SosialPrezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" və "2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında" sərəncamlarına uyğun olaraq, sentyabrın 13-dən 16-dək Bakı şəhərində "Birinci Dünya müharibəsi dövründə Osmanlı dövləti - Azərbaycan əlaqələri və Qafqaz İslam Ordusu" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan Olaylar.az -a verilən məlumata görə, beynəlxalq konfrans Bakının daşnak-bolşevik işğalından azad olunmasının 100 illiyinə həsr olunub.
Konfransın təşkilatçıları AMEA-nın Tarix İnstitutu və Türkiyənin Atatürk Araşdırma Mərkəzidir.
Xatırladaq ki, Prezident İlham Əliyev Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan rəsmi qəbulda Bakının azad olunması ilə əlaqədar deyib:"Azərbaycanın Milli Ordusu 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik dəstələrindən, işğaldan azad etmişdir və bizim qədim tarixi şəhərimiz olan Bakını Azərbaycan xalqına qaytarmışdır".
Beynəlxalq konfransda Azərbaycan, Türkiyə və dünyanın digər ölkələrindən olan alimlərin 100-dək məruzəsinin dinlənilməsi nəzərdə tutulub.