İtən uşağın hekayəsi
24 İyul 2018 11:24 SosialNabranda 3 yaşlı uşaq tapıldıqdan sonra millət olaraq dərindən nəfəs aldıq. Mübaliğəsiz yazıram, hamı həyəcanlı idi. Elə pis zəmanəyə çatmışıq ki, indi heç kəs uşaq itəndə yadplanetlilərin oğurlamasından, heyvanların parçalamasından ehtiyatlanmır. Baxmayaraq ki, bu versiyalar daha tükürpədici və dəhşətlidir. Manyaklardan, pedofillərdən qorxuruq, yaşana biləcək dəhşətləri beynimizdə səhnələşdirib, olan-qalan ağlımızı da itiririk. Bəli, indi valideynlər azyaşlı uşaqlarına yaxınlaşan tanımadıqları şəxslərin hamısını potensial təhlükə kimi görür. Bir iz, bir nişanə, bir əlamətdən şübhələnir.
Uşaqla zarafat edirsə, ona konfet verirsə, oynayırsa... Olmaya...? Xeyir ola...? Hamımız bir qədər az, bir az çox paranoyak olmuşuq...
Amma şükür ki, bu dəfə qorxduğumuz başımıza gəlmədi. 3 yaşlı uşaq akula axtarırmış, macəra həvəsi ilə çaya doğru gedib, tikanlığa ilişib və bir gün orda qalıb. Bu hekayədə də dəhşətin izləri böyükdür, amma körpənin tapılması ən böyük təsəllimiz. Elə ilk gündən gedən müzakirələrdə diqqəti cəlb edən bir məqam var: günahkar kimdir? Təbii ki, ilk növbədə valideyn. Heç kim övladının nəinki itməsini, başından bir tük əskik olmasını da istəməz, tamam. Amma istəmək bəs eləmir də. Bunun üçün gözlərin də, qulaqların da dörd olacaq.
Azyaşlı uşaqla istirahətə getmək nədir, bilirsizmi? Onu yedirtmədən yemək yeməmək, onun üzdüyü uşaq hovuzlarında üzmək, onun getdiyi əyləncə məkanlarına getmək, yelləncəkdə yellənmək, onla birgə qumdan evlər düzəltmək, onunla..... Bir sözlə, onunla, onunla, onunla... !!! Ondan qeyri heç nə etməmək. O istədiyi üçün velosipedə də minəcəksən, balaca maşınları bir-biri ilə toqquşdurub, "qəza" da yaradacaqsan, anlaşılmaz kompüter oyunlarını da oynamaq məcburiyyətində qalacaqsan. Bunu bilmədən, anlamadan istirahətə getmək olmaz. Qumluqda uzanmaq, qulağında qulaqcıqla günəş vannası qəbul etmək, kitab oxumaq... Unudun bunu, yanınızda azyaşlı varsa, belə istirahət lüksü yoxdur, olmamalıdır. Ya da ki, tətil üçün dayə tutun, istirahət zamanı o, uşağınızla ilgilənsin, siz də özünüzə qulluq edin.
Bu hekayədə də uşağın valideynlərini (bu halda nənə-babadan söhbət gedir) qınamağa haqqımız var. 3 yaşlı uşaq onların yanından uzaqlaşıb, çaya düşəcək qədər uzun müddət aralanıbsa, onların bundan necə xəbəri olmayıb? Bir dəqiqə deyil ki... Böyük bir ərazidir və uşağın aralanıb, çaya getməsi üçün minimum 5-10 dəqiqə vaxt lazımdır. Həmin vaxtda diqqətini ondan yayındıran valideyn özünü qınasa yaxşıdır. Mən 15-16 yaşlı yeniyetmələrlə tətilə gedib, bir gözünü onun üstündən çəkməyən, yeməyindən tutmuş hovuza girməsinə qədər nəzarət edən nə qədər valideyn tanıyıram. Görünməz qəza başqa, uşaq çənəsini hovuza çırpar, ya da yıxılar, dizi yaralanar..... Bunlar baş verə bilər, adına tətil qəzaları deyirlər bunun.
Amma sosial şəbəkədə fikir verdim, çox adam birmənalı şəkildə uşağın anasını qınadı: "anasının başı telefona qarışıbmış" yazan soyuqqanlılar da oldu. Peşəkar pediatr Vaqif Qarayevin buna olduqca obyektiv yanaşmasını oxudum. Həkim yazırdı ki, uşağa məhz anasının nəzarət etməli olduğunu kim deyir? Bəli, istirahət ailəlikcə edilir və bu sürəcdə yüklər də bərabər qaydada bölüşdürülməlidir.
İndi hamı uşağın itdiyi "Mayak" istirahət mərkəzi rəhbərliyini qınayır. Ərazidə müşahidə kameraları qoymadığı üçün. Bilməyənlər üçün xatırladım ki, bu məkan Sovet dönəmində tikilmiş, köhnə istirahət mərkəzlərindən biridir. Ərazisi də ucsuz bucaqsız. Lap tutaq ki, binanın qarşısına kamera quraşdırsınlar. Bəs çayın qırağı, meşənin içi, ağaclıqlar? Yəni, bu, texniki baxımdan mümkün deyil. Ona görə də bu sayaq məsələlərdə bir nəfəri suçlamaq doğru olmaz. Ortada uşaq məsələsi varsa, tək bir nəfər suçlu ola bilməz.
İnsanların müəmmalı şəkildə yoxa çıxdıqları bir neçə təhlükəli ərazilər var. Onlardan biri ABŞ-ın Kaliforniya ştatındakı meşə massivi hesab edilir. 280 min hektar ərazisi olan bu massivdə dəfələrlə insanlar yoxa çıxıblar. Şahidlərin söylədiklərinə görə, hər 4-5 ildən bir massivdə istirahət edənlərdən kimsə göz qabağındaca yoxa çıxır. Hələlik, alimlər belə hesab edirlər ki, müəmmalı şəkildə yoxa çıxanlar bizə məlum olmayan və ya bizə paralel olan digər zonalara düşürlər. Belə ehtimal edilir ki, hansısa məqamda paralel şəkildə fəaliyyət göstərən zonaya tunel açılır və insanlar bu tunel tərəfindən cəzb edilirlər.
İndi biz də hesab edək ki, Nabran bizim milli Kaliforniyadır. Mübhəm şəkildə itənlər və sonradan tapılanların ərazisi. Kəsəsi, uşaqları itirməyin. Onların hekayəsi hər zaman belə xoşbəxt sonluqla bitmir.
Sevinc TELMANQIZI