Mətbuat nümayəndələri Fəxri Xiyabanda

İyulun 20 - də 22 iyul Azərbaycan Milli Mətbuat Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, həmçinin media qurumlarının rəhbərləri Fəxri Xiyabanda görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Olaylar.az bildirir ki, tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anaraq, məzarı üzərinə əklil və gül dəstələri qoyub.

İştirakçılar daha sonra "Əkinçi" qəzetinin yaradıcısı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıblar.

Həsən bəy Zərdabinin məzarı önündə çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışıb. O qeyd edib ki, 1875-ci il iyulun 22-də maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti iki ilə yaxın fəaliyyəti dövründə öz maarifçilik xüsusiyyətləri ilə seçilib. "Bu qəzet məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib.

Azərbaycanda milli və müstəqil  mətbuatın formalaşmasında "Əkinci" qəzetinin rolu böyükdür. Azərbaycan mətbuatı hər zaman xalqın yanındadır." -deyə, Mətbuat Şurasının sədri bildirdi.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib ki, Həsən bəy Zərdabinin arzuları bu gün Azərbaycanda həyata keçib: "Həsən bəy Zərdabi Azərbaycanda söz, mətbuat azadlığının olmasını arzulayırdı. Böyük mütəfəkkirin bu arzusu artıq Azərbaycanda reallığa çevrilib, ölkəmizdə medianın inkişafı, söz və mətbuat azadlığının təmin olunması istiqamətində böyük işlər görülüb. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev  mətbuata hərtərəfli diqqət göstərir.

Bu gün Azərbaycan öz dövlətçiliyinin 100, milli mətbuatının isə 143 illiyini qürurla qeyd edir"- deyə, Vüqar Səfərli vurğuladı.

Ay An

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31