“Hər bir azərbaycanlının Azərbaycan mətbuatı ilə qürur duymağa haqqı var”

"Milli Mətbuat Günü Azərbaycanın hər bir media mənsubu, bütövlükdə Azərbaycan üçün böyük bir bayramdır. Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti təkcə Azərbaycan xalqının milli şüurunun oyanmasında deyil, bütövlükdə müsəlman Şərqinin oyadılmasında və insanlara işığa gedən yolun göstərilməsində çox əhəmiyyətli rol oynayıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında "Xalq cəbhəsi"-qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib.

O, bildirib ki, Azərbaycan mətbuatının tarixi sadəcə Azərbaycan mətbuatının tarixi demək deyil, bu həm də, müsəlman Şərqinin, türk dünyası tarixinin əhəmiyyətli bir hissəsidir: "Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilən mətbuat haqqında qanunun sonradan Türkiyə Cümhuriyyətinin mətbuat haqqında qanununa çevrilməsi demək olar ki, bütövlüklə bütün müddəalarından istifadə olunması, həm cümhuriyyətimizin, həm də mediamızın nə qədər yüksək bir səviyyədə olduğunu sübuta yetirir".

Elçin Mirzəbəyli qeyd edib ki, bu gün hər bir azərbaycanlının Azərbaycan mətbuatı ilə qürur duymağa haqqı var. Necə ki, cümhuriyyətimiz və mediamızla qürur duyuruq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31