Suraxanı İcra Hakimiyyəti və KİVDF jurnalistləri mükafatlandırdı
19 İyul 2018 16:05 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Suraxanı Rayon İcra Hakimiyyəti ilə birlikdə keçirdiyi fərdi jurnalist yazı müsabiqəsinə yekun vurulub.
Dünən Rayon İcra Hakimiyyətində qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov medianın cəmiyyətdə oynadığı mühüm roldan danışıb. Bildirib ki, media cəmiyyətin maarifləndirilməsi, onun ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı məlumatlandırılmasında mühüm rol oynayır. Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti ilə milli mətbuatımızın əsasının qoyulduğunu deyən İlqar Abbasov bildirib ki, Azərbaycan mediası özünün inkişaf dövrünü ümummilli lider Heydər Əliyevin zamanında yaşayıb. Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdan müddətə qədər hər bir sahədə olduğu kimi kütləvi informasiya vasitələri ilə iş sahəsində də çoxsaylı problemlər vardı. Lakin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həmin problemlər tədricən həllini tapdı. İlqar Abbasov qeyd edib ki, ümummilli lider senzuranı aradan qaldırmaqla ölkədə söz və mətbuat azadlığı üçün zəmin yaratdı. Daha sonra qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində addımlar ataraq onların o zamanın şərtləri altında fəaliyyət göstərməsinə nail oldu. İlqar Abbasov bildirib ki, Heydər Əliyevin qəzet rəhbərləri ilə görüşməsi, onların problemlərini dinləməsi, həmçinin qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması o illərdə mediamızın fəaliyyəti üçün yandırılan "yaşıl işıq" idi. Rayon İcra Hakimiyyəti başçısı media, kütləvi informasiya vasitələrinə diqqət. Qayğının ümummilli lider Heydər Əliyevdən sonra da davam etdiyini diqqətə çatdırıb. Bildirib ki, Heydər Əliyev kursunu layiqli davam etdirən Cənab Prezident İlham Əliyev də ölkədə azad medianın, kütləvi informasiya vasitələrinin fəaliyyət göstərməsində maraqlıdır və dövlət başçısı bu istiqamətdə atmış olduğu təqdirəlayiq addımları ilə bunu təsdiqləyir. İlqar Abbasov deyib ki, Cənab Prezidentinin qəzetləri Azərbaycan Nəşriyyatına olan borcdan azad etməsi, fəxri adları bərpa etməsi, Milli Mətbuatın yubiley tədbirlərinin keçirilməsi ilə bağlı verdiyi sərəncamlar, həmçinin mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dövlət başçısı tərəfindən qəzetlərə birdəfəlik yardımların ayrılması deyilənlərin əyani sübutudur. İlqar Abbasov bildirib ki, bu gün Azərbaycan mediası hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatə olunub. Rayon İcra Hakimiyyəti başçısı bir qayda olaraq ölkədə sağlam şəkildə fəaliyyət göstərən media qurum və quruluşları ilə daim əməkdaşlıq etdiklərini söyləyib və bu cür əməkdaşlığın bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli iştirakçıları Milli Mətbuatın 143 illiyi münasibətilə təbrik edərək rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə qısa məlumat verib. Bildirib ki, artıq 9 ildir fəaliyyət göstərən KİVDF qəzetlərin maddi-texniki bazasının gücləndirilməsinə, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılmasına öz töhfəsini verib. O, bildirib ki, 9 il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə KİVDF-nin yaradılması Azərbaycan mediasına, KİV-lərə yeni bir nəfəs verdi. Vüqar Səfərli ümummilli lider Heydər Əliyevin də zamanında media. KİV-lərə diqqət və qayğı ilə yanaşdığını söyləyib. Bildirib ki, ümummilli liderin senzuranı ləğv etməsi ölkədə azad sözün inkişaf etdirilməsi istiqamətində mühüm addım idi. Vüqar Səfərli deyib ki, ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməklə ölkədə söz və məlumat azadlığının təmin edilmıəsi istiqamətində ciddi addımlar atıldı. Hazırda bu prosesin Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyən Vüqar Səfərli rəhbərlik etdiyi qurumun yaradılması, jurnalistlərə fəxri adların verilməsi, qəzetlərə birdəfəlik yardımların ayrılması, eləcə də jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət hesabına çoxmərtəbəli yaşayış binalarının tikilib pulsuz olaraq jurnalistlərə verilməsini bütün bunların əyani sübutu kimi qiymətləndirib.
Fondun icraçı direktoru KİVDF-nin Suraxanı Rayon İcra Hakimiyyəti ilə normal əməkdaşlıq etdiyini deyib. Bildirib ki, bu günıə qədər rəhbərlik etdiyi qurum Suraxanı Rayon İcra Hakimiyyəti ilə 3 müsabiqə keçirib. Son müsabiqəyə 22 media qurumundan 35 yazı təqdim edildiyini deyən Vüqar Səfərli qalibləri təbrik edib. Daha sonra "Xalq" qəzetinin baş redaktoru Həsən Həsənov, "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili, "Publika.az" saytının rəhbəri Aynur Camalqızı, eləcə də Suraxanı rayonunun deputatı Ağacan Əbiyev çıxış edərək mediamızın bu günkü fəaliyyətindən danışıb, təkliflərlə çıxış ediblər. Sonda qaliblər mükafatlandırılıb.
Süleyman İsmayılbəyli