ASK ilə Peşə Təhsili üzrə Dövlət Agentliyi əməkdaşlıq edəcək

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının heyəti  ilə görüş keçirilib.

"Olaylar" xəbər verir ki, görüşün əsas məqsədi  2016-cı ildə qəbul olunmuş strateji yol xəritələrində  peşə təhsilinin  rolu və bu sahənin inkişafında işəgötürənlərlə birgə əməkdaşlıq,  şagirdlərdə sahibkarlıq təfəkkürünün inkişafı, məktəb yaşlarından şagirdlərdə "gələcəyin sahibkarı" ideyasının formalaşması gələcək layihələrdə birgə əməkdaşlıq və s. məsələlərlə bağlı olub.Görüş zamanı bildirilib ki, ilk peşə-ixtisas təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə işəgötürənlərlə birgə dövlət-biznes əməkdaşlığı çərçivəsində proqramlar  hazırlanmalı  və həyata keçirilməlidir. İstehsalat bazalarının müasirləşdirilməsi və inkişafı üçün Sahibkarlar da bu işə yaxından cəlb edilməlidir. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası bu istiqamətdə birgə əməkdaşlıq edə bilər.  Belə ki, işəgötürənlərin sifarişləri əsasında ilk peşə-ixtisas təhsili müəssisələrində və iş yerlərində əlavə təhsil kursları da  təşkil edilə bilər. Gələcəkdə əmək bazarının tələblərinə müvafiq olaraq, ilk peşə-ixtisas təhsili üzrə ixtisasların formalaşan zaman işəgötürənlərin təklifləri dəyərləndirilərsə məzunların iş tapmaq problemləri aradan qalxar.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmiləri  bildiriblər ki, təhsil alanların bilik və bacarıqların inkişafı istiqamətində əməkdaşlığa hazırdırlar. Daha sonra peşə təhsilində mövcud problemlər və bu istiqamətdə aparılan islahatlar haqqında geniş məlumat verilib, peşə təhsilinin inkişafı üçün zəruri addımlar müzakirə olunub. Görüş zamanı  işəgötürənlərin buraxılış imtahanlarına cəlbi, kadrların bazarın tələblərinə uyğun  hazırlanması zamanı lazımı addımlar müzakirə edilib. Bildirilib ki, birgə əməkdaşlıq  dövlət-biznes tərəfdaşlığına təkan verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31