809 şəxs əmək müqaviləsi olmadan iş yerlərinə cəlb edilib
19 İyul 2018 12:17 SosialTikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı tikinti şirkətlərində səyyar monitorinqlər davam etdirilir. Proses Azərbaycan Respublikası Prezidentinin1349 nömrəli Fərmanına əsasən yaradılmış Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən gerçəkləşdirilir.
Olaylar.az bildirir ki, dövlət orqanları tərəfindən tikinti şirkətləri ilə bağlı mərkəzə daxil olan məlumatlar ilkin olaraq Analitik Monitorinq Sistemi vasitəsilə təhlil edilir və əsas yarandığı halda mərkəzin Səyyar monitorinq qrupu tərəfindən tikinti obyektlərində səyyar monitorinqlər həyata keçirilir. Bu günədək keçirilmiş 71 monitorinq Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 131 hüquqi və fiziki şəxsi əhatə edib.
Monitorinqlər zamanı yoxlanılmış işçilərdən 809 şəxsin əmək və ya xidməti müqavilə olmadan işlərinyerinə yetirilməsinə cəlb edildiyi aşkarlanıb.
Aşkar olunmuş faktlar üzrə müvafiq tədbirlərin görülməsi məqsədilə 37 hüquqi və fiziki şəxsə aid məlumatlar aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və 36 hüquqi və fiziki şəxsə aid məlumatlar isə aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna yönləndirilib.
Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.