AMEA-nın Mərkəzi Elmi Kitabxanası jurnalistləri mükafatlandırdı
İyulun 18-də AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) 22 iyul Milli Mətbuat Günü münasibətilə “AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi” adlı tədbir keçirib.
18 İyul 2018 15:13 Sosialİyulun 18-də AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) 22 iyul Milli Mətbuat Günü münasibətilə "AXC-100 işığında MEK-in Milli Mətbuat İnformasiya blokuna töhfəsi" adlı tədbir keçirib.
Olaylar. az bildirir ki, tədbirdə KİV nümayəndələri, ziyalılar, ictimai xadimlər iştirak edib. Tədbiri giriş sözü ilə açan AMEA Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK tərəfindən media ilə bağlı görülmüş işlərdən, keçirilən tədbirlərdən, kitabxana fondlarındakı mətbuat nümunələrindən, qəzet və jurnalların elektron versiyalarının Milli Rəqəmsal Yaddaş bazasına daxil edilməsindən bəhs etdi. Leyla İmanova informasiyanın əmtəəyə çevrilməsində, informasiya bazarının formalaşmasında elektron kitabxanaların rolundan iştirakçılara məlumat verdi. MEK-in direktoru MEK tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında həyata keçirilən "Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanılması, ekspertizası və etibarlı saxlanılması" adlı layihə ilə bağlı medianı əməkdaşlığa çağırıb. Sonra Leyla İmanova MEK-in media üçün hər il keçirilməsi nəzərdə tutulan yeni layihəni elan edib. Leyla İmanova qeyd edib ki, Mərkəzi Elmi Kitabxana 22 iyul "Milli Mətbuat Gününə həsr olunmuş təşəbbüslə çıxış edir. MEK Azərbaycan dövlətçiliyi maraqları baxımından strateji hədəfi olan informasiya təhlükəsizliyini təmin edən, milli ruh və milli yaddaşın formalaşmasına töhfə verən, eyni zamanda milli dəyərləri, Həsən bəy Zərdabi ənənələrini (milli maarifçilik, Azərbaycan dilinin və milli əxlaq kodeksinin qorunması) təbliğ edən, Mətbuat haqqında qanunlara və jurnalist etikasına söykənən media qurumlarını və müəllifləri ictimaiyyətə təqdim edəcək. Ənənə şəklinə salınması nəzərdə tutulan layihənin ilk mərhələsi 2018-ci ilin 1 sentyabr-30 noyabr aralığını əhatə edəcək. Azərbaycan Mətbuat Şurasının sədri müavini Müşfiq Ələsgərli mətbuatın tarixindən, müasir vəziyyətindən bəhs edib. "Azərbaycan mediasının peşəkarlığını qənaətbəxşdir. Media dünyada və ölkədə baş verən hadisə və proseslərə kifayət qədər operativ yanaşır, nəinki ölkəmizin, eləcə də regionun ictimai rəyinə təsiri ilə seçilir"- deyə, Müşfiq Ələsgərli bildirdi. Müşfiq Ələsgərli media və kitabxana əməkdaşlığına toxunaraq bunun əhəmiyyətindən bəhs edib. "Azərbaycan Mətbuat Şurası da ötən 15 ildə bu yolda addımladı. Media məkanında baş verən proseslərdə aktiv iştirak etdi. İnkişafa öz töhfəsini verdi. Eyni zamanda, Şuranın yerinə yetirdiyi missiya nəticəsində az əvvəl qeyd etdiyim məhkəmə proseslərinin sayı əhəmiyyətli dərəcədə azaldı. Mətbuat Şurasının tədbirləri sayəsində media peşəkarlığı məsələsinə fərqli baxış yarandı. Dövlət qurumları ilə media arasındakı problemlər aradan qalxdı, hər iki qütbün cəmiyyətin rifahı, ölkənin gələcəyi naminə fəaliyyətində ortaq nöqtələr və hədəflər formalaşdı". Sonra MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr, Rəqəmsallaşdırma, Proqramçılar, Sərbəst elektron resurslar, İnnovativ layihələr, Kitabxana-Xidmət və Elektron resursları şöbələrinin mövzu ətrafında əlaqələndirilmiş fəaliyyəti təqdim olunub. Təqdimatdan sonra il ərzində MEK-in innovativ fəaliyyətini obyektiv işıqlandıran, fərqləndirilmiş media qurumlarına və jurnalistlərə təşəkkürnamə təqdim edilib. Bütün jurnalistlər MEK-in Mübadilə Fondundan dəyərli kitablar və kitabxananın illik oxucu kartı ilə təltif olunub. Daha sonra çıxış edən iştirakçılar MEK-in təşəbbüsünü yüksək qiymətləndirib, kitabxana ilə əməkdaşlığın daha da sıx qurulması, operativliyin təmin edilməsi baxımından səylərin artırılması gərəkliliyini vurğulanıb.
Mükafat olaraq jurnalistlərə MEK-in İllik oxucu kartı ödənişsiz təqdim olunacaq və jurnalistlərin informasiya sorğuları prioritet yanaşma prinsipi əsasında qarşılanacaq.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü Ramiz Əsgər mətbuata göstərilən dövlət dəstəyindən, jurnalistlərə olan qayğısından danışdı.
Qeyd edək ki, "Olaylar" İnformasiya Agentliyi Mərkəzi Elmi Kitabxananın "Milli Mətbuat Günü" adlı tədbirində MEK -in innovativ fəaliyyətində obyektiv işıqlandırdığına görə mükafata layiq görülüb.
Nigar ADİL