Meşə fonduna 1769,21 manat məbləğində ziyan dəydi
17 İyul 2018 11:51 SosialRespublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən növbəti reyd keçirilib.
Olaylar.az bildirir ki, reyd zamanı Lənkəran rayonu Təngivan kəndi ərazisində yeşik hazırlanan sexdə qanunsuz yolla əldə olunmuş 21,11 m3 həcmində fıstıq və qızılağac cinsli işlik meşə materialı aşkar edilib. Faktla bağlı sexin sahibi Lənkəran rayon sakini Rüfət Əsgərov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 1769,21 manat məbləğində ziyan tətbiq edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.