30 illik yara - Züleyxa Nadir yazır...

Züleyxa NADİR

Adnan Oktar həbs olundu! Bu xəbər bütün türk dünyasında xoş təbəssümlə qarşılandı.

Kimlərinsə "ürəyindən tikan çıxdı", kimlərsə "qara" geyindi. Yasa batanların, göz yaşı axıdanların olduğuna da adım kimi əminəm. İllərdi "maşallah", "inşaallah" sədaları altında özünü hurilərin arasında hiss edən Adnan Hoca, xüsusilə də kedicikləri sosial mediada rişxənd hədəfinə, gülüş mənbəyinə çevrildilər. Son günlərin Azərbaycandakı xoşagəlməz, əsəbləri tarıma çəkən olayları fonunda Adnan Oktar və çetesinin ifşa olunması insanların "kökdən düşmüş" əhvalının üstünə sərin su səpmiş oldu.

Doğrusu, Adnan Oktarın kimliyi, nə işlərlə məşğul olmağı, əməllərinin millətə, dövlətə zərəri barədə çox əvvəllər o qədər də geniş məlumatım yox idi. Amma sonralar tez-tez internetdə rastıma çıxan video-görüntülər, haqqındakı yazılar məni düşünməyə vadar etdi ki, görəsən, İslam dini ilə bağlı hoqqabazlıqlar edən bu adam niyə Türkiyə kimi böyük bir dövləti, nəhəng ölkəni rəzil edir? Nədən "Adnan Oktar" adlanan bu rəzalətin qarşısı alınmır? Nə gizlədim, gerçəkdən də narahat olurdum. Amma onu da düşünürdüm ki, Türkiyə Cümhuriyyəti demokratik dəyərlərlə yaşayan, məhkəmə sistemi "Ədalət mülkün təməlidir" prinsipi ilə fəaliyyət göstərən bir ölkədi. Əlbəttə, bir bildiyi var ki, bu adamın hələlik "ipini çəkmir". Axır ki, bu hoqqabazın, şarlatanın "ipi çəkildi".

Kimdir Adnan Oktar? Ankarada doğulub böyüyən 62 yaşlı bu adam 80-ci illərin sonunda Adnan Hoca adı ilə peyda olub. Varlı ailələrdən olan yaraşıqlı oğlanları və gözəl qızları başına toplayaraq onlara "mürid" adı verib. Onun indiki milyonçuluğa gələn yolu həmin müridlərin öz evlərindən oğurlayıb gətirdiyi bahalı paltarları geyinməkdən keçib. Hətta bəzilərinin valideynləri öləndən sonra onların malı-mülkü də hansı yollasa Adnanın adına keçirilirmiş.İslam təsəvvüfünə görə mürid özünü dinə, yəni İslama təslim edən şəxsə deyilir.  Amma Adnanın başına toplaşanlar yalnız ona beyət edərək yaratdığı təriqətin üsullarını, metodlarını öyrənirdilər.

Oktara kor-korana itaət edən müridlər arasında Türkiyənin bu günkü bəzi ünlü şou-biznes nümayəndələri, manikenləri, televizionçuları, hətta siyasətçiləri və onların məsləhətçiləri də olub.

Adnan Oktar İslam dini altında yeni bir din yaradıb. Özünü guya qeybə çəkilən, amma nə zamansa geri dönəcəyi iddia edilən imam Mehdi adlandırıb. Quran ayələrində deyilənlərin əksinə ibadətdə, ətrafındakılara münasibətdə, kediciklərinin geyimlərində həddini aşan davranış nümayiş etdirib. Bir sözlə, bu adam dünyanın gözü qarşısında İslamı kirləndirib. Və bütün bunları görən əlaqədar qurumların tükü də tərpənməyib.

Bəlkə də bu, məsələnin görünən tərəfidi. Amma məsələnin başqa bir görünən tərəfi odur ki, bu hoqqabaz 30 ilə yaxındı qardaş ölkədə at oynadır. 30 ildə bəlkə də 30 dəfə Adnan Oktar cinayət məsuliyyətinə alınıb, amma hər dəfəsində siyrilib çıxmağı bacarıb. 30 ildə Adnan Oktar milyonlar toplayıb, dəyəri milyardlarla ölçülən sərvət yığıb. 30 ildə Adnan Oktar irinli bir yara olub türk dünyasının bətninə yapışıb.

Adnan Hoca şəbəkəsinin toruna düşən qızlar, oğlanlar dünyanın başqa ölkələrində də fəaliyyət göstəriblər. Onu da deyim ki, hələ bu şəbəkəni yaratmamışdan əvvəl 1987-ci ildə Yəhya Harun təxəllüsü ilə "Yəhudilik-Masonluq" adlı kitab yazıb. Görünən o ki, həmin kitab şəbəkənin genişlənməsində əməllicə vasitə olub. Sonralar dinlə bağlı saysız-hesabsız məqalə və kitabları da çap olunub. Ona 100-dən çox sayt xidmət edib. Heç bir dini savadı olmayan Adnan Oktar Elmi Araşdırma Akademiyası yaradıb. Peyklə yayımlanan A9 televiziyasını təsis edib. Azərbaycanda da yayımlanan bu televiziyada hər gün axşam saatlarında "Adnan Oktar ilə söhbətlər" verilişində kedicikləri ilə birlikdə efirə çıxıb. Əslində Adnan Oktarın gördyü kirli və gizli işləri yazmaqla bitən deyil, sadəcə bəzilərini qeyd etdim.

Adnan Oktar bu gün həbsdədi. Çox istərdik ki, bu, sonuncu olsun, bir daha geri dönməsin. Çox istərdik ki, türk dünyasının mənəviyyatına vurduğu ləkənin, nümyiş etdirdiyi rəzalətin izləri tamamilə silinsin, kökündən qazılıb atılsın. Adnan Oktar adı tarixin zibilliyinə gömülsün, bir daha baş qaldıra bilməsin. Bəlkə də kimlərsə Adnan Oktarın əməllərində hansı cinayətin

olduğunu bilmir - buna əminəm. Əlbəttə sadə insanlar, uzaq adamlar onun hansı kirli işləri din adı ilə həyata keçirdiyini bilməzlər. Amma bütövlükdə bu adamın ekrandakı görüntüsü, tamaşaçıya dini dərs verməsi, özünü ağıl dəryası kimi aparması, bəzən siyasi proqnozlar verməsi, kediciklərinin "maşallah", "inşallah" sədaları altında lovğa duruşu, istehzalı gülüşləri, ikibaşlı danışıqları adamda, ən azı, qıcıq yaradır. Onu ekrandan dinləyən insanda istər-istəməz bu görkəzmə varlığa qarşı xoş olmayan hisslər yaranır. Başına cəmləşən kediciklər özlərinin cazibəli olduğu qədər də süni olan bədənləri, açıq-saçıq geyimləri ilə adamda ikrah yaradır.

Amma çox şükür ki, bu dəfə Adnan Oktarla birlikdə çetesinin 350-dən çox üzvü həbs olunub. Bu adamların arasında xeyli kedicik də var. Türk ədaləti onlardan hansının günahkar, hansının günahsız olduğunu tezliklə üzə çıxaracaq. Kimin hansı kirli işlə yükləndiyi aşkar olunacaq.

Adnan Oktarın villaları, malikanələri, hektarlarla ərazisi və başqa sərvətinin hansı pullarla əldə edidiyi qısa bir zamanda yəqin ki, diqqətə çatdırılacaq.

Amma bütün bu Adnan Oktar olayının bizim üçün ən pis və ən rəzil tərəfi bilirsinizmi nədi?

Onun Azərbaycanda da müridləri, imamları, nümayəndələri varmış. "Adnan Hoca" adlı yaranın mikrobları burda da yayılıbmış. "Adnan Hoca" adlı rəzilliyin çirkabı burda da ətrafa səpələnibmiş. Adamı ağrıdan məhz budu.

Çox təəssüf...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31