Zəhərlənməyə yol açan dondurmalar
Keyfiyyətsiz dondurma insan orqanizmi üçün təhlükəlidir Yay mövsümündə havaların istiləşməsi ilə əlaqədar dondurmalara tələbat və müvafiq olaraq da ticarət obyektlərində bu cür məhsulların çeşidləri artır. Heç şübhəsiz ki, bol çeşid istehlakçılar üçün həm də geniş seçim imkanı yaradır. İlin bütün fəsillərində satışda dondurma olsa da, payız-qış aylarında insanlar mütəmadi dondurma yeməkdən çəkinirlər.Yaz-yay ayları isə dondurmanın mövsümü sayılır. Amma təbii ki, hər kəsin ləzzətlə yediyi dondurmalar heç də hamısı lazımı keyfiyyət tələblərinə cavab vermir.
13 İyul 2018 11:57 SosialKeyfiyyətsiz dondurma insan orqanizmi üçün təhlükəlidir
Yay mövsümündə havaların istiləşməsi ilə əlaqədar dondurmalara tələbat və müvafiq olaraq da ticarət obyektlərində bu cür məhsulların çeşidləri artır. Heç şübhəsiz ki, bol çeşid istehlakçılar üçün həm də geniş seçim imkanı yaradır. İlin bütün fəsillərində satışda dondurma olsa da, payız-qış aylarında insanlar mütəmadi dondurma yeməkdən çəkinirlər.Yaz-yay ayları isə dondurmanın mövsümü sayılır. Amma təbii ki, hər kəsin ləzzətlə yediyi dondurmalar heç də hamısı lazımı keyfiyyət tələblərinə cavab vermir. Qeyd edək ki, keyfiyyəti aşağı olan, vaxtı keçmiş, əridikdən sonra yenidən dondurulan bu məhsul çox ciddi fəsadlara, zəhərlənmələrə yol aça bilər. Ona görə də dondurma alarkən ehtiyatlı olmaq lazımdır. Belə olan halda kənar təsirlərə həssas olan bu məhsulların saxlanılması və realizəsi zamanı zəruri tələblərə diqqət edilməlidir. Belə ki, dondurmalar normativ-texniki sənədlərlə müəyyən edilmiş rejimdə saxlanılmalı, istehlakçıya satış zamanı ixtisaslaşdırılmış vitrinlərdən istifadə olunmaqla təqdim olunmalıdır. Təəssüf ki, bu şərtlərə heç də həmişə əməl olunmur. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, dondurma yüksək qidalılıq dəyərinə malik olan, orqanizm tərəfindən asan həzm olunan qida məhsuludur. Onun istehsalında əsasən süd, şəkər, yumurta, kərə yağı, dad və ətirverici maddələr, stabilləşdiricilər və s. maddələrdən istifadə olunur. Süd əsasında hazırlandığından tərkibində süd yağı, zülallar, mineral maddələr, vitaminlər və s. vardır. Dondurma hər gün istehlak edilməsi vacib olan süd və süd məhsulları arasında xüsusi yerlərdən birini tutur. Yəni sərinləmək üçün yediyimiz dondurmanın insan sağlığında əhəmiyyətli rolu vardır. Əsas dondurma növlərinə südlü, qaymaqlı, plombir, meyvə-giləmeyvəli, ətirli dondurmalar aiddir. Bunların hər birinin əlavələrindən asılı olaraq müxtəlif çeşidləri istehsal edilir. Tərkibində süd olduğuna görə dondurma saxlanma şəraitindən və temperatur rejimindən asılı olaraq tez keyfiyyətini itirə bilər. Ona görə də dondurma alarkən ilk növbədə onun düzgün etiketləndiyinə, üzərində istehsal və saxlama müddətlərinin göstərildiyinə, lazımi şəraitdə və temperatur rejimində saxlanıldığına fikir verilməlidir. Dondurmanın üzərində onun istehsalçısı barədə məlumat, məhsulun adı, qida əlavələri daxil olmaqla tərkibi, xalis kütləsi, istehsal tarixi, saxlanma şəraiti və müddəti, sertifikatlaşdırıldığına dair qeyd və standartın nömrəsi göstərilməlidir. Ədədlə satılan xırda çəkilib-bükülmüş dondurmalar vafli, qapaqlı polistirol və parafinləşdirilmiş karton stəkanlarda, laminirləşdirilmiş sellofan paketlərdə və müvafiq səlahiyyətli orqanlar tərəfindən icazə verilən digər qablaşdırma materiallarında buraxılmalıdır. Açıq şəkildə çəki ilə satılan dondurmalar daxildən qalaylanmış qapağı möhkəm örtülən qablarda qablaşdırılır. Qapağın altından perqament və yaxud podperqament kağızı qoyulur. Çəki ilə satılan dondurmalar daxilinə polietilen yerləşdirilmiş karton qutulara qablaşdırıla bilər. Dondurma növündən asılı olaraq topdansatış məntəqələrində xüsusi soyuducu kameralarda mənfi 18oC-dən yüksək olmayan temperaturda aşağıdakı müddətlərdə saxlanıla bilər: südlü dondurmalar 1 ay; meyvəli-giləmeyvəli, qaymaqlı və ətirli dondurmalar 1,5 ay; plombir dondurması 2 ay. İstehsalında müasir texnologiyadan istifadə edildikdə, eləcə də məhsulun saxlama müddətinin artırılmasına zəmanət verən konservantlar, stabilizator-emulqatorlar və digər qida əlavələri standartlara uyğun olaraq əlavə edildikdə südlü, qaymaqlı və plombir dondurmaları mənfi (18±2)oC -dən yüksək olmayan temperaturda ən çoxu 10 ay saxlanıla bilər. Saxlanma temperaturunun stabilliyi dondurmanın keyfiyyətini təmin edən əsas şərtlərdən biridir. Saxlanma temperaturunda dəyişikliklər olduqda bu məhsullarda mikrobioloji proseslər başlayır və bu cür məhsulların istehlakı insan orqanizmi üçün təhlükə mənbəyi hesab olunur: "Dondurma alarkən onun dadına, formasına və saxlanma şəraitinə diqqət edin. İstehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötmüş dondurmaları almaqdan çəkinin. Donu açılmış dondurmanın təkrar dondurulması qadağandır və belə dondurmalarda buz kristalları əmələ gəlir ki, bu da onun keyfiyyətsiz olması deməkdir. Belə dondurmaları istifadə etmək məsləhət görülmür".
Üzərində istehsal və saxlama müddətləri göstərilməyən, lazımi şəraitdə və temperatur rejimində saxlanılmayan, metal, turşumuş, qıcqırmış, acı və kif iyi və tamı verən, barmaqla basdıqda yumşaq və boş olan, üzərində buz kristalları müşahidə edilən, rəngi adına uyğun olmayan dondurmalar keyfiyyətsiz hesab olunur. Xarici görünüşcə dondurmada kəsmiyəbənzər yağlılıq, qumabənzər köpüklülük əlamətləri olmamalıdır. Dondurmanın iyi və dadı bu növ məhsula xas olmalı, kənar iy və dad verməməlidir. Keyfiyyətsiz dondurmalarda bağırsaq çöpləri qrupundan olan bakteriyalar, potagen mikroorqanizmlər, o cümlədən salmonella, stafikoklarin və s. orqanizm üçün təhlükəli bakteriyalar mövcud olur. Bu cür dondurmalar istehlak olunduqda insanlarda, xüsusilə uşaqlarda qida zəhərlənmələrinə və digər fəsadlara səbəb ola bilir.
Dondurma alarkən onun satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edildiyinə diqqət edin. Bilin ki, antisanitariya şəraitində hazırlanan və satılan dondurmalar asanlıqla yararli bir qida vasitəsindən təhlükəli bir düşmənə çevrilə bilər. Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, yeni qanunvericiliyə uyğun olaraq dövlət orqanları tərəfindən sahibkarların yoxlanılması dayandırılıb. Yoxlama yalnız o zaman həyata keçirilir ki, alıcı tərəfindən məhsulun keyfiyyəti ilə bağlı şikayət daxil olsun. Şikayət daxil olduqdan sonra aidiyyatı orqan tərəfindən araşdırma həyata keçirilir. Əgər həqiqətən də şikayət əsasında fakt aşkarlanarsa, onda sahibkara qarşı müəyyən tədbirlər görülür. Bu tədbirlər inzibati, məhdudlaşdırıcı olmaqla yanaşı, cinayət işinin açılmasını da əhatə edə bilər. Məlumatda o da bildirilir ki, dondurma mövsümü yeni başladığından hələlik bununla bağlı şikayət daxil olmayıb. Amma bəzi digər məhsullarla bağlı şikayətlər var ki, onların da araşdırmasına başlanılacaq. Xatırladaq ki, sahibkarlıq obyektlərində yoxlamaların dayandırılması barədə qüvvədə olan qanun məsələni bir az da qəlizləşdirir.
Zəka