Tərbiyəsizlik reketləri

Züleyxa NADİR

Universitetdə oxuyanda Mir Cəlal müəllim bizə "Ədəbiyyatşünaslığın əsasları"ndan dərs deyirdi, amma arada  jurnalistikanı da öyrədirdi. Başlıq və sərlövhələrdən söz düşəndə deyirdi ki, yazınıza  sərlövhə qoyanda  yalnız bir söz, ya da iki sözdən istifadə edin. Bəzən üç söz də olar, amma  bu, baxır yazınızın məzmununa və təsir dairəsinə...

Sovetlər zamanında Mir Cəlal müəllimin  öyrətdiklərindən əvvəl də, sonra da mətbuatda yazılar eynilə onun dediyi kimi bir-iki sözdən ibarət başlıqlarla çap olunurdu. Amma çox keçmədi  ki, cəmiyyət kökündən dəyişdi və mətbu dəyərlər yerinə itirdi. Hətta bir zaman  kəsiyi oldu ki, media az qala bazara döndü, jurnalistika alver mənbəyinə  çevrildi. Jurnalistikanın əsas  kodeksi olan əxlaq və etik yanaşma öz yerini həyasızlığa, abırsılığa verməli oldu. KİV-də xaos yarandı. Doğrudur, bu xaosda özünü itirməyən, dəyərlərini qoruyan, doğru addımlar atan az saylı mətbuat nümunələri oldu. Ki... indi onlar  demək olar ölkənin aparıcı  mediasıdı.

Bu gün oxucunun  vaxtı azdı, iri həcmli  yazıları oxumağa zamanı çatmır, demək olar ki, 24 saatlıq sutka ona azlıq edir. Bir yandan internet resursları, kompüter  texnologiyaları, ən müasir telefonlar,  digər yandan da gündəlik məişət problemləri insanın başını, fikir və düşüncələrini elə dolaşdırır ki, bəzən kiçik bir informasiyanı belə dərk edə bilmir. Bu günkü oxucunun tələbi ilə dünənkinin istəyi arasında fərq çoxdu. Elmi-texniki tərəqqinin pik nöqtəyə çatdığı bir zamanda oxucunu təəccübləndirmək, yaxud da maarifləndirmək, nəyisə öyrətmək, başa salmaq bir qədər çətindi.

Qayıdıram Mir Cəlal müəllimin fikirlərinə. Bizə  "Qəzet tərtibi"ndən dərs deyən Əliş Nəbili isə deyirdi ki, sərlövhə əslində tapmaca xarakterli olmalıdı. Oxucu başlıqdakı sözün içində nələrin olduğunu  bilmək üçün yazını sona kimi oxumalıdı. Amma nə yazıq ki, universitet müəllimlərimin  öyrətdiklərinə əməl olunmadı. Başlıq və  sərlövhələr əndazəni aşdı. Bütöv bir cümlə başlığa çıxarılır, yazının məzmunu həmin  sərlövhədə demək olar ki, oxucuya çatdırılır. Ona görə də oxucu yazını oxumur. 

Belə sərlövhələrin mətbuatda "iri addımlarla yeriməsi" ilk vaxtlar məni də çox qıcıqlandırırdı.  Jurnalistikanın müəllimlərindən dərs alan, rubrika və başlıqlar mövzusunda kurs işi yazan biri kimi bu cür sərlövhələri qəbul edə bilmirdim. Sonra vərdiş etdim, gözüm alışdı, qəbul etdim, hətta özüm də eyni addımları atdım.  Səbəblər zaman-zaman mənim üçün aydın oldu, zaman başqa, tələblər ayrıdı.  Əsas səbəb odur ki, mətbuat oxucu toplasın, reytinq əldə edə bilsin. Reklam  bazarından və sponsordan asılı olan bu günkü Azərbaycan mediası qazanc yolunu bu cür başlıqlarda görür, qınamaq olmur.

Amma hər şeyin bir ölçüsü var.  Oxucunu aldatmaq olmaz. Bir, iki, üç dəfə... sonra oxucu üzünü yana çevirəcək,  həmin informasiya vasitəsinə inamı itəcək. "Qışqıran" sərlövhəyə etibar etmək olmaz. Elə sərlövhə qoymaq lazımdır ki, əxlaqdan kənar, fitnə- fəsadla dolu cümlə oxucunu haldan, təbdən çıxarmasın. Ciddi mətbuat bu fakta əməl edir, başlıqla oynamır. Jurnalistikadan xəbəri olmayan, medianın vəzifəsinin nə olduğunu anlamayan hər yerindən duranlar sayt yaradıb, qəzet çap edəndə isə "tağ əyri bitir". Həm özləri reketə çevrilir,  həm də oxucunu dallarınca aparmağa çalışırlar. Həmin kələ-kötür saytların, qəzetlərin kələ-kötür yolu ilə yeriyən oxucular da  tərbiyəsizlik, əxlaqsızlıq reketinə çevrilirlər. Necə deyərlər "kor atın da kor nalbəndi olur",  yəni reket mətbuatın reket də oxucusu olur. Həmin reket oxucular sərlövhəyə  göz atmaqla yazının məzmunundan hali olduqlarını güman edirlər. Və başlayırlar informasiyanı öz tərəzilərində çəkməyə. Əyri tərəzi  heç vaxt  taraz olmaz, düz  göstərici verməz. Halbuki elə sərlövhələr var ki, yazının məzmunu ilə üst-üstə düşür və  yazını gözdən salan şit, bəsit  sərlövhə rolunda oxucuda ikrah doğurmur. Amma həmin əxlaqsızlıq, tərbiyəsizlik reketləri bu yazıların da sərlövhəsinəcə baxaraq  informasiya haqqında "kor atı minib köndələn çapırlar".

Bu gün qəzet köşklərindən qəzet alan demək olar ki, yoxdu. Ölkənin ciddi qəzetləri, gündəlik çap olunan, ciddi oxucu  kütləsi olan mətbu orqanlar abunə yolu ilə oxucuya  çatdırılır. Abunə olmayanlar isə evdə, işdə kompüterdə, yolda isə telefon vasitəsi ilə gündəlik ictimi-siyasi hadisəni izləyir, xəbərlərlə tanış olurlar. Saytlar çoxdu, üstəlik də sosial media var. Yazılar  facebook, instaqram səhifələrində paylaşılır. Oxucular  yazını əsasən sosial mediadan oxumağa üstünlük verirlər. Çünki bu şəbəkədə onun öz fikrini bildirməsi üçün imkan və şərait  var. Bu da o deməkdir ki, internet mediasının ətrafında daha  çox oxucu  toplaşıb.

Sosial media  bu gün dünyada "meydan sulayır" desəm  yəqin ki, qınamazlar. İnternet əsrində bu, qaçılmazdı. Ona görə də yazı müəllifləri və media qurumlarında  bilavasitə sosial şəbəkələrlə əlaqəli işləyənlər materialları paylaşırlar. Hər oxucunun öz  zövqü var, öz maraq dairəsi var. Yazıların sərlövhəsi həmin zövqlərlə, maraqlarla üst-üstə düşəndə sayt da, qəzet də qazanır. Burada zövqlü oxucunun diqqəti önə çıxır. Sosial mediada paylaşılan yazıda o, öz fikirlərini  mədəni şəkildə bildirir, yazıdakı faktlara münasibətini sərgiləyir. Bu, çox yaxşı haldı. Amma vay o gündən ki,  tərbiyəsizlik reketləri fikir bildirir, bax bu zaman əsəblər tarıma çəkilir. Necə deyərlər  "bilmir qazanda bişən nədi, deyir bir çömçə də mənə ver". Əxlaq normasını aşan, tərbiyə çərçivəsinə  sığmayan sözlərlə kin-küdurət üfürürlər. Məsələn, instaqramda hansısa bir ciddi qəzetin yazıları paylaşılır. Nə gözəl! İnstaram izləyiciləri yüz minlərlə olur,  deməli burada oxucuları maraqlandıran informasiyaların paylaşılması da məqsədəuyğundu. İzləyici bir də hansısa saytı axtarmayacaq, gözünün qabağındakı yazını oxuyacaq. Amma onlar neynirlər? Yazını oxumurlar, sərlövhəyə baxıb  şərh yazırlar, xoşagəlməz  fikir yürüdürlər. Facebook səhifələrində də eyni hal müşahidə olunur.

Onu da deyim ki, bu işdə qadınlar  kişilərdən daha çox "fəaldırlar". Halbuki qadınlıq vəzifəsi  ANAlıq  missiyası ilə assosiasiya yaratdığı üçün gözləmək olar ki, onlar müəyyən   davranış çərçivəsini aşmaz, ən azı, əxlaqdan kənar ifadələrə yol açmazlar. Bu, bəlkə də ondan irəli gəlir ki, belələri  sosial şəbəkələri  əyləncə hesab edir, onun ciddiliyini anlamır və "sosial media" adlanan bu şəbəkənin müsbət rolunu dərk etmirlər. Məncə, ciddi olmadıqları gün kimi aydın olanlardan  ciddilik gözləmək doğru deyil. Onlar başa düşmürlər ki, sərlövhə yazının açarıdı. Sadəcə həmin açarı götürüb qapını açaraq içəri girmək lazımdı. Üstəlik onların həyata, insanlara  olan neqativ baxışları qarşılarındakı  sərlövhənin bilavasitə yazının təqdimatı olduğunu dərk etməyə imkan vermir ki, xəbərin mahiyyətinin nədən ibarət olduğunu aydınlaşdırsınlar. Onların gücü öz  tərbiyəsizliklərini nümayiş etdirməkdən ibarətdi.

Belə tərbiyəsizlərlə hər hansı bir formada mübarizə aparmağa, yaxud da maarifləndirməyə  dəyməz. Özləri yavaş-yavaş əriyib sıradan çıxacaqlar. Onlarda sona qədər getməyə hardadı güc? Onsuz da yarı yolda  yorulacaqlar...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31