Azeri Light” 100 dollar həddində: gəlirlər artacaq, manat möhkəmlənəcək?-ÖZƏL

" "Azeri Light"ın 100 dollara yaxınlaşması Azərbaycan üçün əlbəttə ki, müsbət amildir. 2026-cı il dövlət büdcəsi orta hesabla 65 dollarlıq neft qiyməti üzərində qurulub və hazırkı qiymət bu göstəricidən xeyli yüksəkdir.
Neftin yüksək qiyməti ilk növbədə ölkəyə daxil olan valyutanı artırır. Bu, həm Dövlət Neft Fondunun gəlirlərinə, həm də ümumi tədiyə balansına müsbət təsir göstərə bilər. Neft Fondunda artıq kifayət qədər böyük valyuta ehtiyatının olması da xarici şoklara qarşı əlavə maliyyə buferi yaradır. Fondun aktivləri 2026-cı ilin əvvəlində 73,5 milyard dollar, iyunun sonunda isə 72,6 milyard dollar olub".

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı  Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:

" Büdcə baxımından da yüksək neft qiyməti gəlirlərin proqnozdan üstün formalaşması üçün imkan yaradır. Amma burada bir məqamı nəzərə almaq lazımdır: neftin 100 dollara çatması o demək deyil ki, büdcəyə hər barrel üzrə əlavə 35 dolların hamısı birbaşa daxil olur. Çünki hasilat həcmi, ixracın strukturu, neftin maya dəyəri, Dövlət Neft Fondunun transfertləri və digər fiskal mexanizmlər də nəzərə alınır. Məsələn, parlamentdə səsləndirilən hesablamaya görə, orta illik neft qiymətinin 10 dollar dəyişməsi dövlət büdcəsinə təxminən 250-300 milyon manat təsir göstərə bilər.
Manat baxımından isə yüksək neft qiyməti ümumilikdə dəstəkləyici amildir. Ölkəyə daha çox dollar daxil olduqda valyuta təklifi artır və manatın məzənnəsinin sabit saxlanılması üçün Mərkəzi Bankın imkanları genişlənir. Lakin bu, manatın mütləq bahalaşacağı anlamına gəlmir. Azərbaycanda məzənnə siyasəti və dövlətin valyuta bazarındakı rolu da mühüm amildir.
Əsas məsələ neftin 100 dollar olmasından daha çox, bu qiymətin nə qədər davam edəcəyidir. Bir neçə ay yüksək qiymət Neft Fondunun gəlirlərini artıraraq ehtiyatların möhkəmlənməsinə və büdcənin icrasına rahatlıq verə bilər. Lakin qiymət uzun müddət yüksək qalarsa, əsas risk artıq gəlirlərin sürətlə artması yox, xərclərin də buna uyğun genişləndirilməsi ola bilər. Belə vəziyyətdə neft gəlirlərindən asılılıq yenidən güclənə bilər.
Digər tərəfdən, neftin yüksək qiymətinin əsas səbəbi geosiyasi gərginlik və xüsusilə Hörmüz boğazında təhlükəsizlik riskləridirsə, burada paradoks yaranır: Azərbaycan yüksək neft qiymətindən maliyyə baxımından qazanır, amma eyni geosiyasi böhran region üçün ciddi təhlükələr yaradır. Ona görə də 100 dollarlıq neftə arxayın olub xərcləri artırmaqdan daha düzgün yanaşma əlavə gəlirləri ehtiyatların artırılmasına, qeyri-neft sektoruna və uzunmüddətli iqtisadi dayanıqlığa yönəltməkdir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31