Rütbə səlahiyyət verir, insanlıq hörmət qazandırır
10:36 SosialBilman İSAQ
Polisin şərəfi-forması, insanlığın şərəfi adı var!
Bəzən insanın yaddaşında böyük hadisələr deyil, kiçik görünən, amma dərin məna daşıyan bir davranış iz qoyur. Bir xoş söz, səmimi münasibət, diqqətlə dinlənilən müraciət, insana göstərilən hörmət... Əslində, insanlıq və peşəkarlıq məhz belə məqamlarda üzə çıxır.
Bu gün Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində yaşadığım bir hadisə Azərbaycan polisinə, onun sıralarında xidmət edən vətənpərvər, vicdanlı və xalqına bağlı əməkdaşlara olan hörmətimi bir daha artırdı.
Burada tanış olduğum polis leytenantı, əməliyyat müvəkkili Rövşən Quliyev Heydər oğlu öz davranışı, insanlara münasibəti və xüsusilə müharibə veteranına göstərdiyi ehtiramla məndə çox xoş təəssürat yaratdı.
2015-ci ildən Azərbaycan vətəndaşlarının təhlükəsizliyi və asayişin qorunması naminə xidmət edən Rövşən Quliyev gənc olmasına baxmayaraq, öz peşəsinə məsuliyyətlə yanaşan, insanlarla ünsiyyətdə yüksək mədəniyyət nümayiş etdirən əməkdaş təsiri bağışlayır.
Əslən Qərbi Azərbaycanın Göyçə mahalından olan bu gənc polis əməkdaşının vətənpərvərliyi, milli-mənəvi dəyərlərə bağlılığı və insanlara münasibəti xüsusi qeyd olunmalıdır. Onun mənim müharibə veteranı olduğumu biləndən sonra göstərdiyi diqqət və hörmət isə, sözün həqiqi mənasında, təqdirəlayiq idi.
Mənim üçün burada əsas məsələ kiməsə göstərilən xüsusi diqqət deyil. Əsas məsələ insanın qarşısındakına hansı statusda olmasından asılı olmayaraq, hörmətlə yanaşmasıdır. Müharibə veteranına ehtiram isə bu xalqın qəhrəmanlıq tarixinə, Vətən uğrunda sağlamlığını itirən insanların fədakarlığına ehtiramın ifadəsidir.
Məni daha çox təsirləndirən məqamlardan biri də onunla söhbət etdiyim müddətdə baş verdi. Bir-birinin ardınca bir neçə vətəndaş ona yaxınlaşdı. Hər birinin müraciətini diqqətlə dinlədi, sözlərini kəsmədən fikirlərini öyrəndi, qanunun tələblərini aydın və anlaşıqlı şəkildə izah etdi. Heç kimə yuxarıdan aşağı baxmadı, heç kimin müraciətini əhəmiyyətsiz hesab etmədi. Hər kəslə nəzakətlə danışdı, onları qanunun imkanları və tələbləri barədə məlumatlandıraraq yola saldı.
Bax, əsl polis mədəniyyəti budur!
Bu məqamda 14-cü Polis Bölməsinin digər əməkdaşı, əməliyyat müvəkkili Əliyev Biləndər İslamoğlunun da adını xüsusi qeyd etmək istəyirəm. Çünki polis kollektivində hər bir əməkdaşın üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməsi, vətəndaşlarla düzgün münasibət qurması ümumi xidmətin keyfiyyətinə təsir göstərir. Belə əməkdaşların fəaliyyəti, peşə məsuliyyəti və gündəlik xidmətləri diqqətdən kənarda qalmamalıdır.
Əlbəttə, polis əməkdaşının işi heç də asan deyil. Onlar hər gün müxtəlif xarakterli insanlarla, mürəkkəb hadisələrlə, bəzən də ağır problemlərlə üzləşirlər. Belə şəraitdə səbirli olmaq, qanunun tələblərindən kənara çıxmamaq, eyni zamanda insanlara anlayışla yanaşmaq böyük peşəkarlıq tələb edir.
Bu baxımdan 14-cü Polis Bölməsinin rəisi, polis mayoru Süleyman Abbasovun rəhbərlik etdiyi kollektivin fəaliyyətini də xüsusi vurğulamaq istərdim.
Hər bir kollektivin uğurunda rəhbərin təşkilatçılıq qabiliyyəti, tələbkarlığı, şəxsi nümunəsi və əməkdaşlarla apardığı iş mühüm rol oynayır. Rəhbərin əsas vəzifəsi yalnız tapşırıqlar vermək deyil, həm də kollektivdə intizam, məsuliyyət, qarşılıqlı hörmət və xidmət mədəniyyəti formalaşdırmaqdır.
Bu gün 14-cü Polis Bölməsində müşahidə etdiyim münasibət məndə belə bir qənaət yaratdı ki, polis mayoru Süleyman Abbasov rəhbərlik etdiyi kollektivdə vətəndaşla düzgün davranışa, peşəkarlığa və xidmət məsuliyyətinə xüsusi önəm verir. Rövşən Quliyev və Əliyev Biləndər İslamoğlu kimi əməkdaşların xidmət göstərdiyi kollektivin fəaliyyətində bu keyfiyyətlərin qorunması təqdirəlayiqdir.
Rəhbərin uğuru yalnız görülən əməliyyat tədbirləri, açılan cinayətlər və statistik göstəricilərlə ölçülmür. Onun uğuru həm də tabeliyində çalışan əməkdaşların vətəndaşa münasibətində, kollektivdə formalaşdırdığı mənəvi mühitdə özünü göstərir.
Unutmayaq ki, polis vətəndaşla dövlət arasında mühüm ünsiyyət körpüsüdür. İnsan polis bölməsinə gələndə bəzən narahat, bəzən çarəsiz, bəzən də hansısa problemin həllinə ümidli olur. Belə məqamda polis əməkdaşının bir xoş sözü, səbirli dinləməsi və düzgün istiqamət verməsi vətəndaşın dövlətə, qanuna və hüquq-mühafizə orqanlarına münasibətinə ciddi təsir göstərir.
Polisin gücü yalnız onun səlahiyyətində, geyindiyi formada və daşıdığı rütbədə deyil. Əsl güc qanuna sədaqətdə, ədalətli davranışda, vətəndaşın hüquqlarına hörmətdə və insanlıq keyfiyyətlərini qorumaqdadır.
Mən bir vətəndaş və müharibə veteranı kimi bu gün qarşılaşdığım münasibətə görə polis leytenantı, əməliyyat müvəkkili Rövşən Quliyev Heydər oğluna təşəkkürümü bildirirəm. Eyni zamanda, əməliyyat müvəkkili Əliyev Biləndər İslamoğluna və 14-cü Polis Bölməsinin rəisi, polis mayoru Süleyman Abbasova minnətdarlığımı çatdırıram.
İstərdim ki, belə əməkdaşların nümunəvi xidmətləri diqqətdən kənarda qalmasın. Çünki yaxşı işi görmək qədər, onu qiymətləndirmək və ictimaiyyətə çatdırmaq da vacibdir.
Azərbaycan polisi xalqın təhlükəsizliyinin, dövlətçiliyimizin və qanunun keşiyində dayanır. Bu şərəfli missiyanı ləyaqətlə yerinə yetirən hər bir polis əməkdaşı cəmiyyətin hörmətinə layiqdir.
Rütbə insana səlahiyyət verir, insanlıq isə hörmət qazandırır. Polis formasının şərəfi də onu daşıyan insanın davranışı ilə ölçülür.
Belə polislərimiz çox olsun!