Dərin tarixi köklərə söykənən Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun inkişaf edir - YUNUS OĞUZ
11:27 SiyasətYunus Oğuz
Dərin tarixi köklərə söykənən Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun inkişaf edir
Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra dünya ölkələri ilə ikitərəfli, bərabərhüquqlu əməkdaşlıq xəttini prioritet olaraq müəyyən edib. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan bu gün bölgənin aparıcı dövlətinə və əsas söz sahibinə çevrilib. Ölkəmiz bir çox sahələrdə etibarlı tərəfdaş kimi qəbul edilir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb və bölgənin aparıcı aktoruna çevrilib. Azərbaycanın bölgədə sülhün bərpası prosesində irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergücləri və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin reallaşdırdığı irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət göstərən həyati əhəmiyyətli faktora çevrilib. Məhz bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir.
Bu konteksdə Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişlənməsinə xüsusi diqqət yetirilir. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana gözlənilən dövlət səfəri də məhz bu məqsədə xidmət edir. Faktiki olaraq son illərdə Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətli inkişaf yolu tutan Özbəkistan ilə Azərbaycan arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq bir sira sahələrdə özünü büruzə verir. Bu inkişaf tendensiyası həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, daha dəqiq Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təsisatlar çərçivəsində intensiv şəkildə davam edir. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində qeyd edib ki, "Azərbaycanın və Özbəkistanın TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir".
Xatırladaq ki, iki ölkə arasında diplomatik əlaqələr hələ 1995-ci ildən qurulub. 1996-cı ilin avqustunda Azərbaycanın Daşkənddə, 1998-ci ilin iyulunda isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Bu diplomatik platformada indiyədək yüzlərlə ikitərəfli sənəd imzalanaraq hüquqi bazanın təməli möhkəmləndirilib. Sənədlər arasında 2022-ci ildə imzalanmış "Strateji tərəfdaşlığın dərinləşdirilməsi" sənədi xüsusilə seçilir.
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev arasında şəxsi dostluq və qarşılıqlı inam əməkdaşlığın dərinləşməsinin əsas dayaq nöqtəsidir. Dövlət başçılarının səyləri nəticəsində Azərbaycan-Özbəkistan əlaqələri regional və beynəlxalq əhəmiyyətli strateji əməkdaşlıq modelinə çevrilib. Qeyd edim ki, bu model Qarabağ Zəfərindən sonra özünü daha qabarıq şəkildə büruzə verməyə başladı. Belə ki, 2020-ci ilin sonunda Şavkat Mirziyoyev Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə dövlət başçımızı ilk təbrik edən liderlərdən oldu. Ardınca Özbəkistan tərəfindən Füzuli şəhərində məktəb tikintisi təşəbbüsü irəli sürüldü və 2023-cü il avqustun 23-də bu layihə icra olunaraq istifadəyə verildi. Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb bu gün iki qardaş ölkə arasında sarsılmaz birliyin nümunəsinə çevrilib.
İki qardaş xalq arasında əsası hələ sovet dönəmində qoyulmuş mədəni əlaqələr bu gün də genişlənməkdədir. Mədəni və humanitar sahədə əlaqələr davamlı şəkildə inkişaf etdirilir. Hər iki ölkədə qarşılıqlı diaspor fəaliyyətləri, təhsil mübadiləsi, birgə sərgilər və teatr tamaşaları təşkil olunur. 2023-cü ildə Səmərqənddə açılmış Azərbaycan Mədəniyyət Mərkəzi və Bakıda yaradılan Özbəkistan Mədəniyyət Evi xalqlar arasında bağları daha da möhkəmləndirir.
Hazırda iki ölkə arasında iqtisadi əlaqələr müsbət dinamika ilə inkişaf edir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində qeyd olunan vacib məqamlardan biri də iki ölkə arasındakı ticarət dövriyyəsində artım dinamikası ilə bağlıdır. Xatırladaq ki, 2025-ci ildə Azərbaycan ilə Özbəkistan arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 3.2 dəfə artaraq 795 milyon dollara çatıb. Ötən il Özbəkistan ilə Azərbaycanın idxalı 719 milyon, ixracı isə 76 milyon dollar olub. Bu o deməkdir ki, Özbəkistan Azərbaycan ilə ticarətdə 643 milyon dollarlıq müsbət saldoya malikdir. Onu da qeyd edək ki, bu gün 70 minə yaxın azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq isə Orta Dəhliz - Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzərində qurulub. Ölkəmiz bu dəhlizin əsas tranzit mərkəzidir. Ötən il Qazaxıstan-Özbəkistan-Azərbaycan üçtərəfli əməkdaşlığı çərçivəsində yükdaşımaların həcminin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi və multimodal daşımaların təşkili barədə razılıq əldə olunub. Həmçinin, "yaşıl enerji" və elektrik enerjisi ötürücü xətləri üzrə əməkdaşlıq üçün üçtərəfli memorandum imzalanıb.
Dövlət başçısı sözügedən müsahubədə qeyd edib ki, "İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb". Bu isə o deməkdir ki, Azərbaycanla Özbəkistan arasında əlaqələrin dərin tarixi kökləri var və bu müttəfiqliyin arxasında hər iki xalqın iradəsi, bir-birinə olan sevgisi dayanır. Məhz bunun nəticısidir ki, bu gün eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf edir.